adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2021 15:22
24240
GÜNDƏM
A- A+

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - FOTO

Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin Məlumatına görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov çıxış edib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbri­kini şəxsi heyətə çatdırıb.

Bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərinin etibarlı mühafizəsi üzrə qarşıya qoyulmuş tapşırıqların uğurlu icrası üçün böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Üçrəngli bayrağımızın dalğalandığı, işğaldan azad olunmuş sərhədlərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün qürur mənbəyi olması vurğulanıb.

Sonra tədbir iştirakçıları hərbi hissənin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, ikimərtəbəli binada yerləşən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və digər texniki vasitə­lərə baxış keçiriblər. Hərbi hissəyə su və elektrik xətləri çəkilib, həmçinin fasiləsiz elektrik enerjisi təminatı üçün ehtiyat generator qurğusu yerləşdirilib, istilik təchizatı üçün qazanxana tikilib. Hərbi hissənin ərazidaxili yoluna asfalt salınıb.  

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.