adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"YAZIÇIYA YAZMAQ QALACAQ"

NAHİD HACIZADƏ
18881 | 2014-05-07 00:41
- İlyas müəllim, - dedim, - su gələn arxa bir də gələr. O vaxt Amalya xanım də çətinliklə tapılmışdı. Mənə belə gəlir ki, Nargiləni bu dəfə də tələbələr arasında axtarmalıyıq.
- Bir çətinlik də var. - İlyas müəllim fikirli-fikirli üzümə baxdı. - Tofiq müəllimi yola gətirə biləcəyikmi?
- Yox! - Mən qəti fikrimi bildirdim.
- Nə üçün? - İlyas müəllim diksinən kimi oldu.
Səbəbini izah etməyə başladım.
- Bu barədə Tofiq müəllimə bir neçə dəfə təklifimiz olub. Hər dəfə də deyib: "fikirləşərəm". Tofiq müəllim ehtiyat edir. Bunu özü də gizlətmir. Deyir ki, televiziya məndən bir az uzaq sənətdir. Kameranı hiss edə bilmirəm. Bacarmadığım işə nə üçün baş qoşum?
Çox fikirləşəndən sonra ümumi fikrimiz bu oldu ki, Gülcahan Güləhmədovanı dəvət edək. O, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında pyesə uğurlu quruluş vermişdi.
Gülcahan xanım da çox tərəddüddən sonra razılıq verdi. Ancaq qarşımıza bir şərt qoydu: "Mənimlə mütləq təcrübəli bir televiziya rejissoru işləməlidir".
Biz onun istəyini yerinə yetirdik. İstedadlı, öz işinin məftunu olan Tariyel Vəliyev böyük sevinclə bu işə qoşuldu.
Tamaşanın meydana gəlməsi uzun çəkdi. Gülcahan xanım əsər üzərində zərgər dəqiqliyi ilə işləyirdi. Onun məşqləri bir aləm idi. Baş rolları respublikanın xalq artisti Rasim Balayev və Azərbaycan Dövlət İncəsənət İnstitutunun III kurs tələbəsi Məlahət Abbasova ifa edirdi. İlyas müəllim demək olar ki, hər gün həmin narahatlıq və nigarançılıqla zəng edir, vəziyyəti soruşurdu.
Rejissorlar da, aktyorlar da ilhamla çalışırdılar. Nəhayət, gərgin yaradıcılıq ayları sona yetdi. Tamaşa alındı, özü də gözlədiyimizdən də yaxşı alındı. İlyas müəllimi baxışa dəvət etdik, ancaq gəlmədi.
- Hamınıza inanıram, - dedi, - efirdən baxmaq istəyirəm.
Tamaşa göstərilən gün gecədən xeyli keçmiş zəng etdi:
- Əziz, mehriban dost, çox sağ ol! - Səsində gur fərəh hissi duyulurdu.
- Tam ürəyinizcə oldumu? - deyə soruşdum.
- Qiyamətdir! - dedi. - Hamınız sağ olun! Mənə də, tamaşaçılara da gözəl bir axşam hədiyyə etdiniz. Ömrüm boyu yadımdan çıxmaz bu gün...
Çox premyeralar görmüş, kitab sevincləri duymuş, yaradıcılığı böyük-böyük sənətkarlar tərəfindən təqdir olunmuş müəllifdən bu sözləri eşitmək mənim üçün nə qədər xoş idi! Çünki bu tamaşanın yaranmasında, az da olsa, mənim də zəhmətim var idi. Həm də "Sən həmişə mənimləsən" qəlbən sevdiyim, məftun olduğum əsərlərdən biri idi.
Az keçmədi ki, İlyas müəllimin xeyir-duası ilə baş rolun ifaçısı Məlahət Abbasova Azərbaycan Dövlət Akademik Dram Teatrının kollektivinə daxil oldu.
Deməli, Nargilə cazibəsi ilə iki gözəl sənətkar - Amaliya Pənahova və Məlahət Abbasova böyük səhnəyə vəsiqə aldı.İendi Məlahət Abbasova İstanbul Bələdiyyə Teatrında çalışır.
...Xalq yazıçısı İlyas Əfəndiyevin dramaturgiyası yarım əsrdir ki, Azərbaycan səhnəsində qüdrətlə səslənir, gur səslə danışır. Böyük bir aktyor nəsli onun əsərləri ilə pərvazlanmış, sənət zirvələrinə ucalmışdır. Səhnəmizin fəxri sayılan Həsən Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Səməndər Rzayev, Yaşar Nuri, Bəsti Cəfərova... kimi aktyorlarımızın yaradıcılıq bioqrafiyasında İlyas Əfəndiyev pyeslərinin qəhrəmanları ən yaddaqalan səhifələr yazmışlar.
