adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Aprel 2021 09:45
92071
GÜNDƏM
A- A+

Xocalının Mixaylosu! – Bu gün qəhrəman mayorun doğum günüdür!

O vaxt Kərkicahan (1991-ci il dekabrın 29-) Malıbəyli, Quşcular (1992 -ci il fevralın 11-i) işğal olunanda bəlkə də ermənilər Xocalını da həmin tarixlərdə işğal etməyi düşünürdülər, amma döyüşkən şəhərin igid oğullarının dözümü-döyüşkənliyi o prosesi ləngitdi. Cünki Qarabağda yurdu üçün ölümə hazır, dastanlara mövzu olacaq oğullar vardı, igidlər vardı, qəhrəmanlar vardı.O qəhrəmanların başında isə ata-anası qədər inandıqları, ehtiram etdikləri Tofiq Hüseynov vardı. (366-cı motoatıcı alayıda, erməniləridə Allahın lənətinə gəlsin!)

 

Mixaylo! Yəqin ki, o məşhur film hamınızın yadındadır! "Uzaq sahillərdə" ! Alman faşistləri Mixaylonu ( Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə) ələ keçirtmək üçün onun başına pul qoyurlar. Amma onu ələ keçirə bilmirlər. Mübarizədən çəkindirmək üçün dəfələrlə müxtəlif tədbirlər görürlər, Mixaylonu dayandıra bilmirlər. Sonda mühasirəyə alınan Mixaylo faşistlərin əlinə kecməmək üçün özünü qumbara ilə partladır.
 
Eynən Xocalının Mixaylosu, Qarabağın Mixaylosu!Tofiq Mirsiyab oğlu Hüseynov 1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olub, "Mixaylo” ləqəbi ilə tanınıb. O, rəhbərlik etdiyi taborla birlikdə Meşəli, Naragux, Mehdikənd və digər istiqamətlərdə qəhrəmanlıqla vuruşub, düşmənin hərbi texnikalarını məhv edib. Mehdikənd əməliyyatı zamanı düşmənin artilleriyası, "Alazan” qurğusu məhv edilib, xeyli erməni öldürülüb, 10 nəfər əsir götürülüb. Bu əməliyyata görə, ona mayor rütbəsi verilib. O, 1992-ci il fevralın 26-da düşmənlə axıra qədər vuruşub, dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını təmin edib. O, axırıncı gülləsinə qədər döyüşüb, sonda qumbara ilə özünü partladıb, 10 nəfərə yaxın ermənini də məhv edibr. Xocalının "Mixaylo”su son nəfəsində də düşməndən qisas alaraq şəhidlik zirvəsinə ucaldı. Tofiq Hüseynov o dəhşətli gecədə həm də silahdaşı olan qardaşı Bakir Hüseynovu da itirir. Atası Mirsiyab, anası Minəş xanım, həyat yoldaşı Məxmər xanım və 47 yaxın qohumu da faciə günü şəhidlik zirvəsinə ucaldılar. Ölümündən 4 ay sonra mayor Hüseynov Tofiq Mirsiyab oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
 

Sozümün canı var :  Böyük Vətən müharibəsinin qəhrəmanı olan Mixaylonu ( Mehdi Hüseynzadə ) unutmadıq. Gənclər ona bənzəməyə çalışdı, özünü ona oxşatdı.. Bəlkə də nə vaxtsa gənc Tofiqin də kumiri Mehdi Mixaylo olmuşdu. Bilmirəm! Amma təkcə bildiyim odur ki, təbliğat düzgün aparılsa, məlumat ictimaiyyətə dolğun ötürülsə, indiki gənclikdə Tofiq Hüseynovu özünə kumir seçəcəklər!

Son olaraq bir xahişim var: Şəhidimizə "Allah rəhmət eləsin" deyə bəsit bir cümlə yazmayın... Zatən o Allahın ən gözəl rəhmətini öz canı ilə qazanıb! Yazın ki, inşallah bir gün şəhid olmuş Xocalı  igidlərinin  ruhu azad Xocalının üzərində pərvaz eləsin! O Xocalı ki, hazırda ora gediş-gəliş mümkün deyil! Çünki ora rus sülhməramlılarının dolayısı ilə erməni separatçılarının nəzarəti altındadır!

Əntiqə Rəşid