PLANETİN İNSAN NƏVAZİŞİNƏ EHTİYACI VAR - İlqar Rəsul yazır

İLQAR RƏSUL
123976 | 2021-01-13 13:15

Yer Planeti, insanlıq tarixində ilk dəfədir ki, eyni vaxtda bütün parametrlər üzrə böhran yaşayır. Yəni, iqtisadi, siyasi və hərbi krizislə yanaşı, ciddi ekoloju, ruhi və mənəvi böhran yaşanır dünyada. Bu böhranı heç bir təbii sərvət və ya texniki proqres aradan qaldırmaq iqtidarında deyil. Bu böhranı yalnız planetə ibtidai insan münasibəti qədər sadə yanaşma həll edə bilər. Yəni bir az loru dildə desək, hazırda Yer Planetin insan nəvazişinə ciddi ehtiyacı var. Bugünkü insansa daha çox dağıdıcı genlərdən formalaşıb. Hətta Allahın, eləcə də ölümdən sonrakı həyatın varlığına və yoxluğuna İnsanın inamı o qədər maddiləşib, o qədər qətiləşib ki, inanclı da, inancsız da öz "imanına" söykənib yalnız dağıtmaqla məşğuldur. Məhz bu səbəb, hazırda böhranı insan nəvazişinin aradan qaldıra biləcəyi fəlsəfəsini iflas etdirir...

Beləliklə, düşünməyə əsas yaranır ki, böhran çox qlobaldı və onu hansısa qlobal proses aradan qaldıracaq. Böhranın özündən xeyli qlobal müdaxilə yəni. Hər halda ümid edək ki, insan insanlığını bərpa edə bilməsə, böhrana həlledici müdaxiləni hansısa kənar sivilizasiyalar yox, təbiət özü öz üzərinə götürəcək. Onda düşünmək olar ki, bu Planetinin gələcək sahibi də insan olacaq. Yalnız varlıq olaraq yox yəni, həm də münasibət olaraq.

Sözümün canı odur ki:

Hazrda dünyada iki tip insan var:

1. İnsancasına münasibət görəndə təsirlənən, hətta ən azı içində kövrələnlər,

2. İnsancasına münasibətləri inkar edənlər, ən azı gülən, lağ edən, şəbədə qoşanlar..

Bayaqdan dediyim kimi, dünyada baş verənlər göstərir ki, yer üzündə birincilər ikincilərdən xeyli azdı əlbəttə. Azərbaycanda da həmçinin. Çünki Azərbaycan da dünyanın bir parçasıdı. Və biz də onun vətəndaşlarıyıq. Söhbəti bu yerə gətirib çıxarmağım təsadüfi deyil əlbəttə. Bilmək istəyirəm bizim hansımız 1-cilirdən, hansımız 2-cilərdənik. Bax, məsələn sən, bu yazını oxuyan adam! Hansılardansan? Bilmirsənsə mən deyə bilərəm.

Əgər bu bəsit dildə yazılmış yazını oxuyarkən təsirləndinsə, 1-cilərdən, içində istehza, inkar yarandısa, 2-cilərdənsən

2016

TƏQVİM / ARXİV