XATIRLAYAQ Kİ, XATIRLANAQ - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
221 | 2025-07-26 16:40

Mənim üçün bu yazını yazmaq “Ədalət”də əritdiyim 33 illik ömrü yenidən yaşamaqdır. Özü də ağrılı və acılı yaşamaq. Düşünməyin ki, mən “Ədalət”də çalışdığım 33 ildən artıq zaman kəsiyini kədərlə anıram. Xeyr, bu heç də belə deyil. Çünki ədalət naminə gerçəyi yazmaq və demək bir vicdan borcudur. Mən uğurlarımın cəmi üçün “Ədalət”ə borcluyam. Lakin...

Söhbət 33 ildən artıq bir zaman kəsiyində bu qəzetdə itirdiyim həmkarlarımdan, qələm dostlarımdan, iş yoldaşlarımdan gedir. Hansı ki onların hər biri “Ədalət”də öz yeri, öz sözü, öz imzası olan qələm adamları idi. Bizim böyük ailədə onların hər birinin ayrıca yeri, hər birinin də “Ədalət”ə ayrıca töhfəsi olmuşdu. Və bu ayrıca yeri olan adamları da bəzən vaxtlı, bəzən vaxtsız deyilən, amma hər iki halda amansız olan ölüm ayırmışdır “Ədalət”dən. Bəziləri bu qəzetin işığında 5 il, bəziləri 10 il, bəziləri biraz artıq yaşadılar, yazıb-yaratdılar. Fələk döydü qapılarını... Bax ona görə də qapıları döyülən həmin adamları, o “Ədalət”çiləri xatırlamaq, onların səsini yaddaşda təzələmək, çöhrələrini göz önünə gətirmək şəxsən məni həqiqətən üzür, kədərləndirir. Və bəzən onların yoxluğuna inanmaq istəmirəm. O adamlar hər biri təkcə doğulduqları, qurduqları ailələrə aid deyildilər, həm də “Ədalət” ailəsinin övladları, təmsilçiləri idilər...

Mən “Ədalət”ə gəlməmişdən öncə hələ “Təşviqatçı” jurnalından tanımışdım Mirmayıl Cəbrayılovu. Birlikdə işləmişdik həmin jurnalda. Bəstəboy, amma qaynar insan son dərəcə həssaslığı ilə, biraz da diqqətsevərliyi ilə qalıb yadımda. Elə yazılarında da hiss etdirirdi həyat sevgisini, yaşamaq istəyini...
Ərşad Mirzə... Onu unutmaq mümkün deyil. Hərəkətləri, jestləri, bəzən gərginliyi aradan qaldıra bilən yumoru indi də gözlərimin önündədir...
Pərviz Əliyev... Onu Azərbaycan mətbuatında tanımayan bəlkə də yox idi. Necə deyərlər, xeyir-şər adamı idi. İstənilən tədbirdə onu təşkilatçı kimi görmək mümkün idi. Həm qələmi var idi, həm təşkilatçılığı, həm də ünsiyyət qurmaq məharəti. Üstəlik, Pərviz Əliyev geniş mütaliəyə malik idi. Bir də idman, xüsusilə, futbol və şahmat üçün sinov gedirdi. Domino oyununda isə onun səs-küyü aləmi götürürdü, uduzmaqla barışmırdı. Yadımda bir də onun “yox yerdən” məclislər təşkil etmək məharəti var idi...

Çingiz Ələkbərzadə... Faciəli ölümü ilə hamımızı üzdü. O, mətbuat işçisindən daha çox intellekt səviyyəsi yüksək olan mədəniyyət adamı idi. Artıq söz danışmaz, artıq hərəkətə yol verməzdi. İşlədiyi bölgələrdə istiqanlılığı ilə özünə əhatə yarada bilmişdi. Bir faciənin qurbanı oldu...
Yusif Misiroğlu... Böyük bir nəslin yazar nümayəndələri sırasında ayrıca yeri var idi Yusifin. O, mərhum qardaşları Ənvər Əhmədin, Əbülfət Misiroğlunun sözə, yaradıcılığa olan marağını, sevgisini biraz da artıq özünə hopdurmuşdu. Söhbətlərində də yumor ana xətt idi. Ona görə də “Poçt qutusu”nu həmişə nəzarətdə saxlayırdı. Onun dadını, duzunu kəm etmirdi...

