adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Iyun 2021 21:14
20555
ANALİZ
A- A+

Ermənistanın mina xəritələrini Azərbaycana verməsi prioritetdir - Avropa Şurasının Baş katibi

“Azərbaycanla Ermənistan arasında 15 erməninin mina xəritələri müqabilində dəyişdirilməsini yüksək qiymətləndiririk”...

Adalet.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sualına cavabında deyib.

“Münaqişə bölgəsindən olan bir şəxs kimi deyə bilərəm ki, minaların fəsadları 50 il, bəzən daha uzun davam edir, uşaqların, günahsız insanların həyatına son qoyur.

Əlbəttə, saxlanılan şəxslərin taleyi hər kəs üçün narahatlıq doğurur. Amma biz mina xəritələrini də unutmamalıyıq. Bu xəritələrin verilməsi və minaların təmizlənməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək. Buna görə də mən tərəflər arasında həyata keçirilmiş bu razılaşmanı dəstəkləyirəm və gələcəkdə də bu cür razılaşmaların olacağına ümid edirəm”, - o qeyd edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Baş katibə sualla müraciət edərək soruşub:

“2020-ci il noyabr 10-da Azərbaycan və Rusiya Prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə son qoyaraq, bölgəmizdə davamlı sülh üçün nadir fürsət oldu.

İndi hər iki ölkənin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmamazlığı prinsiplərinə qarşılıqlı hörmət əsasında beynəlxalq aktorların Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və etimadın qurulmasına dəstək verməsi vacibdir. Bu baxımdan, Avropa Şurasının iki üzv dövlət arasında barışığın təşviqi üçün hansı addımlar atacağını bilmək istərdim”.

 

Digər Xəbərlər