"Sən həmişə mənimləsən"də natura səhnələri, rəqslər, mahnılar, məharətli aktyor ifası, zərif rejissor, operator, rəssam işi bir axarda qovuşmuşdu. Əsərin televiziya versiyası emosional film təsiri bağışlayırdı. O, müəllifin ürəyini necə yerindən oynatmışdısa, "tamaşa" sözünü yaxına buraxmırdı.
Bir də görürdün zəng etdi:
- "Sən həmişə mənimləsən" üçün yaman qəribsəmişəm.
- Yaxın vaxtlarda sizi görüşdürərik.
- Nahid, proqramı izləyəcəyəm ha...
"Sən həmişə mənimləsən" televiziyamızın uğurlu sənət səhifələrindən biri kimi bu gün də maraqla baxılır, tamaşaçıları həyəcanlandırır...
İlyas Əfəndiyevin dramaturgiyası yarım əsrdən çoxdur ki, Milli Dram Teatrının səhnəsində hökmranlıq edir. O, ömrünün qürub çağında da yazmaq-yaratmaq eşqindən doymurdu.
...İlyas Əfəndiyev ən çox oxunan, tamaşaçı auditoriyası qibtəediləcək dərəcədə geniş olan bir sənətkardır. Bu da hər şeydən əvvəl onun nəsrində və dramaturgiyasında büllur şəlalə kimi çağlayan yüksək bəşəri hisslərlə, saf, insani duyğularla bağlıdır.
Zaman amansızdır, hər şeyi məhək daşına çəkir, seçir, seçmələyir. Görürsən ki, dünən şöhrət zirvəsində olan bu gün yoxdur, səsi-sorağı eşidilmir. İlyas Əfəndiyev zamanla ürək-ürəyə verib. Zaman onu qanadlarına alıb, gələcəyə aparır.
...O, ədəbiyyata aydın, duru, bənzərsiz bir səslə, coşğun nəfəslə gəlib. Xatirələrinin birində yazırdı: "Mən keçmiş Qaryagində (indiki Füzuli şəhərində) coğrafiya müəllimi idim. Orada yazmış olduğum "Kənddən məktublar" adlı hekayələr məcmuəsini 1938-ci ildə - məktəblilərin qış tətilində Bakıya gətirib, Yazıçılar İttifaqında nəsrə baxan mərhum yazıçımız Əbülhəsənə təqdim etdim. O, mənim təhər-töhürümə, ayağımdakı uzunboğaz çəkmələrə baxaraq soruşdu:
- Əzzim, nə istəyirsən?
- Hekayə yazmışam, istəyirəm baxasınız.
- Harda çap olunmusan?
- Heç yerdə.
- Nəçisən?
- Coğrafiya müəllimiyəm.
- Əşşi, camaatın işinə təəccüb qalmışam, coğrafiya müəllimi hara, yazıçılıq hara? - deyə söyləndi.
Bir həftədən sonra onun yanına gələndə məni tamam ayrı cür qarşıladı:
- Əzzim, məni aldatmısan, sən bişmiş yazıçı imişsən, - dedi".
...Beləcə, üç aydan sonra "Kənddən məktublar" işıq üzü görüb və bununla da o, yazıçı sevincinin nəşəsini duyub. "Kənddən məktublar" - onun böyük gələcəyindən xəbər verən yazıçı manifesti, uğurlu yaradıcılıq startı idi. Gənc ədib həmin gündən qələmlə ömürlük ülfət qurdu, əhd-peyman bağladı.
O vaxtdan bəri İlyas Əfəndiyevin əsərləri əllərdə, adı dillərdə gəzir.
Bu, sənətkar xoşbəxtliyidir. Əsən ruzigarların sərt, amansız dalğalarında sönüb-səngiməyən, illər dolandıqca, zaman keçdikcə daha da güclənən, qüdrətlənən bu sevginin qaynağı hardandır?
Cavab qısa və aydındır: İlyas Əfəndiyev xalq ürəyindən qopan sənətkar idi. Onun yaradıcılığı bütünlükdə İnsana, onun ucalığına oxunmuş himndir - sevgi dolu enməz və sönməz bir himn!
..."Seçilmiş əsərlər"in birinci cildi sənətkarın oğlu, xalq yazıçısı Elçinin "İlyas Əfəndiyev. Şəxsiyyəti və sənəti haqqında bir neçə söz" adlı müqəddiməsi ilə açılır. Burada "bir neçə söz" ifadəsi şərti məna daşıyır. Çünki səhifələri çevirdikcə görürsən ki, böyük məhəbbət və iftixar hissilə, İlyas Əfəndiyevin şairanə nəsrilə həmahəng səslənən poetik, çox oxunaqlı, şirin bir dil ilə yazılan, faktların, hadisələrin zənginliyi, eləcə də elmi siqləti ilə seçilən bu müqəddimə sanballı bir əsərdir, başqa sözlə desək, kitab içində kitabdır.
