İlğım kimi bir  yaşam... - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
179 | 2025-06-17 13:11

Onu  yalnız  O  görür!..

Elə bil dünən idi... Elə bil heç nə baş verməmişdi... Elə bil nə o var idi, nə də mən... Elə bil ki, o da, mən də eyni anda, eyni məkanda dünyaya gəldik... Gəldik ki, bir-birimizi görək, tanıyaq, bir-birimizə güvənək və...  Birimiz o birimizi sevək!..

Bütün bunlar mənim təxminim idi, mənim düşüncəm idi. Mənim içimdən gəlib keçənlər və mənim yaşadıqlarım idi... Yəni ikimizdən biri olan mən bu cür düşünmüşəm, bu cür qəbul etmişəm, bu cür də düşünürəm və bu cür də düşüncələrim içərisində qəbul etidiyimlə yol gedirəm. Bu yolun adını kimsə bilmir... Allahdan və səndən başqa! Allah da, sən də bu adı kimsəyə deməyəcəksiz. Çünki onu deməyin də, bəyan etməyin də heç bir önəmi yoxdur. Ən azından ona görə ki, bu yolu mən gedirəm, səninlə birgə. Deməli, onun adı da sənə və mənə məlumdur. Başqa kimsə üçün bunun nə mənası var, nə də önəmi. Baxmayaraq ki, biz də bu adamların içərisində, bu yerin üstündə, bu göyün altındayıq. Deyəsən bir az təmtəraqlı çıxdı. Bədii bir səhnəyə bənzədi. Amma yox, gerçəklik onsuz da özü-özlüyündə oynanılan tamaşadı. Senarisini Allah yazır, rolları bəndə ifa edir. Bax, elə yazının ilk cümləsində dediyim həmin o andan yazını indi diktə etldiyim ana qədər biz Allahın iradəsini, yəni senarisini gerçəkləşdiririk. Baxmayaraq ki, inancımız da, inamımız da, bəzən bir-biri ilə baş-başa gəlir, toqquşur. Amma bütün hallarda şəxsən mənim içimdən gəlib keçən səs bunu deyir. Yəni söyləyir ki, sevmək üçün yaşamaq lazımdır. Yaşamaq üçün sevmək yox. Doğrudur, bunu başqa bir formada aqillər deyib. Onlar söyləyiblər ki, «yemək üçün yaşamaq yox, yaşamaq üçün yemək» lazımdır. Deməli, mənim inancım da budur ki, mütləq mənada sevmək üçün yaşamalıyam. Bu sevginin çalarlarını, naxışlarını, hətta saç düzümündən tutmuş aldığı nəfəsə qədər hər bir halını ifadə etmək, özününküləşdirmək üçün yaşamalıyam. Bax, onda Məcnun mənim qarşıma çıxa bilməyəcək, Leyli də sənin. Çünki Şeyx Füzuli demişkən “Məcnunun yalnız adı” olacaq.

Hər bir addım, hər bir qərar başlanğıca söykənir. Bu mənada mən sevginin hardan, nədən başlandığını, nəyin üzərində pərvəriş tapdığını öyrənmək, onun bütün varlığına nəzər salmaq üçün demək olar ki, hər gün, hər an baş sındırıram. Amma öyrəndiklərim, hətta varlığıma hopanlar belə məni qane etmir. Görürəm ki, aclıq çəkirəm. Daha çox ehtiyac duyuram o sevginin çalarlarına... mahiyyətinə... mənasına... və hətta mənə verdiklərinə, bağışladıqlarına...

Bax, beləcə sevgidən doymadıqca daha çox sevmək, daha çox bu yolda hər zərbəyə, hər sərtliyə, hər laqeydliyə, hər təpkiyə dözmək haqqının ətəyindən, əlindən bərk-bərk tuturam...

Sizə bəlkə də qəribə gələcək... Bəlkə də kimsə dodaq büzəcək... Bəlkə də kimsə başını bulayıb «boş şeydir, şairlik eləyir!» deyəcək. Olsun, hər kəs öz məntiqində, öz baxışında haqlıdır. Mən kimisə mənim kimi düşünməyə, mənim kimi sevməyə məcbur edə bilmərəm. Ona görə ki, Allah o haqqı mənə verməyib. İkincisi, mənə o güc də bağışlanılmayıb. Deməli, qərar verən də, onu icra edən də özüməm. Elə demək istədiyim də budur. Qoy, heç kim məndən inciməsin. Mən öz yolumun yolçusu, öz sevgimin fədaisi və nəhayət öz duyğularımın şairiyəm. Və...

