adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

30 qəpiklik yazıNicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
89437 | 2021-01-05 14:38

Axşam qaldırdılar. Ai-92-ni 10, dizeli isə  20 qəpik. Şükür yeri də qoydular. Təbii qazı qaldırmadılar. İsinmək üçün Gürcüstandakı kilsələrə üz tutası olmadıq. Bəlkə də buna görə koronaya minnətdar olmalıyıq.  Onun gücündən yollar bağlıdı axı. Necə gedərdik qonşu ölkəyə?  Onu nəzərə alıb insaflı yanaşıblar.

Vaxtlarına sadiq qaldılar. Həmişəki  vaxtlarında qaldırdılar.

Axırıncı dəfə 2017-də qaldırmışdılar. Həmin il xoruz ili di. İndi isə öküz ili. İkisi də erkək. Erkək ilin də belə qalxmalar gözlənilən idi. Bunu ekspertlər həmişə belə izah edib.

Niyə qaldırdıqlarını həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə bağladılar. Gözəl səslənir. Adam oxuduqca xumarlanıb gərginləşmədən yuxuya gedir. Bu da qaldırmanının düzgün vaxtda seçilməsinə bir sübut. Yuxunuzun yanacağı şirin oldu.

 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Yəni ki, hələ qaldırma bitməyib. Qaldıra-qaldıra gedəcəklər. Hələ digər ölkələrlə müqayisə də ediblər. Onlarda bahadır. O səbəbdən bizimkilər o yana-bu yana daşıyır benzinimizi. Day daşımayacaqlar. Öz benzinimiz öz içimizdə yanacaq.

Yazırlar ki, avtomobil idxalı da artıb. Qaldırdılar ki, day gətirməyək. Yanacağa qənaət edən avtomobillərə keçid stimullaşsın. Di, başlayın stimullaşmağa.

Hər nəisə. Bizdə qalxan enmir. Qalxıbsa qurtardı. Yesək də budu, yeməsək də. Daha doğrusu, bakımıza vursaq da budu, vurmasaq da. Day uzun-uzadı danışıb zəhlə tökməyə ehtiyac yoxdu. Onsuz da  ekspertlər bu qalxmaya elə don geyindirəcəklər, bakımızı göyə atıb tutacağıq ki, yaxşı qurtarmışıq. Ona görə, xülasə edib hökümətdən 10 qəpiklik boyda bir xahiş edirəm. Bu AVRO-5 ki deyirsiz ha, bu çox yaxşı şeyə oxşayır. Bizi keçirdin AVRO 5-ə. Sizə heç bir sözümüz yoxdu. Amma keçirdirsinizsə, sənəddə yox, reallıqda keçirdin. Yəni yanacağın keyfiyyətini düzəldin. Yanacağın keyfiyyətinə barmaq edənlərin barmağını qırın. Yanacağı bizdən oğurlayanları cərimələyin, tutun, ictimailəşdirib qınatdırın ki, 1 manata aldığımız benzinimizin litrinə girməsinlər.

 

 

TƏQVİM / ARXİV