adalet.az header logo
  • Bakı 18°C
19 Oktyabr 2020 11:13
84893
ƏDƏBİYYAT
A- A+

Nəsir Əhmədli: Akif Səməd, gözün aydın

Akif Səməd, gözün aydın,

Şuşaya doğru gedirik.

Kaş yanımızda olaydın,

Şuşaya doğru gedirik.

Halalca yolnan, yoldaşnan,

Belimizdə patrondaşnan,

Döğmaca qohum-qardaşnan

Şuşaya doğru gedirik.

Talışıq, ləzgiyik, türkük,

Dostluqda çoxuna görkük,

Birlikdə poladdan bərkik,

Şuşaya doğru gedirik.

Gözün aydın olsun, dədə,

Uduzmamışıq heç nədə,

Gəldi-yetişdi vaxt, vədə,

Şuşaya doğru gedirik.

Şuşanın hər yanı güldür,

Sevinən xarıbülbüldür,

Xudu müəllimə bildir,

Şuşaya doğru gedirik.

Şükür ki, yetişdi zaman,

Əriyib yox oldu hicran,

Öndə Ali Baş Komandan

Şuşaya doğru gedirik.

16.X.2020