Onu zəngin mündəricəli bir esse, monoqrafiya və sənədli povest adlandırmaq olar.
Bu bir həqiqətdir ki, İlyas müəllimin ömrünün, yaradıcılığının ən gözəl illəri Elçinin gözləri qarşısında keçib.
Onları bir-birinə təkcə ata-oğul istəyi bağlamırdı, həm də iki söz ustasını sənət, əqidə baxışları birləşdirir, doğmalaşdırırdı.
Bunu müqəddimənin hər səhifəsində aydın görmək, duymaq olar. İlk sətirlər də bunu deyir: "İlyas Əfəndiyev ən dəruni hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsil-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun uşaqlıq dövrünə getmisən.
Mən deyə bilmərəm ki, İlyas Əfəndiyev keçmişlə yaşayırdı, çünki belə deyildi, bəlkə də, əksinə idi, o, gələcəklə yaşayan bir adam idi və onun yaradıcılığındakı daimi yenilik meyli də, şəxsiyyətindəki xüsusiyyət - həmişə təzəlik, yenilik sorağında olması da, güman ki, elə buradan gəlirdi, amma bir cəhət də həqiqət idi: keçmiş həmişə İlyas Əfəndiyevin içində idi, həmişə onunla birlikdə idi".
Müasir Azərbaycan ədəbiyyatının, ədəbi dilinin, teatr sənətinin inkişafında İlyas Əfəndiyev yaradıcılığının müstəsna rolunu və yüksək bədii-estetik xüsusiyyətlərini böyük məhəbbətlə tədqiq edən alimlər onun haqqında çox dəyərli, çoxsaylı monoqrafiyalar, kitablar, məqalələr yazmışlar. Bu sırada həmişə fəxr etdiyimiz unudulmaz tələbəlik dostum, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum professor Yaşar Qarayevin adını ayrıca çəkmək istərdim.
Bir tənqidçi alim kimi uzun illər Yaşar Qarayevin elmi yaradıcılığının əsas tədqiqat obyektlərindən biri İlyas Əfəndiyevin nəsri və dramaturgiyası olub.
Elm aləmində xüsusi yeri, zirvəsi olan Yaşar Qarayevin bənzərsiz tənqid üslubu İlyas Əfəndiyevin sehrli sənəti ilə necə də həmahəng səslənir!
Elə bil zaman məxsusi olaraq şair ruhlu, güclü intellektual potensialı ilə ucalarda dayanan Yaşar Qarayevi elm aləminə, ədəbi tənqid səngərinə gətirdi ki, qələm götürüb qəlbinin var səsi ilə vurğunu olduğu İlyas Əfəndiyev hekayələrindən, povestlərindən, roman və pyeslərindən ehtirasla söz açsın.
Onun İlyas Əfəndiyevin "Seçilmiş əsərləri"nin birinci cildinin sonunda verilmiş "Əsrə sığmayan nəsr, yaxud zirvədə teatrı, səhnəni saxlayan lirika..." adlı irihəcmli, poetik, qəlbə qanad verən məqaləsini də (Elçinin "Bir neçə söz"ü kimi bu da kitab içində bir kitabdır!) birnəfəsə oxudum. Ruhən təzələndim, duruldum və İlyas Əfəndiyev qələminin ecazına, Yaşar Qarayev sözünün qüdrətinə yenidən vuruldum.
Yaşar Qarayevin böyük sevgiylə yazdığı "Son söz"ü İlyas Əfəndiyev nəsrini və dramaturgiyasını daha dərindən duymaq, tədqiq etmək üçün araşdırıcılar qarşısında yeni cığırlar, yollar açır.
O yazır: "Qarabağın tarixi barədə klassik sənədlər - yeddi "Qarabağnamə" var. Bütövlükdə İlyas Əfəndiyev yaradıcılığını mən səkkizinci "Qarabağnamə" hesab edirəm! Qarabağın taleyi və gələcəyi barədə düşüncə, nigarançılıq və həsrət bu "Qarabağnamə"dən eşidilib.
O, Azərbaycan ədəbiyyatında ən çox pyes yazan dramaturq sayılır. İlyas Əfəndiyev ölməz sələfləri Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi öz məktəbini - lirik-psixoloji teatr məktəbini yaratmışdır.
Onun pyesləri Moskva, Ankara, İstanbul, Daşkənd, