adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 11:24
110
GÜNDƏM
A- A+

Məhkumlarla görüşlər artıq onlayn qeydiyyatla aparılacaq - Nazirlikdən yenilik

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır.

Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir.

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı”  xidməti Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində təqdim edilir.  Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan məlumatları dolduraraq müraciət edə bilərlər. 

İlk növbədə “myGov ID” və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə identifikasiya həyata keçirilir. Daha sonra görüş üçün onlayn forma (görüşün növü, müəssisə, tarix, iştirakçılar və s.) doldurulur və gətiriləcək sovqatla bağlı məlumat əlavə edilir, müraciət Ədliyyə Nazirliyinin aidiyyəti penitensiar müəssisəsinə göndərilir. Müəssisə tərəfindən müraciət yoxlanılır və təsdiqləndikdə vətəndaşa SMS bildiriş göndərilir. Görüşlər yalnız əvvəlcədən müəyyən edilmiş tarix və saatda keçirilir.

Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəzaçəkmə müəssisəsində tətbiqinə başlanılıb. Mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində xidmətin tətbiqi həyata keçiriləcək.

Qeyd edək ki, yeni elektron xidmət vətəndaşlarla penitensiar müəssisələr arasında qarşılıqlı əlaqəni rəqəmsal mühitə daşıyır və görüş müraciətlərinin şəffaf, sürətli və izlənilə bilən şəkildə idarə olunmasını təmin edir.