
Bəlli olduğu kimi, hər bir qələm adamının öz oxucusu var. Yəni ədəbiyyat özü-özlüyündə oxucunun parametrləri ilə, baxış bucağı ilə yaşamaq haqqı, hüququ qazanır. Bu mənada hamımızın qəbul etdiyimiz yazıçıların, yəni söz adamlarının özəllikləri də var. Bu da o deməkdir ki, istər dünya şöhrətli olsun, istər müəyyən bir dairənin qəbul etdiyi yazıçı olsun, onların hər birinin mütləq bir fərqli söz yaratmaq, söz təqdim etmək qabiliyyəti qaçılmazdır. Mən bunu uzun illərdən bəri içərisində olduğum ədəbi cameənin yanaşmasına söykənib özəl bir fikir kimi ortaya qoyuram və israrlı bir şəkildə bildirirəm ki, o yazıçı, o söz adamı oxucu qazanır ki, onun təqdim etdiyi ədəbi-bədii nümunə oxucunun yaddaşında bir xatirəsini oyadır, bir olmuş, baş varmiş nəsnələri təzələyir. Və yaxud da onun maraq hissini oyadır.
Bəli, Fərəc müəllim uzun illərdir ki, yaradıcılığını izlədiyim istər publisist, istər nəsr, istərsə də poeziya nümunələrini oxuyub tanıdığım, dəyərləndirdiyim yaradıcı insanlarımızdan biridir. Lap öncədən deyim ki, Fərəc müəllimin yaradıcılığında jurnalist diqqəti, publisist yanaşması çox güclüdür. O, bir müəllif olaraq qələmə aldığı bütün yaradıcılıq məhsullarında mütləq şahidi olduğu, hətta bəzən iştirak etdiyi hadisəni mövzuya çevirə bilir. Onun hekayə və romanlarında, eləcə də şeirlərində səmimiyyətlə yanaşı, adilik, sadəlik də diqqət mərkəzində olur. Hekayəni oxuyanda mən bir oxucu kimi görürəm və duyuram ki, bu təkcə bədii təfəkkürün bəhrəsi deyil, burda həm də real həyatın mənzərəsi, mövzusu var. Ona görə də hekayə məni məcbur edir, tutub saxlayır ki, onu sona qədər oxuyum, fəhmlə duyduğumun hekayədə təsvirini görüm.
Bu gün oxuculara təqdim edilən kitabda da mən həmin o söylədiyim çalarların şahidi oldum. Demək olar ki, kitabın ilk hekayəsindən “İlkin” povesti daxil olmaqla son nöqtəsinə qədər keçən yolun sağında və solunda həm hadisə var, həm də ona bədii yanaşma, bədii baxış. Hadisə reallıqdır, hər birimiz ona hər yerdə rast gəlirik və gələ də bilərik. Məsələn, ilk sevgini təkcə xatirə kimi yox, yaddaşın bir küncündə bir sirr kimi gizlətmək yox, həm də onu bir təsadüfün və ya zərurətin nüansı kimi qəflətən görüb yenidən yaşamaq. Bu, həyatda hər kəsin başına gələn bir işdir. Çünki insan varsa sevgi də var. Fərəc müəllimin “Stəkan” hekayəsində xırda bir detal var. Armudu stəkanın üstünə “Rəna” yazılıb. Hekayənin qəhrəmanı həmin stəkanı sevdiyi Rənaya Bakıdan alıb gətirib. Və Rəna sözünü də özü yazdırıb stəkanın üzərinə. Ulduzları qovuşmayan bu sevgililər illər sonra xəyalən yenidən üz-üzə gəlirlər. Yas mərasimində çayçı onun qarşısına üzərində “Rəna” yazılmış stəkanda çay qoyur. Bir anlıq şok yaşanır. Bir neçə gün sonra təkrar yas mərasimində yenə həmin oğlan ona həmin stəkanda çay verir. O, stəkanı başqasının qarşısına qoymaq istəyəndə çayçı ona imkan vermir və hərənin öz qisməti var, - deyir.
Hekayənin sonunda məlum olur ki, Rəna son nəfəsinə qədər saxladığı stəkanı ən yaxın rəfiqəsinə, yəni çayçı oğlanın bacısına verib xahiş edir ki, mənim yasıma sevdiyim gələndə çayı ona bu stəkanda versin. Əgər o, yasa gəlməsə, stəkanı daşa çırpıb çilikləyin, bu sirri heç kim bilməsin. Yaşanmış sevgini çox incə bir detalla oxucuya çatdırmaq, məncə, həm peşəkarlıqdır, həm də içində real bir sevgi olan insanın həyat təcrübəsinin bəhrəsidir.