Ona görə də sığındığım küncdə dayanıb öz-özümə pıçıldayıram:

 

Dilimi sıxıb tuturam,

Sözü – demədən uduram...

Mən, hamını unuduram -

Allahdan və səndən başqa!..

 

Gözümü yola sancıram,

Dərd tapdağında qançıram.

Səssiz – hamıdan qaçıram –

Allahdan və səndən başqa!..

 

Sinəmi yara edirəm

Günümü qara edirəm...

Bilən yox, hara gedirəm? –

Allahdan və səndən başqa!...

 

Qəlbimdə çıraq – şam – adın

Başına dönən şamandım...

Heç kim üçün yaşamadım -
Allahdan və səndən başqa!...

 

***

Bəli, bəzən insan təklənmək, hamıdan qaçmaq, hətta heç nəyi düşünməmək istəyində bulunur və belə anda ən xoş söz də, ən şad xəbər də adamın tükünü tərpətmir.  Ona görəki, həmin o dediyim ovqatın içərisində adam özü və bir də özünün yarısı ilə üz-üzə dayanır. Səni bircə Allah görür, Allah dinləyir və sən də yalnız onu görüb, onunla danışırsan. İndi özün təsəvvür et. Bir ağac dibində Sən və O. Artıq kimsə yox, hətta ağacın budağına sərçə də qonmayıb. Çevrəndə kəpənək də uçmur. Olsa-olsa hərdən yarpaq xışıldayır. O da sənin pıçıltılarına nəqarət olur... Bu mənzərə ən kübar məclislərdən, ən zəngin mənzillərdən, imarətlərdən, ən gur insan çevrəsindən gözəl deyilmi? 

Ömürdən ötüb gedən hər bir an özü ilə çox şeylər alıb aparır. Biz onu həmin an, həmin gün hiss etmirik və hətta bizə elə gəlir ki, heç nə baş vermir. Lakin dərindən düşünəndə ötən anın ömrünə ömür yüklədiyini və yaxud da ömründən ömür kəsdiyni fəhm edəndə onda... susursan. Susmaya da bilməzsən, çünki artıq o hökm icra olunur. Və sən onu geri oxutmaq gücündə deyilsən. Deməli, bu nöqtədə güc yalnız sumağa, bir də kipriklərini suvarmağa çatır... Nəysə...

Bir az pafoslu səslənsə də, mən daha çox duyğulara, hislərə üstünlük verdiyimdən, özüm də fərqinə varmadan həyatdan nəm çəkirəm. Su çəkən kağız kimiyəm.. . Ona görə də yazılarımın damarındakı qəm nəmdən qaynaqlanır. Axı dünyanın harasına getsəm, hansı səmtinə üz tutsam orada qəmin də, nəmin də qonşu olduğunu bəzən isə lap göz-gözə dayandığını dəqiq bilirəm. Bu dəqiqliyi yaşamışam da, yaşayıram da. Ona görə yazmışam ki:

 

Yaşayıram, yaşamaqsa əgər bu

Mən anlara bölə-bölə ömrümü...

Həsrətinlə savaşdayam, günlərə –

Paylayıram, ölə-ölə ömrümü...

 

Bilirəm ki, çox batmışam günaha,

Bürünübdü talehimdə gün aha!..

Sənin üçün, əl açaraq Allaha –

Nəzir dedim, gülə-gülə ömrümü!..

 

Bəlli anda, sən ən böyük sirrimsən,

Qibləgahım, güvənc yerim, pirimsən!

O da birdi, sən də mənim Birimsən –

Qurban etdim, bilə-bilə ömrümü.

 

Zaman atı yük götürmür tərkinə

Çəkilsəm də sınaqların bərkinə!

Sərf etmədim, bu dünyanın dərkinə –

Bir Qadına – verdim gülə, ömrümü.

 

Bütün duyğular bir not üstündədi, bütün simlər eyni havaya köklənib. Deməli, bütün yazı boyu yaşadığım an Allaha və sənə aiddi. Və mən də Allaha və sənə aid olanın qarşısında ümidlə dayanıb gözləyirəm. Bu da mənim haqqımdı...

TƏQVİM / ARXİV