SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: ƏN ÇƏTİN GÜN...

  18893   |  
Şriftin ölçüsü  

... "Çətin günün ömrü az olar”- deyiblər. Amma bizim çətin günlərimizin ömrü deyəsən çox çəkir axı! Düz 30 ilə yaxındır ki, torpaqlarımız ermənilər tərəfindən işğal olunub... Düz 30 ilə yaxındır ki, Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı bizi gözləyir... O yerlərin, o yurdların dodağı bizlər üçün dörd yerdən çatlayıb... o yerlərin bulaqları, gülləri, çiçəkləri, çəmənləri, xarı bülbülləri bizim qayıdışımızı gözləyir... Biz qayıtmaq istəyirik ha, amma namərd düşmənin namərd havadarları imkan vermirlər. Və namərd havadarlar elə bilməsinlər ki, biz ora gedə bilməyəcəyik.

Biz hamımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gec-tez silaha sarılacaq, Şuşanı, Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını döyüşüb qaytaracağıq. Və o rayonların yüksəkliyinə də Azərbaycan bayrağını taxacağıq...

... Hələ ki, Azərbaycan tarixdə özünün ən ağır, ən çətin, ən mürəkkəb günlərini yaşayır... Hələ ki, Azərbaycan böyük güclərə qarşı təkbaşına döyüşür... Hələ ki, Azərbaycan heç bir yadellinin qarşısında diz çökməyib... Düzdür, namərdləri çox böyük dövlətlər qoruyur. Amma bizim də arxamızda Ulu Yaradan var və bir də böyük Türk dövləti dayanıb. Allahın və Türkün qüvvəsi həmişə o biri qüvvələrdən güclü çıxıb. Və buna heç kəsin şəkk-şübhəsi olmasın...

Azərbaycana həmişə yadellilər yağlı tikə kimi baxıb və hərə bir tərəfdən bu yağlı tikəyə əl uzadıb, ağız atıb. Bir vaxtlar bizim qəzetdə çox məşhür bir karikatura çap edilmişdi. O karikaturanın da ideyasını dostumuz və qardaşımız, millət vəkili hörmətli Aqil Abbas vermişdi. Karikaturada bir fil təsvir olunmuşdu və o filin dalınca çaqqal, tülkü, kaftar düşmüşdü ki, onun xayasını qoparsınlar. Amma nə qədər ağız atsalar da, o caqqalın, o tülkünün, o kaftarın ağzı filin xayasına çatmamışdı. Və o çaqqal, o tülkü, o kaftar filin ayaqları altında qalıb canları çıxmışdı. O fil Azərbaycandı! Və bu gün də o çaqqallar, o tülkülər, o kaftarlar Azərbaycana ağız atırlar və ağızlarına bir şey keçməyib bu nəhəng filin ayaqları altında qalırlar. Ermənilər 2016-cı ilin aprelində də 2020-ci ilin iyulun 12-də də bu ağızı atdılar, ağıza yağlı tikə yox, yağlı bir şillə, yağlı bir güllə, yağlı bir mərmi dəydi. Və hələ də ağızlarının qanı kəsmir...

Bizim qonşu sarıdan bəxtimiz gətirməyib. Qonşularımıza çörək də vermişik, su da vermişik, neft də vermişik, qaz da vermişik, amma onlar bunun qədrini bilmək əvəzinə, yediyi qabın içinə tüpürürlər. Bizim çörəyimizin duzu var ha, onları nə vaxtsa tutacaq. İntəhası, hər şeyin geci və tezi var. Sadəcə olaraq, bizim çörəyimizin qədrini bilməyənlərin özlərinin duzu yoxdu. Məsələn, Gürcüstandan Ermənistana silah daşınır. Gürcülər də bunu gizlətmirlər. Deyirlər ki, ermənilər bizim dostumuz və qonşumuzdu. Adamın bax, belə yerdə hirs vurur başına və deyə ki, ay çörək itirən köpək oğlunun balası, bəs biz nəyik? İşığınız bizdən, qazınız bizdən, yanacağınız bizdən, bəs o dığalardan sizə nə xeyir gəlir? Bax, belə yerdə ağzımızı tüpürcəklə doldurub belə nadürüst qonşunun üzünə tüpürməkdən başqa yol yoxdu. Başqa bir çıxış yolu da var, yıxıb yerə eşşək sudan gələnə qədər o ki, var çırpasan. Döyməsən də o nadürüst qonşunu işqıdan, yanacaqdan, qazdan məhrum eləyəsən!..

