Aqil ABBAS: 2,6 MİLYARD AVRO ERMƏNİSTANIN İLLİK BÜDCƏSİNDƏN ÇOXDUR

AQİL ABBAS
42910 | 2021-08-04 13:06

Avropa İttifaqı təcavüzkar  Ermənistana 2,6 milyard avro bağışlayacaq. Bu, Ermənistanın illik  büdcəsindən  çoxdur.

Ermənistan Silahlı Qüvvələri tərəfindən (təbii ki, ATƏT-in həmsədr dövlətlərinin də köməyini  ayrıca qeyd etmək lazımdır) şəhər və kəndləri darmadağın olan, hətta xəritədən  silinən Azərbaycan, mədəni-tarixi  abidələri, məscid və məbədləri dağıdılan  Azərbaycan, maddi sərvətləri  30 il yağmalanan  Azərbaycan, 20 mindən çox şəhid verən  Azərbaycan, 1 milyon  qaçqını olan  Azərbaycan, amma Avropa İttifaqı  yardımı Ermənistana verir.

Bizim də imkanımız vardı ki, ermənilərin  yaşadığı şəhər və kəndləri bombalayaq, amma biz insanlıq göstərdik, dinc əhali  yaşayan heç bir yerə  bomba atmadıq. Amma Ermənistanın  Silahlı Qüvvələri bizim dinc əhali  yaşayan şəhər və kəndləri hətta ballistik  raketlərlə vurdular. Təkcə onu demək  kifayətdir ki, Tərtər şəhərinə  on mindən çox mərmi  düşüb. Ümumiyyətlə, 30 il ərzində Ermənistan  Azərbaycana yüz milyardlarla dollar (hesablamalara görə,  təxminən  600 milyard dollar)  zərər vurub.

Amma  Avropa İttifaqı yardımı Ermənistana  verir.

Budur dünyanın  «ədaləti»! Budur  Avropa dövlətlərinin iki yox ey, çoxüzlülüyü!

Deyirlər Əzrayıl bala  paylayır, bir nəfər də qayıdır ki, mənim balama dəyməsin, onun balası mənə lazım deyil.

Bizim heç kəsin  pulunda  gözümüz yoxdur, heç kimdən  yardım gözləmirik və istəmirik. Bu  30 ildə necə dik  durduqsa, yenə yüz illər də dik duracağıq.

70 il Sovet hökuməti sordu Azərbaycanı, müstəqilliyimizi bərpa edəndə büdcəmizdə heç  2 milyon  dollar da yox idi. Ulu Öndər Heydər  Əliyev  sıfırdan qurdu bu dövləti. Azərbaycanı  regionun  ən inkişaf etmiş  ölkəsinə çevirdi. Heydər Əliyevin  siyasi varisi Möhtərəm Prezident  İlham Əliyev isə  Azərbaycanı  dünyada  söz sahibi elədi və  30 illik  işğala  44 gündə son qoydu.

Belə-belə işlər, Avropa İttifaqı. Vaqif Bayatlı Odər  demiş, türk min illərin  gün işığıdı, nə qədər basdırsan, yenə torpağın üstündə qalar.

Biz gün işığıyıq.

Yəqin ki, 2,6 milyard avronu da Amerika, Rusiya  və Fransa işlənib işdən çıxmış, yararsız silah-sursatlarını   ermənilərə sırımaqla tutub əllərindən alacaq.

TƏQVİM / ARXİV