Oqtay Salamov... Hərdən mənə elə gəlir ki, indi qapı döyüləcək və həmin o səs “Salam əleyküm” deyib əl çantasını atacaq stolun üstünə. Əyləşən kimi də “şef, nə var, nə yox?” deyəcək. Mən hələ də inana bilmirəm ki Oqtayı tanıyanlardan kimsə onu unutmuş olsun. Elə “Ədalət”in arxivində Oqtay Salamov imzasıyla çap olunmuş yazıları oxumaq müəllifin kimliyini görüb-tanımağa kifayət edər. Bax bu məqamda gənc həmkarım Şamxal Şabiyev Oqtay Salamovun bir təbəssüm doğuran sözünü xatırladı:
İş vaxtı Oqtay Salamov redaksiyada yenicə çalışmağa başlayan müxbirdən soruşur:
-    Haralısan?
Müxbir cavab verir:
-    Filan yerdən.
Oqtay: (təbəssümlə)
-    Canın sağ olsun, pis yer deyil.
Bax belə idi Oqtay Salamov.

Hidayət Elvüsal... Düşünürəm ki, sovet jurnalistikasından söz düşəndə satirik qələm ustalarından biri kimi, Hidayət Elvüsal imzası mütləq xatırlanır. Xüsusilə, onun “Kommunist” qəzetindəki yazıları zamanında gündəm olub. Sonra “Səhər” qəzetində... və “Ədalət”dəki “Belə-belə işlər” ən çox mədəniyyət adamlarının kürkünə birə salırdı. Özü də elə ustalıqla sandığın pambığını açıb-tökürdü ki, gözdən qaçıra bilmirdin...
Lətif Süleymanlı... Məhəmmədəli Mustafa... Qələndər Xaçınçaylı... Hər üçünün danışıq tərzi o qədər sadə, amma gündən gələn mövzu olurdu ki, həmin yazıların oxucuya ancaq təbəssüm bağışladığını görmək mümkün idi. Doğrudur, Məhəmmədəli Mustafa filologiya elmləri doktoru kimi bəzən dizini yerə atıb tutarlı elmi məqalələr də çap etdirirdi qəzetdə...

Tofiq Abdin, Vəsilə Usubova, Vahid Əlifoğlu, Həmzə Vəliməmmədov, Qeyrət Quliyev... Səxavət Məmmədov... Surxay Əlibəyli... Əyyub Kərimov... Fuad Həsənov... Səbuhi Məmmədli...

Onların hər birinin təkcə “Ədalət”də yox, həm də ədəbiyyatımızda imzaları, sözləri, kitabları qalıb. 

“Ədalət”in hələlik son itkisi Nazim Ağamirovdur. O, yaradıcılıqdan daha çox qəzetin idarəçiliyində öz dəsti-xəttini seçdirmiş, sevdirmişdi. Ondakı zabitə təkcə məmurluq deyildi, həm də işə məsuliyyətlə yanaşmaq idi...

Bəli, mən bu adları çəkməklə təkcə onların ruhlarını şad etmək niyyətimi gündəmə gətirmədim. Həm də demək istədim ki, 35 yaşlı “Ədalət” sözü bilən, sözü sevən, sözə dəyər verən bu cür şəxslərin varlığı ilə var oldu, möhkəmləndi və xalqın qəzetinə  çevrildi. Təbii ki, qəzetin sükançısının iradəsi də burda əsas meyar idi. İndi 35 yaşı var “Ədalət”in. Mən də onun 33 ildən artığının şahidi kimi qəzetin və mənim həyatımdan gəlib getmiş bu imza sahiblərini xatırladım ki... Müdriklər deyib: Xatırla ki, xatırlanasan!


 

TƏQVİM / ARXİV