
Rusiyanın bir sürü ziyalısı, deputatı, dövlət məmuru ağız-ağıza verib kürsəyə gələn itlər kimi bizə hürurlər. İndi də bu sürüyə Rusiyanın xalq artisti, kinorejissor və əslində mafioz, özü də nəsillikcə mafioz Nikita Mixalkov da qoşulub. Özləri faşist olanlar bizi faşist adlandırırlar. Atalar necə deyir: «Adımı sənə qoyum, səni də yana-yana qoyum».
Günahımız da odur ki, Azərbaycan hökumətindən icazəsiz, qeyri-qanuni torpaqlarımızda qayırdıqları Ayvazovskinin heykəlini uçurmuşuq. Heykəl qoyurdun Tolstoyun heykəlini qoyardın, Dostoyevskinin, Bulqakovun heykəlini qoyardın, ya da bizim Bakıda ucaltdığımız Puşkinin heykəlini. Nədən Ayvazovskinin?! Erməninin?! Bizi yandırıb-yaxmaq üçün?!
Yeri gəlmişkən, o Ayvazovskinin ki, XIX əsrin 90-cı illərində Osmanlı sultanıi II Əbdülhəmid onu adam sayıb İstanbula dəvət etmişdi, çox qiymətli hədiyyələr bağışlamışdı. Osmanlı dövlətinin ən ali medalı ilə təltif eləmişdi.
Sonrası nə oldu? Həmin əsrin 90-cı illərində Türkiyədə, daha doğrusu, Osmanlı dövlətində yaşayan ermənilər qudurub türkləri tutmağa başladılar. II Əbdülhəmid də onları cəzalandırıb layiq olduqları yerində oturtdu. Bu da Ayvazovskinin xətrinə dəydi və namərdcəsinə Osmanlı dövlətinin ən ali medalını tulasının boynundan asdı.
Öz adlarını bizə qoyub bizi faşist adlandırmaları bizi necə yandırırsa, gör onun verdiyi medalın tulanın boynundan asıldığını eşidən II Əbdülhəmid necə yanıb-yaxılıb!
Ermənilər Qarabağda bizim məbədlərimizi, tarixi abidələrimizi, məscidlərimizi dağıdanda, məscidlərimizdə mixalkovlar saxlayanda, dillərini dinməz yerə qoyub heç bir etiraz bildirməyəndə, ermənilərə «vurma, txe» deyənlər nə humanist olublar?! İndi tumanlarını başlarına çırmayıb və xəbərləri də yoxdur ki, yanları da açıb qalıb, bizim haqqımızda ağızlarına gələni qusurlar.
Bir dəfə yazmışam, bilməyənlər üçün bir də xatırladım «vurma, txe» nə deməkdir?
Turşsu yaylağında erməni uşaqlarıyla dalaşanda ataları «vurma, txe» bağıra-bağıra gəlirdilər. «Vurma»nı azərbaycanca deyirdilər, «txe»ni ermənicə təbii ki. Eşidənlər də deyirdilər ki, uşağını və ya uşaqlarını danlayırlar ki, vurma. Əslində isə ermənicə «txe» «vur» deməkdir. İndi Rusiyada 30 il bizi sakitləşdirmək üçün ermənilərə «vurma, txe» deyirdilər. Və elə indi də.
İndi Rusiya görür ki, bizi çərx başına gətirə bilmir, çərlətmə üsulu tapıb, bizi çərlədirlər, ömrümüzü yeyirlər.
Bir sürü tülkünü salıblar Boz Qurdun üstünə. İndiyədək tülkülərin Boz Qurdu boğduqlarının şahidi olan varmı?! Təbii ki, yox.
Mənim bir dayım vardı, bəzən xoşu gəlməyən kişilərə arvad söyüşü edərdi.
Soruşurdum:
- Dayı, sən niyə kişiyə arvad söyüşü edirsən?
Gülüb deyirdi:
- O kişidir ki, ona kişi söyüşü edim?
İndi ürəyimdən keçdi ki, dayım kimi Mixalkova, Zatulinə, Şvıdkoya, day nə bilim hansı kərtənkələyə yağlı bir arvad söyüşü edim, dedim ki, oxuculardan ayıbdı.
Dostum Mirşahin, bilirəm, səni də çərlədiblər. Döz, qardaş, döz, dözməliyik. Mübarizə hələ qabaqdadır. Rəsul Rza necə deyib:
Mübarizə bu gün də var,
Yarın da.
Biz də onun ön sıralarında.