adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 May 2021 09:55
50392
MƏDƏNİYYƏT
A- A+

  71-ə 11 gün qalmış: Tanınmış gülüş ustasının ad günü...

Bu gün ömrünü, həyatını sənətə bağlayan, deməli, həm də xalqına həsr edən Azərbaycanın məşhur gülüş ustası, respublikanın Xalq artisti, sevimli aktyorumuz Arif Quliyevin doğum günüdür.

 

Adalet.az xəbər verir ki, sevimli aktyor 1950-ci il mayın 16-da Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub. O mətbuata açıqlamasında yaradıcılığına necə başladığıni bu sözlərlə bildirmişdi: Mən ilk dəfə 1968-ci ildə Mədəni-Maarif Texnikumunun (əvvəllər Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumu idi) mədəni-maarif şöbəsinin aktyor və rejissor fakültəsini bitirmişəm. Həmin ildə üç yerdə dövlət teatrı fəaliyyətə başladı. Sumqayıt, Mingəçevir və Ağdamda. Eyni ildə, həmçinin R.Behbudov adına Dövlət Mahnı Teatrı da fəaliyyətə başladı. Çox fikirləşdim ki, görəsən, hansı teatrda işləsəm daha yaxşı olar. Sonra qərara gəldim ki, o dövrdə gənclik şəhəri kimi tanınan Mingəçevirə üz tutum. Təyinatla gəldim bura və aktyor ştatına qəbul oldum. Birinci əmrlə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, gözəl aktyor Mirbaba Xəlilov, ruhu şad olsun. Deyim ki, ilk səhnəyə gəlişim, pərvazlanmağım bu teatrla bağlıdı. Hansı ki, məni tamaşaçılar ilk dəfə məhz bu teatrda salamlayıblar, onların alqışlarını ilk dəfə bu səhnədə eşitmişəm. 73-cü ildə əsgəri xidmətdən qayıdandan sonra sənədlərimi İncəsənət İnstitutuna təqdim etdim və Musiqili komediya aktyorluğu fakültəsinə daxil oldum. Onu da qeyd edim ki, həmin institutda mən 3 dəfə - 1968, 1969, 1970-ci illərdə imtahan vermişəm, qəbul ola bilməmişəm. 1975-ci ildə maddi vəziyyətim ağır olduğundan Tibb İşçiləri Mədəniyyət Evində gözətçi kimi işləməyə başladım. Yaşamağa yerim olmadığından elə orda da qalırdım. 75-ci ildə Musiqili komediya fakültəsinin üçüncü kursunda idim. "İmtahan" tamaşasını göstərirdik, bizə tamaşa etməyə gəldilər, Xalq artisti, Əməkdar incəsənət xadimi Şəmsi Bədəlbəyli, Xalq artisti Nəsibə Zeynalova və Səyavuş Aslan. Onlar kursun tamaşasına baxdılar. Mən də "Gözün aydın" tamaşasında Səlyanski obrazını oynayırdım. Gəlmişdilər aktyorları seçməyə. Mənim çıxışımı gördülər səhnədə, Musiqili Komediya Teatrının yardımçı heyətinə işə götürdülər. Onlar hiss edirdilər ki, mənim xəmirim bu sənətlə yoğrulub”.

Arif Quliyevin “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalıb.

Müxtəlif film və tamaşalarda yaddaqalan obrazlar  yaradan aktyor 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə əməkdar artist fəxri adına, 1993-cü ildə xalq artisti adına və "Humay" mükafatına, teatrdakı qazandığı uğurlara görə, 2006-cı ildə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014 -cü ildə sənətkar medalına layiq görülüb. Prezident təqaüdçüsü olub.


Arif Quliyev 7 may 2021-ci ildə 71 yaşına 11 gün qalmış koronavirus xəstəliyindən vəfat edib.

Qeyd edək ki, aktyor ailəli idi, üç övladı vardı.

 

Əntiqə Rəşid