adalet.az header logo
  • Bakı 7°C
16 Yanvar 2021 16:17
33117
İDMAN
A- A+

Niderlandlı jurnalistdən UEFA-ya həqiqət dərsi

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova UEFA tərəfindən verilən ağır və haqsız cəzanın azaldılması ilə bağlı işlər davam etdirilir.

Qitə futbol qurumu məsələ ilə bağlı apellyasiya şikayətini rədd etsə də, hüquqi həll imkanları qalır.

Hələ İdman Arbitraj Məhkəməsi (CAS) də şikayətə baxmalıdır.  Dəfələrlə son mərhələdə CAS-ın ədalətli qərar vediyinin, müdafiə olunan tərəfin haqqını qoruduğunun şahidi olmuşuq. Elə Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev də bir neçə gün əvvəl açıqlamasında məsələnin ədalətli həll yollarının tükənmədiyini bildirmişdi.

Nurlan İbrahimovun məsələsi ilə bağlı son durum hələlik qeyd etdiklərimdir.

Diqqət çəkən bir məqam isə vəkil Fərid Haqverdiyevin Feysbukdakı  paylaşımıdır. Hansı ki, niderlandlı jurnalist Artur Huzinqa Nurlan İbrahimov haqda fikirlərini bildirib. Deməli, avropalı bir jurnalist  Nurlan İbrahimovla bağlı elə sözlər işlədib ki... Yaxşısı budur ki, özünüz tanış olun:

Sitat: Bir statusa görə, futbol aləmindən kənarlaşdırılmağı haqq edirmi? Əlbəttə ki yox...

“Qarabağ” çox kiçik büdcəyə malik hər anlamda qaçqın klub idi... Hazırda gördüyünüz əzəmətdən heç bir əsər-əlamət tapa bilməzdin. Amma klubun hər zaman bir məqsədi var idi. Bir klubun arzusu yəqin ki, medallar ola bilər. Amma “Qarabağ”ın əsas məqsədi Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və məlum konfliktin həll olunmasına hər hansı bir formada dəstək olmaq seçilmişdi.

“Qarabağ”da ilk tanıdığım adamlardan biri, bəlkə də birincisi Nurlan olub. İbrahimov “Qarabağ” klubu ilə yanaşı, Qarabağ həqiqətlərinin  dünyaya, əcnəbilərə çatdırılmasına  bir diplomat kimi, səbirlə, təmkinlə hər zaman çıxış edib və ön planda olub. Bunu Azərbaycana etdiyim çoxsaylı səfərlərdə görmüşəm. Nurlanı tanıdığım 10 il ərzində heç bir zaman bu həqiqətlərin parlamasına çalışmaqdan yorulmadı, əksinə zövq aldı. Futbol ailəsinə daxil olan hərkəsə - UEFA nümayəndələrinə, hakim-inspektorlara, Azərbaycana gələn əcnəbi jurnalistlərə dayanmadan Qarabağ həqiqətlərindən danışırdı, “Qarabağ” klubunun əsas qayəsinin, amalının əsas təmsilçisi olurdu. Klubun ən kasıb vaxtında belə “Qarabağ”ın, viran qalmış Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində oynayacağına bütün varlığı ilə inanırdı. Bəlkə, Nurlan Qarabağda doğulmayıb, amma həyatının əsas hissəsini Qarabağ həqiqətlərini dünyaya çatdırdığı üçün əsl qarabağlıdır. Bunu ürəyimin bütün dərinliklərindən gələn bir səslə deyirəm. Klubun az büdcə ilə, balaca və darısqal otaqlarda çalışıb bu gün xəyal etdiyi bir vaxtlardan Nurlanın böyük ürəyi Qarabağ həqiqətlərinin təbliğatı üçün atırdı.  Özünü bir ideologiyaya həsr edən və onun üçün mübarizə aparan insanlar ən çətin vəziyyətlərdə belə yollarından dönmürlər. Nurlan kimi... O, ən çətin məqamlarda belə əsl  ideologiyasını unutmadı - yəni Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasını”.

Başqa bir millətin nümayəndəsinin bu cür səmimi, ürəkdən gələn və həssaslıqla fikirlər səsləndirməsinin təbii ki, bir səbəbi var – Nurlan İbrahimovun işində dürüst, insansevər, vətənpərvər və digər müsbət keyfiyyətlərə sahib olması.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin də dostluq, yoldaşlıq bir yana, ilk növbədə bir azərbaycanlı kimi, Huzinqanın fikirlərindən təsirləndiyi hiss olunur. Onun fikirlərini də diqqətinizə çatdırmaq yerinə düşər:

“Artur Nurlanı məndən yaxşı tanıyıb, əla yazıb. Mən Nurlanı 20 ilə yaxındır ki, tanıyıram, sən demə heç tanımamışam. Arturun yazdığını oxuyandan sonra daha yaxşı tanımağa başlayıram. Artura Qarabağ problemini, komandanın niyə Ağdamda oynamadığını Nurlan izah edib, Azərbaycana qarşı sevgi aşılayıb ona. Hər bir vətəndaş öz milləti haqqında fikir formalaşdırır, Nurlan da yaxşı insan olub ki, Artur bizi sevib. UEFA Nurlanın apellyasiya şikayəti verməsinin hələ ki, qarşısını alır. Dünyanın ən qatı cinayətkarına, terroristinə belə apellyasiya vermək hüququ verirlər. Hələ status yazıb, heç nə etməyib, gör eləsə nə olardı... “Qarabağ” ölkə futbolu üçün, elə ökənin özü üçün də böyük iş görüb. Necə deyərlər başından yuxarı tulanıb. Düşünürəm ki, Nurlanın da bu sıçrayışda  payı var. “Qarabağ” Nurlanla birgə daha da irəli gedəcək. Nurlan rəhbərliyin dəstəyi ilə məhkəmədə qalib gələcək, çox inanıram buna. Məşqçisi, futbolçusu, idarə heyəti, rəhbərliyi ilə “Qarabağ” böyük klubdur. Böyüklük sona qədər haqqın yanında olmaqdır. Ümidvaram ki, hər şey dünyanın ən yaxşı mətbuat xidmətinin qələbəsi ilə bitəcək və Nurlan Arturlara ölkəmizi bundan sonra da sevdirəcək”.

Həqiqətən də Nurlan “Qarabağ”ın bu uğurlarında görünməyən qəhrəmanlardan biri olub. Komanda oyunu ilə Qarabağın Azərbaycan olmasını dünyaya çatdırıbsa, İbrahimov da bu həqiqətləri öz işi ilə, kreativ ideyaları ilə bəyan edib. Klubla media arasında sağlam münasibətlərin qurulmasında və daima qorunmasında da onun əməyi danılmazdır. Buna görə də mətbuat nümayəndələrinin gözündə “Qarabağ”ı Nurlansız təsəvvür etmək çətindir.

“Qarabağ” da öz növbəsində həmişə Nurlana dəstək olub. Elə bu məsələdə də öz əməkdaşına sahib çıxdı. İnanırıq ki, klub sona qədər onun yanında olacaq, dəstəyini əsirgəməyəcək.

Elecə də bu məsələdə AFFA-nın köməyi, UEFA-ya təsiri də zəruri olardı. Hər halda, unutmayaq ki, Nurlan İbrahimov Vətən müharibəsindəki mövqeyinə görə sərt cəzaya məruz qalıb. Qərarı yumşaltmaq isə futbol qurumlarının mənəvi borcu olmalıdır.

Ramiq AĞAMƏMMƏDOV

Qol.az