Və yaxud bu gün həyatımıza daxil olmuş mobil telefonların “xəstələri” barəsində olan hekayə. Saatlarla hamıdan və hər şeydən dayanmadan birnəfəsə danışanlar. Bununla bağlı Fərəc müəllimin qələmə aldığı hekayəni oxuyanda mən həyatda görüb tanıdığım xeyli sayda insanı göz önünə gətirdim. Onlar da yerdən göyə qədər ölkənin, az qala dünyanın hər yerindən xəbərləri bir-birinə calaya-calaya xəbəri, mübtədası bilinməyən yığın-yığın mövzuları saatlarla bir-birlərinə çatdırırlar. Bu “telefon xəstələri” sözün böyük mənasında bu gün artıq ünsürlərə, həm də virus yayıcılarına çevriliblər. Onların bu qeybətçiliyi qəlblər sındırır, ailələr dağıdır.
Kitabdakı “Qeyri-adi hadisə” hekayəsi ailə-məişət mövzusunda olsa da, onun şah damarı ər-arvad etibarına söykənir, ailədaxili xəyanətdən bəhs edir. Qadın ərinin ona etdiyi xəyanətin cavabını özünü tanımadığı bir sürücünün qolları arasına atmaqla və bir intim anla verir. Hətta sürücüdən ayrılanda qalib gəlmiş kimi sərt şəkildə deyir: “Məni unut, nə mən səni tanıyıram, nə də sən məni”!
Müəllif qadına müəyyən bəraət haqqı versə də, amma ona xəyanət edən ərin və eləcə də bu yolda olanların özlərinə də bir mesaj verir. Vurğulayır ki, bu cür “qisaslar” hər bir xəyanətkarın başına gələ bilər.
Qeyd etmək istəyirəm ki, Fərəc müəllimin yaşadığı Naxçıvanla bağlı, orada aparılan abadlıq-quruculuqla bağlı hekayələri də dinamikdir. Həmin hekayələrdə bugünkü Naxçıvan, onun gündəmi öz ifadəsini tapıb. İyirmi ildən sonra doğulduğu yurda qayıdan Kazım gözlərinin önündəki mənzərəni yuxu sayır. İnana bilmir ki, bütün bu dəyişikliklər onun doğulduğu bölgədə baş verib. Uzaq Sibirdən Naxçıvana gələn Kazım bir sehrli dünyaya düşür. Möcüzələrlə qarşılaşır. Amma bütün bunlar yazıçının təxəyyülünün məhsulu deyil, bunlar gerçəklikdir. Həmin gerçəkliyin bədii sözlə oxucuya çatdırılmasıdır. Dəfələrlə olduğum və qarşılaşdığım Naxçıvanda gördüklərimin təsviridir.
Yazıçı Fərəc Fərəcovun mövzularının bir çaları da xeyirxahlıqdır. Onun qəhrəmanları istər ötən əsrdən gəlsin, istər bizimlə bir cərgədə dayansın, fərq etmir, qayələri halallıq və xeyirxahlıqdır. Bunu “ASAN xidmət” hekayəsində də, adi kənd müəllimi olan Vüqarın timsalında da açıq-aşkar görmək mümkündür. Xatırlatmaq istəyirəm ki, Fərəc müəllimin əvvəllər oxuduğum və yaddaşıma həkk olunmuş “Ömür bir nağıldır” romanında da Allaha sevgi, inam, eləcə də el-obanın pirani insanlara göstərdiyi böyük sayqı həmişə diqqətimi çəkib və məni mütəəssir etməklə yanaşı, həm də uzaq keçmişimə qaytarıb. Məhz bu yaddaşa təsir üslubu Fərəc müəllimin yaradıcılığında önəmli bir yer tutur. Zənnimcə, onun yaradıcılığını biz oxuculara sevdirən keyfiyyətlərdən biri də məhz budur.
Kitabdakı “İlkin” povesti də məhz həmin o vurğuladığım yaddaşı oyatmaq, diri saxlamaq istəyindən qaynaqlanır. Bu yığcam povestdə İlkin həm xeyirxahlığı, həm inancı, həm səmimiyyəti, həm dürüstlüyü, həm də böyük hərflə yazılacaq İNSANLIĞI ifadə edir. Mən öz yanaşmam tərzi ilə desəm, bu povest həm də uzun bir hekayənin İlkinin timsalında oxucuya çatdırılmasıdır. Ona görə də əminliklə qeyd etmək istəyirəm ki, Fərəc müəllimin bu kitabı həyat reallığının bir nümunəsi kimi qarşılanacaqdır. Və oxuyanların yaddaşını oyadacaqdır.
Uğurlu və mübarək olsun!