adalet.az header logo
  • Bakı 7°C
16 Yanvar 2021 19:20
61919
TEXNOLOGİYA
A- A+

Azərbaycanın ən çox idxal etdiyi məhsul çeşidi açıqlandı

2020-ci ildə Azərbaycan ən çox maşın, mexanizm, elektrik aparatları və avadanlıqları idxal edib. Məhsulların ümumi idxalda payı 23,6 faiz təşkil edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən il 2 milyard 536,2 milyon dollar dəyərində bu çeşid üzrə məhsul idxal olunub. 2019-cu illə müqayisədə bu məhsulların ümumi idxal dəyəri 4,7 faiz azalıb.

2020-ci ildə Azərbaycan xaricidən 53 min 729 ədəd avtomobil idxal edib. Alınan avtomobillərin ümumi dəyəri 647,6 milyon dollar həcmində olub. Əvvəlki ilə nisbətən ölkə xaricidən avtomobil alışını 12,6 faiz və ya 6 min 19 ədəd artırıb.

Müvafiq dövr ərzində xaricidən 259 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri alınıb. Bu avtomobillərin idxal dəyəri 30,5 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə 2,1 dəfə və ya 288 ədəd az avtobus idxal edilib.

İdxal edilən avtomobillərin əksəriyyəti minik avtomobilləridir. 2020-ci ildə 49 min 692 ədəd bu tipdə avtonəqliyyat vasitələri ölkəyə ixrac edilib və onların ümumi dəyəri 542,4 milyon dollar təşkil edib. 2019-cu ilə nisbətən idxal həcmi 15,1 faiz və ya 6 min 536 ədəd çox olub. 

2019-cu ilə nisbətən yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxal həcmi 4,1 faiz və ya 154 ədəd az olub. Ötən il 3 min 625 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 55,8 milyon dollar təşkil edib.

Eləcə də, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin alış sayında da azalma var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 33 faiz və ya 75 ədəd az olub. 2020-ci il ərzində 152 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri alınıb və onların ümumi idxal dəyəri 18,9 milyon dollar olub.