adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Sentyabr 2020 09:04
58560
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Təbəssüm diləkli şeir

"Bir qadına..." silsiləsindən

Bir su içimidi məni ovutmaq -
İynə ucu boyda təbəssüm ilə.
Könlündən keçəndə məni yovutmaq -
Onda , üz-gözünə təbəssüm çilə...

Bu inanc qalıbdı uşaq yaşımdan,
Sanmışam təbəssüm, Allah nurudu...
Hələ də çıxmır ki, mənim başımdan -
Təbəssümlü gözün dibi durudu!..

Sən də gözlərinə gözlərimlə bax,
Gör necə isinir sinəndə ürək...
Qollarım ruhuna sarılan bir tağ -
Səninsə əllərin hürkəkdi, hürkək...

Payız axşamının sərinliyində
Təbəssüm həniri şam idi sanki...
Günəş tək ruhumun dərinliyində -
Mən ONU görürdüm, ONU , inan ki!

...Şair pozasında çəkildi şəklim -
Gözümün üstünə "Təbəssüm..." yaz , at...
Qoy bir az gözünə yaxın çəkilim -
Başqa təbəssümlər yaddı mənə, yad!