adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Yanvar 2021 14:53
49143
MARAQLI
A- A+

Günün ən uzun lətifəsi

ÖZÜMÜZÜ YAXŞI APARSAQ HOVUZA SU DA BURAXACAQLAR 

Molla Nəsrəddin gedirmiş, qarşısına üz-gözündən yorğunluq tökülən bir tanışı çıxır. Molla soruşur ki, niyə belə əzginsən, nolub?

- Molla, birotaqlı daxmam var, iki uşaq, arvad, mən, sıxlıqdı. Gecələr də yuxum ərşə çəkilib. Bəlkə bir məsləhət verəsən?

- İnəyin var?

- Bəli.

- Mənə inanıb məsləhət istəyirsənsə, bu gündən inəyi də gecələr gətir evə.

Kişi çaşır, amma deyir ki, baş üstə.

Axşam inəyi gətirir evə. Üç-dörd gündən sonra yenə molla ilə rastlaşır. Yenə həminki vəziyyətdədi.

Deyir:

- Molla, lap qırıldıq.

- Qoyun-quzu var?

- İki-üç dənə var.

- Axşam onları da gətirib evdə saxlayarsan.

Kəsəsi. Kişi yenə mollaya qulaq asır. Aradan üç-dörd gün də keçir. Yenə molla ilə rastlaşır:

- Ay molla, belə getsə basırıqdan öləcəyik.

- Atın var?

- Hə, bir yabım var.

- Bu axşam onu da gətir evə.

Kişi yenə mollaya qulaq asır.

Aradan beş-altı gün keçir, yenə rastlaşırlar. Molla görür ki, kişi lap ağır gündədi.

- Ay molla, mən cəhənnəm ey, arvad-uşaq da qırılır.

- Get inəyi evdən çıxart.

Kişi inəyi evdən çıxarır. Üç-dörd gündən sonra yenə rastlaşır mollayla. Molla soruşur ki, vəziyyət necədi?

- Molla, bir az rahatlaşmışıq.

Molla deyir:

- Get o qoyun-quzunu da çıxart.

Kişi gedir qoyun-quzunu da çıxarır.

Üç-dörd gündən sonra yenə molla ilə rastlaşır. Molla soruşur ki, vəziyyət necədi?

- Allah səni saxlasın, bir az da rahatlaşmışıq.

Molla deyir:

- Get atı da çıxart.

Kişi gedib atı da çıxarır. Dörd-beş gündən sonra yenə rastlaşırlar. Molla görür ki, kişinin kefi göylə gedir. Soruşur ki, vəziyyət necədi?

- Allah balalarını saxlasın, molla, sən nə ağıllı adamsan? Vallah, evdə uşaqlarla qaçdı-tutdu oynayırıq.

İndi biz də həmin kişinin günündəydik. Allaha şükür, SMS-i ləğv elədilər, postları götürdülər.

Deyirlər bazar ertəsindən bərbərxanalar da işləyəcək, rayonlara gediş-gəliş də. Hələ birinci gündən kafelər, çayxanalar, restoranlar da açılacaq, təbii ki, ara məsafəsini mütləq gözləməliyik ey. Kafe, restoran, çayxana avtobus deyil ki, ağız-ağıza gedək.

Hətta deyirlər, fevralın 1-dən məktəblər, bağçalar da açılacaq. Adamın sevincdən az qala ürəyi partlasın. Yəqin metro da açılar.

Hələ özümüzü yaxşı aparsaq, hovuza su da buraxacaqlar.