Yadıma böyük Üzeyir Hacıbəyovun bir felyetonu düşür. Bir nəfər imkanlı adam başqa birisinə hər cür köməklik edir, arxa durur, söykək olur. Kömək durduğu adam isə bunun əvəzində ona pislik eləyir. Yaxşılıq eləyən adam da gəlir bir ziyalının yanına ki, mən filankəsə bu cür yaxşılıq eləmişəm, o da mənə pislik eləyir. İndi mənə bir yol göstər, məsləhət ver görüm, nə edim ki, o pisliyin əvəzini çıxım! Ziyalı adam da dostuna məsləhət bilir ki, ona pislik eləməyin ən yaxşı yolu yaxşılıq eləməməyindi. İndən sonra heç bir yaxşılıq eləmə, bu nəyə desən dəyəcək. Həmin adam da ağıllı məsləhətə görə, ziyalı dostuna təşəkkür eləyir. Böyük Üzeyir bəyin sözü olmasın, hansısa qonşu ölkə bizim çörəyimizin, yaxşılığımızın qədrini bilmirsə, biz də heç ona yaxşılıq eləməyək. Qoy gedib canları harda çıxır çıxsın!..

Bayaq dedik axı, ölkəmiz tarixdə ən çətin günlərini yaşayır. Bir tərəfdən xarici ölkələrin haqsız hücumları, güclü havadarı olan ermənilərin yüz oyundan çıxması, bir tərəfdən koronavirus təhlükəsi, bir tərəfdən də müstəqilliyimizi məhv etmək istəyən xarici və daxili qüvvələr. Xüsusən də xaricdə və daxildə fəaliyyət göstərən, ağır, çətin günümüzə düşmən qədər sevinən sapı özümüzdən olan baltalar. Görün, onlar nəyə sevinirlər? Sevinirlər ki, Azərbaycanda koronavirus xəstələri çoxalıb... sevinirlər ki, bu xəstəlikdən ölənlər artıb... sevinirlər ki, camaat 5 aya yaxın evdə qaldığına görə, çətin vəziyyətə düşüb... Bu xəstə düşüncənin və xəstə təfəkkürün sahiblərindən nə gözləmək olar? Xaricdə oturub dövlətin, xalqın, millətin, prezidentin ünvanına böhtanlar və şərlər yayan bu insanlara azərbaycanlı demək olarmı? Heç azərbaycanlı da Vətəninin bu ağır, bu çətin, bu məşəqqətli gününə sevinərmi?

Bax, bunu hər bir azərbaycanlı bilməli, görməli, hiss etməli, sapı özümüzdən olan baltalara qarşı mübarizə aparmalıdır. Xarici düşmənlərə qarşı mücadilə eləmək çox asandır. Ən çətini odur ki, süfrəmizin başında əyləşən, üzdə "vətən, vətən” deyən, arxada vətəni 4-5 yerə bölmək istəyən bu "mehriban düşmənləri” heç cürə tanımaq olmur. Onların bir yox ey, on yox ey, onların min sifəti var! Bəzən yazıq görkəm alırlar, bəzən fağır sifətə girilər, bəzən də iç üzlərini açıb bu Vətənə, bu dövlətə diş qıcayırlar. Belələri xarici düşməndən daha qorxulu, daha təhlükəlidir.

