Cinayətkarın “sarı dana” hüznü, “İsgəndər” etirafı... - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
144553 | 2021-02-18 13:03

Bizim kənddə kasıb kişi varmış. Bunlarında bir sarı danası varmış ki, buda o ailənin yeganə var-dövləti imiş. Günlərin bir günü sarı dana itir. Evin kişisi əlinə alır bir ağacı düşür çöllərin canına, dananı axtarmağa. Arabirdə Allaha yalvarırmış ki, gedəm görəm filan qoruqda otlayır, gedəm görəm ki, filan dərədə yeyib-doyub yatıb, gedəm görəm ki, filan bağa girib, oranı talayır.

Amma getdiyi yerlərdə sarı dananı tapa bilmir. Gəlir Xaçın çayının yaxınlığına görür ki, sarı dananı canavarlar-çaqqallar parça-parça edib. Kişi yerdə qalan qırın-qırtıq, sür-sümüyü yığıb bir kisəyə ki, aparsın, heç olmasa itinə atsın. Əlqərəz, kişi kisə arxasında yola düzəlir, amma yenə də başlayır: Ay Allah sənə qurban olum, elə elə, gedəm görəm ki, sarı dana qapıdadı.

Bilir eee, dana əldən gedib, amma yenə də gerçəklə barışa bilmir. Lap Serj Sarksyan kimi…

Serj Sarkisyanın hüznlü etirafı

Ermənistanın üçüncü prezidenti S. Sarkisyan “Armnews”a müsahibəsində bildirib ki, erməni tərəfinin müharibə vaxtı “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə fikirlərlə razılaşmır:“ Məndə dəqiq informasiya var ki, müharibənin son mərhələsində konkret Şuşa istiqamətində “İsgəndər”dən istifadə olunub”.

O, raketlərin Azərbaycan Ordusu tərəfindən Şuşanın azad edilməsindən sonra şəhərə atıldığını bildirib: “Zərbələr endirilsəydi, yəqin ki, qarşı tərəfdən cavab atəşləri olacaqdı. Güman ki, bunun qorxusundan zərbələr endirilməyib. Lakin “İsgəndər”dən artıq müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi”.

Hətta S. Sarkisyan sətiraltı baş naziri hədəf alaraq qınayıcı fikirlər də söyləyib. Raket və artilleriya zərbələrinin məqsədli şəkildə endirildiyini, mülki əhalinin hədəfə alındığını etiraf edib: “Xatırlayırsınız, bir nəfər lovğalanaraq, Kirovabadda (Gəncə) aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox...

”İsgəndər” OTRK-dan istifadənin zəruriliyini bir daha vurğulayan S. Sarkisyanın sözlərinə görə, ilk növbədə, neft və qaz kəmərlərinə zərbələr endirilməliydi” .

Eks prezident sonuncu fikirləri eynən bizim həmkəndlimiz olan danası itmiş o kişi kimi kədərlə qeyd edib.

 

Terrorçu Ermənistan hakimiyyəti və ordusunun son aqibəti

 

Yeri gəlmişkən, 1990-cı ildən bu günə qədər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı etdiyi cinayət əməlləri təkzibedilməz faktlarla dünya dövlətlərinin mediasında da işıqlandırılıb. Serj Sarkisyanın indi durub cinayətlərini etiraf etməsi və yaxud etməməsi önəmli deyil. Əsası odur ki, 30 ildir özünü “qəhrəman” kimi yerə-göyə sığdırmayan ermənilərin “müzəffər ” ordusunu Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində darmadağın etdi.

Amma ötənləri unutmadıq: 1990-ci ilin bu günü ermənilərin növbəti terrorunun ildonumudur. Düz 31 il əvvəl ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda günahsız insan həlak olub.

Yaşasın Azərbaycan Ordusu və Xalqı!

 

 

 

TƏQVİM / ARXİV