adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Bəlkə də bu sualın izahı var, biz bilmirik - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
192065 | 2020-09-24 11:29

Bəlkə də bu sualın izahı var, biz bilmirik. Bilmək istədiyim üçün deməsəm olmaz.

Mediamızdan soruşmaq istəyirəm - bu məktəblərdə ki, yoluxma statistikasını dünəndən tirajlayırsınız haa, heç sual vermisinizmi hörmətli Təhsil Nazirliyinə ki, "qadam, məktəb başlayan bu gün 9 gündür. Siz təhsilin 7-ci günündən koronaya yoluxan müəllim və şagirdlərin statistikasını paylaşırsız, biz də xətrinizə dəyməyib tirajlayırıq.

Yaxşı, bəs axı TƏBİB neçə aydır deyir ki, "korona özünü 2 həftəyə göstərir.. Hər temperaturu olan covid olmur". Bəs siz bu 7 gündə yoluxma statistikasını nəyin əsasında çıxardınız? Necə korona diaqnozu qoydunuz?🙄

Varmı bunun bir açıqlaması, izahı? Hörmətli nazirliyimiz və TƏBİB'imiz lütf edib bu məsələni necəsə izah edə bilər, yoxsa valideynlər beyinlərinə salınan yeni qurdla öz bildikləri kimi əlbəyaxa olsunlar?

Təhsil onsuz da sıfırın altında və formalın özünün belə olmaq istəmədiyi formal formasındadır - bunu bildik. 90% şagirdinin interneti, smartfonu, planşeti, kompyuteri olmadığını bilə-bilə "uğurla başladıq və addımlayırıq" deməklə olmur...

Bəzi müəllimlər valideynlərə "boşuna səs-soraq salmayın. Onsuz dəyişməyəcəklər. Uşaqlar onlaynda vaxt itirməkdənsə, gəlsinlər evdə adam kimi dərs keçək" deyir və edir də - bunu da bildik. Yaxşı da edirlər. Pulu olanın şansı gətirdi, vay olmayanın halına...

Bütün səhifələrdə trollar pandemiya dövründə uğurlu təhsil modelini tərifləyirlər,sağ olsunlar. Amma onlayn dərsin verdiyi biliklə, acından ölən adamın kabab şəklinə baxıb doyması eyni şeydir - bunu da bildik.

Bircə bilə bilmədik ki, məktəbin açıldığı 7 günün içində nəticəsi 2 həftə sonra məlum olmalı olan yoluxma statistikasının tirajlanması, nəticədə bir məktəbin distant təhsilə keçməsi, TƏBİB'in bu açıqlama müqabilində susması filan nəyə hesablanıb. Aydınladan olsaydı, beynimiz rahat olardı.

Həəə, ,bir də bilə bilmədik ki, bəzi müəllimlər "bizə deyiblər oktyabrın 1-dən onsuz da dərs olmayacaq. Olsa da bir həftə filan olacaq, sonra bağlayacaqlar" mesajlarını valideynlərə niyə və nəyin əsasında verirlər? (Bir çox bağçalar da bu xəbərdarlığı edib. Guya onlara yuxarıdan tapşırılıbmış).

Qısası, nə baş verdiyinin fərqinə varmaq istəyirik.

Əgər həqiqətən bütün bunların fonunda məktəbi bağlayacaqsınızsa, bəlkə elə bu gündən bağlayasınız? Boşuna nə uşaqlar, nə valideynlər, nə müəllimlər girinc olmasın. Qərarınıza sayqı duyarıq. Ən azı özümüzü aldatmış olmarıq.

TƏQVİM / ARXİV