Ən təhlükəlisi isə bu çətin və ağır durumda dövlətin büdcəsini, xalqın varını, dövlətini talayan vəzifəli şəxslərdi. O vəzifəli şəxslər ki, onların arasında sabiq nazirlər də var, nazir müavinləri də, icra başçıları da və digər yüksək post tutan şəxslər də. Onlar da bu dövlətin, bu xalqın ən böyük düşmənləridi. Bu barədə cənab prezident özü də dəfələrlə fikirlərini səsləndirib və bildirib ki, bu cür şəxslərə qarşı mübarizə davam edəcək. Dövlət hər hansı nazirliyə, şirkətə pul ayırır, vəzifəli şəxslərə də o pula gedib xaricdə villalar, biznes şəbəkəsi alır. Belələri yüngül cəza ilə canlarını qurtarmalı deyil. Çünki onların əməlləri müharibə şəraitində yaşayan ölkənin müharibə qanunları ilə qiymətləndirilməlidir. Amma görürsən ki, dövlətin büdcəsinə milyonlarla ziyan vuran hər hansı vəzifəli şəxs məhkəmənin hökmüylə 10-12 il cəza alır. Heç 2-3 il keçmir hansı yollasa azadlığa çıxır və yığdığı pulları bala-bala xərcləyir. Belələrinə qarşı ən ağır cəza verilməlidir. Yəni onlar təkcə dövlətin büdcəsini dağıtmayıblar, onlar həm də bu dövlətin, bu ölkənin, həm də bu prezidentin ağır günündə xəyanət ediblər. Vətənə xəyanət isə ömürlük cəza ilə müəyyənləşdirilməlidir. Nə vaxta qədər ki, vəzifəli şəxslər yüngül cəza alacaqlar, onlar dövlətin büdcəsini dağıtmaqda davam edəcəklər. Düşünəcəklər ki, uzaqbaşı milyonları mənimsədiyimə görə, 5-10 cəza təyin edəcəklər, mənim də pulum var, onu verib azadlığa çıxacam, sonra kef eləyəcəm! İndi necə ki, dövlətin büdcəsinə milyonlarla ziyan vuran şəxslər azadlığa çıxıb kef eləyirlər.

Gərək adamın namusu, vicdanı, qeyrəti olsun. Yadıma bir Azərbaycan filmi – "Yol əhvalatı” düşür. Orda "JEK” rəisi (xalq artisti Siyavuş Aslan) şikayətə gələn vətəndaşdan (xalq artisti Eldəniz Zeynalov) soruşur ki, başına papaq qoyursan? Deyir ki, hə! O papaqdan demirəm, yəni sənin qeyrətin var? Şikayətçi də deyir ki, qeyrətimiz də var, namusumuz da!..

Deyirəm ki, yüksək vəzifədə əyləşmiş dövlətin büdcəsini sağa-sola xərcləyən bəzi vəzifəli şəxslərdə görəsən bir millət qeyrəti, millət namusu varmı ki, fikirləşsin, heç olmasa o ağır gündə o pulları mənimsəməsin?! Bu dövlətin, bu millətin ağır günündə onun büdcəsindəki vəsaiti təyinatı üzrə yox, sağa-sola xərcləyən hər hansı vəzifəli şəxs ilk növbədə cənab prezidentinə və Azərbaycan xalqına xəyanət eləyir. Bu xəyanəti isə nə cənab prezident, nə də Azərbaycan xalqı heç kimə bağışlamır və bağışlamayacaq da!..

Bu gün Azərbaycan xalqı bütün inamı və ümidilə göydə Allaha, yerdə prezident İlham Əliyevə sığınıb. Biz nə qədər ağır günlər, nə qədər ağır tarixi anlar yaşasaq da, Allahın və prezidentin köməkliyi ilə bu durumdan tezliklə çıxacağıq. Sadəcə olaraq, pislik bizim düşmənlərimizə və bir də daxildəki sapı özümüzdən olan baltalara qalacaq. Biz Qarabağa da dönəcəyik, ölkəmizin müstəqilliyini də qoruyacağıq və qələbə ilə müharibəni də başa çatdıracağıq. Yenidən əvvəlki xoş günlərimizə, anlarımıza qayıdacağıq.Və mən buna səhərin açılması, günün üfüqdən boylanmsı kimi ümid bəsləyirəm, inanıram. İnanıram ki, o səhər açılacaq, o günəş üfiqdən boylanacaq...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19
2020-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK