Xüsusi Təyinatlı MAXE İSMAYIL MƏMMƏDOV - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
60493 | 2021-02-24 16:19

Qələbəyə gedən yol hamar deyil, əlbəttə, iki dağ arasında uzanan yoldur, cəngəllikdən salınan cığır kimidir və burada geriyə bir addım belə atmamaq üçün gərək üstündən adladığın körpüləri yandırasan. 44 günlük Vətən müharibəsinin labüdlüyünü biləndə döyüşlərə yalnız qələbə üçün başladı biizm Milli Ordumuz, hərbi qulluqçularımız də eynən belə etdilər-geriyə bir addım atmaq üçün yol qoymadılar özlərinə. İrəli və yalnız irəli... Minlərlə can bahasına qazanılan qələbəni şərtləndirən bir səbəb də elə bu idi...

Məmmədov İsmayıl Fərhad oğlu 10 mart 1992-ci ildə Cəngən kəndində dünyaya gəlib. Bu kənddə keçib uşaqlığı da, elə ilkin gənclik illəri də. Ailədə dörd uşaqdan biri olsa da, hamıdan fərqli xüsusiyyətləri olub, həmişə ən zəif olanın, özünü müdafiəyə gücü yetməyən insanların tərəfində dayanıb. 1998-ci ildə A.Məmmədov adına Cəngən kənd tam orta məktəbinin birinci sinfinə getmiş və 2009-cu ildə bitirmişdir. Orta məktəbdə oxuduğu müddətdə Şirvan şəhər Peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdir. 2010-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış və Tərtər rayonundakı “N” saylı hərbi hissədə, sərhəd zonasında snayperçi kimi xidmət etmişdir. İsmayıl Məmmədov özünün nümunəvi davranışı, xidməti ilə seçilmiş və daim el-obasına xoş sorağı gəlmişdir. Valideynləri də eşidib qürurlanmışlar.

2011-ci ilin oktyabr ayında ordudan tərxis olunaraq ailəsinin yanına qayıtmış və bundan sonra Bakı şəhərində əsasən usta kimi müxtəlif işlərdə çalışmışdır. 2018-ci ildə ürəkdən sevib bağlandığı Səbinə xanımla ailə həyatı qurmuşdur. Hərbi xidmətdən döndüyü vaxtdan nə edir etsin, hansı işi görür görsün arzusu Orduda xidmət etmək olan İsmayıl nəhayət qəti qərarını verir. İsətəyini anasına bildirir və ondan xeyir-dua alaraq Lənkəran “N” saylı hərbi hissədə, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin GÜRZƏ bölüyündə MAXE kimi işə başlayır. Yüksək fiziki və psixoloji hazırlığa malik olan İsmayıl Məmmədov bacarıqlı kəşfiyyatçı-snayper idi...

Azərbaycan xalqının başına gətirilən müsibətlər, 20 Yanvar qırğını, Qarabağdan -günahsız insanların əsrlərlə yaşadığı doğma torpaqlarından zorla qovulub çıxarılması, bu zaman hər cür vəhşilik törətməkdən çəkinməyən ermənilərin əməllərindən xəbərdar olan İsmayıl Məmmədovun da ürəyinə intiqam hissi hakim idi. Son vaxtlar düşmənlərin cəbhə yanı bölgələrdə daha da həyasızlaşması əslində atəşkəs rejiminin birtərəfli yerinə yetirildiyini açıq-aydın göstərirdi. Dinc əhalini hədəf götürən düşmən sanki xalqımızın səbrini yoxlayırdı. 2020-ci ilin 27 sentyabr günü Ali Baş Komandandan gələn sərt qərar hamının ürəyincə oldu. Artıq çoxdan “ya qələbə, ya ölüm” deyən qəhrəman Ordumuzun əsgərləri işğalçı düşmənin dərsini vermək üçün bir əmrlə ayağa qalxdı...

Son illərdə Dövlət Başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ordunun maddi-texniki bazası yüksəlmiş, silah-sursat arsenalı müasirləşdirilmiş, döyüş bacarıqlarının artırılması istiqamətində nəhəng işlər görülmüşdü. Döyüşlərdə Xüsui Təyinatlı Qoşunların hərbi qulluqçularının göstərdiyi igidlik, qəhrəmanlıq Azərbaycan Ordusunun hərbi potünsialının, yüksək peşəkarlıq və döyüş hazırlığının göstəricisi idi. Müharibə başlayan gündən MAXE İsamyıl Məmmədov da xidmət etdiyi hərbi hissədən döyüşlərə qatılmış, onun döyüş yolu Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut, Xocavənd və Şuşadan keçmişdi. Şuşa uğrundakı döyüş tapşırığı isə komandanlıq üçün xüsusi əhəmiyyətə malik idi. Bu inidiyədək olan döyüşlərdən çox fərqlənəcəkdi... Şuşanın giriş və çıxışını özü bildiyi kimi möhkəmdəlndirən düşmənin Xüsusi Təyinatlı Qoşunların hərbi qulluqçularının o yüksəkliyə necə, hansı yollarla qalxa biləcəyi ağılına gəlməzdi!...

Ordumuzun xüsusi təyinatlı əsgərləri Şuşaya gecə hava qaralandan sonra, dağ yolları ilə, sıldırml qayalıqlarla, dırmaşır, əllərini daşdan, kəsəkdən tuta-tuta qalxırdı. Heç özləri ilə ağır silahlar da götürməmişdilər, bıçaq, qumbara və s. Bu döyüşdə onlar öz fiziki gücünə, öyrəndikləri fənd və xüsusi bacarıqlara güvənirdilər. Bu döyüş əsasən əlbəyaxa döyüş olacaqdı, səssiz, küysüz yerinə yetiriləcəkdi verilən tapşırıq... XTQ əsgərləri ermənilərin kabusuna çevriləcəkdi, gözləmədiyi anda başı üzərini alacaqdı. Şuşaya qədər olan döyüşlərdə gördüklərini düşmənlərin özü də belə etiraf edirdi: “onlar sanki ölüm mələyi idilər, 3-4 nəfərlə gəlib səngərdəki 20-30 erməni əsgərini öldürərək gəldikləri kimi də yoxa çıxırdılar... Biz onları gecələr ova çıxan ac canavaraa bənzədirdik, lap hərdən elə bilirdik heç onlar insan deyil, robot ya da zombidirlər, ölümsüz bir canlı idilər, vururduq yıxılırdılar, amma yerdə bir az eşələnib yenidən qalxıb üstümüzə gəlirdilər...” Şuşa döyüşləri isə bundan daha mükəmməl olacaqdı!

Səsi gəlir qulağıma Şuşanın,

Könlü qırıq, qəlbi yara Şuşanın.

Damarında qaynar qanı coşanım,

Yürü Ordum, yürü Qurdum, Şuşaya!..

Elə XTQ-ın döyüşçüləri Şuşaya gecə ilə canavar sürüyə girdiyi kimi hücum etdi, ermənilərin başı üstünü qəfil alaraq dişləri, dırnaqları ilə döyüşdülər, sağ qalan düşmən əsgərləri dabanlarına tüpürüb qaçmağa üstünlük verdi, çünki əks halda ölüm labüd idi... Belə idi bizim igid Azərbaycan əsgəri, özü də, işi də əfsanələləşən, nağıllaşan, dastanlara dönən qəhrəman oğullarımız...

İsmayıl Məmmədov Şuşaya qalxarkən yaralansa da geri çəkilməmiş, ona ilk tibbi yardım göstərilmiş və döyüşü davam etdirmişdir. İsmayıl da, döyüş dostları da bu günü çox gözləmişdilər, indi insaf idimi bir güllə yarası arzularının ipini kəsə?!... İsmayıl elə yaralı halda Şuşaya qalxmağı bacardı, Şuşada da döyüşdü, lap əlbəyaxa döyüşlərdə neçə erməni əsgərinin ölüm mələyinə də çevrildi, amma özü də 6 noyabr 2020-ci ildə Şuşada da şəhidliyin zirvəsinə ucaldı... O, 11 noyabr 2020-ci ildə Cəngən kənd qəbristanlığında dəfn edilmişdir. Vətən bir boy da ucaldı, genişləndi...

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan MAXE İsmayıl Fərhad oğlu Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulininn azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

İsmayılın iki övladı var, həyat yoldaşı Səbinə xanım: “ Mən, onun yüksək insani keyfiyyətlərindən danışdıqca yorulmaram..”, valideynləri Gülzar xanım və Fərhad kişi övladı ilə qürur duyduğunu bildirir, “Oğul elə Vətən üçündür, bu qələbəni belə oğulların sayəsində qazanmışıq. Vətən sağ olsun!” deyirlər. Qardaşı Hikmətlə dost, sirdaş olan İsmayıl, döyüş tapşırıqları barəsində ona heç bir söz deməzdi, hərbi sirr kimi saxlayardı. O da: “Qardaşim bizim başımızı uca elədi, Vətən sağ olsun!”-deyir.

Bu ailənin bir üzvü olan Cəfərov Abbasağa Teymur oğlu isə qazidir, Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə yaralanmış və hazırda qospitalda müalicəsi davam edir.

Mən İsmayıl Məmmədovun ailəsindən yalnız xoş təəssüratla ayrıldım, əmin oldum ki, nə qədər Azərbaycanın İsmayıl kimi mərd, vətənpərvər oğulları var, yurdumuz yadlara məskən ola bilməz!..

 

TƏQVİM / ARXİV