Sən deyən oldu, Ələsgər... - Əbülfət Mədətoğlu yazır 

ƏBÜLFƏT MƏDƏTOĞLU
139 | 2025-05-29 09:49

Bizim uşaqlığımız, gəncliyimiz bir həyətdə, bir kənddə, sonra da universitet illərində bərabər keçdi. Doğrudu, aramızda 3-4 il yaş fərqi var idi. Amma bu yaş fərqinə baxmayaraq, biz həm qan qohumu ( Dayı oğlu, mama oğlu  idik - Ə. M. ), həm dost kimi həmişə bir-birimizə dayaq durduq, bir-birimizə diqqət yetirdik. Acı da olsa, xatırlamalıyam. Orta məktəbin son illərində öncə atamı, sonra anamı itirdin. Onlar sənin necə böyüdüyünü, necə əziyyətlər çəkdiyini görmədilər. Bir kəndli cocuğu olaraq, şəhərə üz tutdun, fəhləlik  etdin.... Baxmayaraq ki, məktəbi əla qiymətlərlə bitirmişdin. Həmin illərdə ev kirəsi vermək, əyin-baş almaq çətin idi yetim bir uşaq üçün. Ona görə də o vaxtların ən böyük iş yerlərindən biri olan tramvay parkında işlədin, sonra sovet ordusunda sualtı qayıqda xidmət etdin. Özün danışırdın ki, aylarla ulduzlara, aya, günəşə həsrət qalırdın. Elə  xidməti başa vurandan sonra o vaxtkı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul oldun. Əyani oxumaqla yanaşı, gecələr işlədin də. Bəxt üzünə gülməyə başladı.

…Universitetdə tələbə yoldaşlarından birini sevdin, təhsili başa vurub respublikanın prokurorluq orqanlarına müstəntiq kimi işə qəbul edildin. Cəmi bir neçə aydan sonra toyun oldu. Amma toyda da bəxtin gətirmədi. Qardaşın bu toyda oynadığı məqamda ürəyi dayandı, həyata əlvida dedi. Toy yasla başa çatdı. Bilmirəm, bunu niyə xatırlayıram. Amma dəqiq yadımdadır ki, o toyun səhəri günü qardaşını dəfn edəndə dedin ki:

 

-  Yaxşı olmayacaq…heç yaxşı olmayacaq!..

Soruşdum ki, nəyi nəzərdə tutursan. Başını aşağı salıb:

- Həyatımı! – dedin.

İllər ötdükcə gah böyrəyindən əməliyyat olundun, gah xanımının  həyatını  əməliyyat  hesabına  güclə xilas etdin. Vəzifə pillələrin dəyişsə də, həyatının ağrıları, acıları azalmadı. Heç 55 yaşına da çatmadın. Eləcə iş otağında dünyanı dəyişdin. Nə evin qaldı, nə övlad izin. Sanki bu dünyada heç yox idin. Doğuldun, əzablarla yaşadın və bir həkim yanlışlığının qurbanı oldun. Səndən xatirələr qaldı, bir də özündən sonra dostların çap etdirdiyi əl boyda kitabın. Ən dəhşətlisi odur ki, səndən   bir  neçə il  sonra xanımın da köçdü dünyadan. Onu da maşın qəzası apardı. Ziyarətgahdan çıxanda bir namərdin idarə  etdiyi  maşının təkərləri altında qaldı. İndi Saray qəbirsanlığında qoşa yatmısız.

Ayrılığınız bitib. Amma səni tanıyanların, tələbə yoldaşlarının yaddaşında özün, sözün, xatirələrin qalıb. O xatirələrdən biri də «Zöhrəm, dan ulduzum» kitabındır. Tez-tez vərəqləyirəm. Az qala əzbər bildiyim şeirlərini öz-özümə pıçıldayıram. Ancaq  nə edim ki,  dediyin o sözü unuda bilmirəm. Axı demişdin ki, yaxşı olmayacaq. Demək səndə vəh var imiş… səndə gələcəyini görmək duyğusu var imiş… Bunlar da azmış kimi, səndə dünya boyda adamlığı insanlara həsr etmək, hər kəsə qayğı, diqqət göstərmək, hər kəsin hayına çatmaq gücü və enerjisi varmış. Onu da apardın. İndi heç kimdə görmürəm onu, heç bir doğmamda hiss etmirəm, qarşıma çıxmır  Sənin doğmalığın, Sənin  səmimiyyətin   və bir  də  Sənin kimisi. Və…

Sən yazmısan ki:

 

Necə də çətindir ömrün yolları,

Onu büdrəmədən keçmək olmayır.

