SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: O BOYDA ZIRILTINI...

  20816   |  
Şriftin ölçüsü  

... Bəzən məmləkətimizdə elə şeylər baş verir ki, adamın yox ey, lap bişmiş toyuğun da gülməyi gəlir. Bir aşağı baxırsan, bir yuxarı, görürsən ki, balam, heç də hər şey göründüyü kimi deyilmiş. Yəni hər hansı bir işin görünən və görünməyən tərəfləri var. Amma elə də iş var ki, onu görməmək, onu hiss etməmək və onu bilməmək mümkün deyil. Gərək onda tək kor olmayasan, həm də lal və kar olasan.

Əgər belə olmasaydı, Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin "V” massivində bir ilə yaxındır ki, 15 mərtəbəli binanın üstündə yenidən 16-cı və 17-ci mərtəbəni inşa etməzdilər. Hansı ki, bu bina 2008-ci ildə deyilənlərə görə, tikilərək istifadəyə verilib. Həmin müddətdən, həmin vaxtdan görün nə qədər zaman keçib. Amma zamanın keçməsinə baxmayaraq, "Badu-kübə” mənzil-tikinti kooperativi yenidən uzun müddət istifadəyə verilmiş yaşayış binasının üstündə bu cür həngamə çıxarmazdı. Və bu qanunsuz tikintinin də təbii ki, Bakı Şəhər İcra Hakimiyyətinin və eləcə də Suraxanı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri görməmiş və bilməmiş deyildi. Onlar nəinki yüksək mərtəbəli bina tikilərkən, hətta kimsə həyətində daşı daş üstünə qoyarkən o dəqiqə xəbər tuturlar. Əlbəttə, bu cüt zırıltıdan nəinki həmin icra orqanlarının, eləcə də digər qurumların çox yaxşı xəbəri vardı. Sadəcə olaraq, bu qurumlar belə qanunsuz tikililərə çox vaxt arxa durublar və göz yumublar. Çünki göz yummasaydılar, bu cür zırıltı tikinti baş tutmazdı.

Əgər kütləvi informasiya vasitələri – televiziyalar, qəzetlər və saytlar bu qanunsuz tikili barəsində çəkdikləri süjetləri və yazdıqları məqalələri gündəmə gətirməsəydilər, ictimailəşdirməsəydilər, aydındır, elə o qanunsuz tikili də digər qanunsuz tikililər kimi başa çatdırılacaqdı. Sadəcə olaraq, mətbuatın operativ və ədalətli müdaxiləsi və məsələnin ictimailəşdirilməsi bu işdə əli olan icra orqanlarını geri çəkilməyə məcbur etdi. Artıq Fövqəladə Hallar Nazirliyinin məsul şəxsi bildirib ki, bu qanunsuz tikili söküləcək və yaxın vaxtlarda bu söküntüyə başlayacağıq.

Onsuz da xalqın və elin gözü tərəzidir. Kimin haqlı və kimin haqsız iş gördüyünü bu millət və bu xalq çox yaxşı bilir. Bəzi vəzifəli şəxslər isə danışanda millətdən, xalqdan danışır, amma əməlində başqa bir şey görürsən. Görürsən ki, onun danışığı ilə əməli düz gəlmir.

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən demişdi ki, şəhərin milli memarlıq üslubuna və görünüşünə xələl gətirən yeni tikintilərin inşasına icazə verilməməlidir. Xüsusən də 9 mərtəbəli binaların qarşısında 16 mərtəbəli binalar inşa edilərkən yeni binalar köhnə binaların qarşısını kəsir, ora gün işığı düşməyə maneçilik törədir, havalanma çətinləşir. Gözləmək olardı ki, cənab prezidentin bu tapşırığından sonra belə tikililərin qarşısı alınacaq. Amma təəssüf hissi ilə deməliyik ki, belə tikintilərin qarşısı nəinki alındı, əksinə, bu cür tikililər yenidən davam etdi.

Məsələn, cənab prezidentin tapşırığından sonra Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin "D” massivində "Ana Kür” mənzil-tikinti koopretivinin sədri Vahid Abdullayev iki 16 mərtəbəli bina inşa edir. Hazırda bir binanın 14-cü mərtəbəsi, digər binanın isə 11-cü mərtəbəsi tikilir. Həmin binanın tikintisi isə qarşıdakı 13 nömrəli 9 mərtəbəli yaşayış binasını gün işığından və havalandırmadan məhrum edib. Daha doğrusu, məhrum edir. Hansı ki, bu bina cənab prezidentin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova tapşırığından sonra inşa edilir. 13 nömrəli binanın sakinləri isə "Ana Kür” mənzil-tikinti kooperativinin qanunları pozması ilə bağlı müxtəlif nazirliklərə və qurumlara müraciətlər ünvanlamışdı. Həmin müraciətlərə isə bu qurumlar elə başdansovdu cavablar vermişlər. Yəni onların yazdığı cavablara görə, hər şey qanunidir. Halbuki "Ana Kür” tikinti kooperativi bir çox qanunları, o cümlədən tikinti normativlərini pozmuş və pozmaqda davam edir. Mövcud qaydaya əsasən binalar arasındakı məsafə 60 metrdən az olmalı deyil. Amma bu bina ilə 13 nömrəli bina arasında məsafə uzaqbaşı 25 metr ola, ya olmaya.

Təbii ki, yeni binanın tikintisi həmin massivdə əhalinin qaz və su təchizatında da problemlər yaradacaq. Çünki 3-4 il bundan qabaq 13 nömrəli binanın qarşısında 13 mərtəbəli kooperativ bina tikilib. O bina tikiləndən sonra 13 nömrəli binada mənzillərə qaz çox zəif gəlir. İndi görün, bu iki 16 mərtəbə bina inşa ediləndən sonra bu sakinlər hansı çətinliklərlə üzləşəcəklər. Üstəlik də kanalizasiya xəttinin ümumi xəttə qoşulması digər bir problemin yaranamasına səbəb olacaq.

"Ana Kür” tikinti kooperativi qanunları pozmaqda davam edir. Belə ki, isti yay günlərində fəhlələr tikinti işlərini günün altında icra edirlər, ucadan qışqırır, söyüş söyür və yaxınlıqdakı binanın sakinlərinin əsəbləri ilə oynayırlar. Və bəzən də fəhlələr gözlərini bərəldib 13 nömrəli binanın mənzillərinə baxırlar. Camaat öz evində rahat otura bilmir. Təbii ki, bu iki 16 mərtəbəli binanı tikən Vahid Abdullayevin çox güclü himayədarı var. Çünki o, bağ salmış və ağac əkmiş, 30 il yaşıllıqlara qulluq etmiş insanlara da hörmətlə yanaşmadı. Onların tər tökdüyü, zəhmət çəkdiyi yerdə heç bir halallıq olmadan bina ucaltdı. Özü bilər, Allahı bilər!

Hər halda, qanunları pozan bu cür mənzil-tikinti kooperativləri gec-tez törətdikləri əmələ görə, cavab verəcəklər. Onlar qanun qarşısında da, Allah qarşısında da məsuliyyət daşıyırlar. Nə iş görürsənsə gör, gərək orda bir halallıq və xeyir-dua olsun. Halallıq və xeyir-dua olmayan yerdə heç vaxt xeyir-bərəkət də olmaz!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK