adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Fevral 2014 12:54
15688
MƏDƏNİYYƏT
A- A+

Fərəc Qarayev: “Azərbaycan məşhur oğlu üçün maksimum nə mümkündürsə, onu da edib”

Qara Qarayevin oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayev atasının heykəlinin açılışında çıxış edərək hadisəni bayram kimi dəyərləndirib: "Biz bu gün müəllimimizin, professorumuzun abidəsini açırıq. O, həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri indiki Bülbül prospektindəki mənzilindən çıxıb konservatoriyaya gedir, səhər saat 11-dən üçə, dördə və beşədək tələbələrlə məşğul olurdu. Zənnimcə, bu yer çox uğurlu seçilmişdir.

Fərəc Qarayev prezident İlham Əliyevin Qara Qarayevin adının əbədiləşdirilməsi ilə bağlı sadaladığı faktlara bir daha diqqət çəkib: "Prezidentimizin dediyi kimi, Azərbaycanda həm Qara Qarayev prospekti, həm metro stansiyası, həm də "Qara Qarayev" teploxodu var. Dövlət kamera orkestri də Qara Qarayevin adını daşıyır. Mərhum bəstəkara bu hörmət və ehtiram ötən əsrin 80-90-cı illərində göstərilmişdir. O vaxt respublikaya, daha sonra müstəqil Azərbaycana Heydər Əlirza oğlu Əliyev rəhbərlik edirdi. Cənab Prezident, həmin ənənənin bu gün davam etməsinə görə biz minnətdarlıq və təşəkkür dolu ən səmimi sözlərimizi ifadə edib, Sizə "çox sağ olun" deyirik. Hazırda çox gözəl incəsənət məktəbinə Qara Qarayevin adı verilmişdir. Bu gün bu gözəl abidənin açılışıdır.

Abidənin maraqlı olduğunu deyən bəstəkarın oğlu eskizlərini müəllif, heykəltəraş Fazil Nəcəfovla müzakirə etdiklərini bildirib: "Düşünürəm ki, heykəltəraş abidədə bəstəkarın daxili dünyasını göstərə bilmişdir. Mənə belə gəlir ki, bu, böyük uğurdur. Azərbaycan məşhur oğlu üçün maksimum nə mümkündürsə, onu da etmişdir. Çox sağ olun, cənab Prezident".