Vüsalın uzana qalıb qolları –

Yaxşını yamandan seçmək olmayır.

 

Və yaxud:

 

Kədər sıxar məni, qəm döyər məni

Qamətim əyilər belin yerinə.

Titrər barmaqlarım, düşər qələmim

Xəcalət çəkərəm əlin yerinə.

 

Bəli. Sən heç vaxt şeir yazdığını, şairlik iddiasında olduğunu dilinə gətirmədin və hətta evdə, ailədə, qohum-əqrəbada da heç kimə şeir yazdığını demədin. Amma mən bir gün sirrinin üstünü açdım. Belə ki, o vaxtın «Azərbaycan gəncləri» qəzetində sənin və bir neçə nəfər gənc şairin, xalq yazıçısı  Mirzə İbrahimovla birlikdə çəkilmiş şəklinizi gördüm. Həmin məqaləni oxudum və bildim ki, sən respublika komsomolunun nəzdindəki gənc qələmlər dərnəyinin üzvüsən.

Və beləcə sənin ədəbiyyat aləmində olduğuna heç bir şübhəm qalmadı və üstəlik onu da bildim ki, sən daha çox seçdiyin hüquq ixtisasının sirlərini öyrənməyə üstünlük verirsən, şeirə xobbi kimi baxırsan. Bütün bunlardan sonra səninlə fikirlərimi bölüşmək, sənə şeirlərimi oxumaq, göstərmək, mənim üçün daha asan oldu. Sən də həmişə məsləhətlərini məndən əsirgəmədin. İradlarını da dedin, hətta bəzən hansı bir şeiriminsə  üstündən xətt də çəkdin. Mən də razılaşdım səninlə. Axı həm yaşda böyük idin, həm də ustadım sayılırdın. Nə isə...

Uşaqlığından son nəfəsimə qədər hər bir sınağa tuş gələn, hətta təndirə düşən  və  bədəninin müəyyən hissələri  yanan da sən oldun. Lakin heç vaxt məsləkini, yolunu dəyişmədin. Öz əqidənin sərkərdəsi, sahibi oldun. O əqidənin ki, onu yalnız iradə sahibləri başa qədər, sona qədər yaşayır və yaşadırlar. Sən el-oba ilə bərabər bütün Azərbaycanı da sevirdin. Hər dəfə cənubdan söhbət düşəndə «Bir gün bitəcək bu söhbərlər də!» deyirdin. Və yazırdın ki:

 

O yanda Şəhriyar əlində qələm

Ağlayır, sızlayır, anam vay deyir.

Bu yanda Bəxtiyar kədər içində

Amandır, vətənə bir haray – deyir.

 

Qoca Savalana görüşmək üçün

Aylarla, illərlə həsrət çəkirəm.

Üzürəm, üzürəm yüz əlli ildir

Arazı o yana keçə bilmirəm.

 

Bir ovuc torpağı Təbriz elindən

Gətirib qəbrimə tökəydin barı

Birləşə bilməyən ayrı vətənim

Qoy mənim qəbrimdə birləşsin barı.

 

 Bəli. Mən son günlər yaşadığım sarsıntıların içərisində daha çox səni xatırladım. Çox istədim ki, yanımda olasan, ağsaqqallığını, diqqətini göstərəsən. Amma həqiqətdən qaçmaq mümkün deyil, mənim istəyimdən asılı olmayaraq, sən bizi tərk etmisən. Özü də illərlə edilən yanlış müalicənin hesabına. Həkimlər  (  təbii ki, adı həkim olanlar - Ə.M )  sənin ömrünü öz yalnış müalicələri  ilə 55-in astanasında bitirdilər. Mən bu qənaətdə olsam da, amma içimdə hələ də sənin pıçıldadığın və öz həyatınla bağlı söylədiyin o məşhur fikir boy göstərir. Mən burdayam! -deyir.

Bir də xatırladıram, demişdin ki, heç də yaxşı olmayacaq.

Bəli, əzizim Ələsgər Rəşid oğlu Bayramov, sən deyən oldu. Yəni yaxşı olmadı.

TƏQVİM / ARXİV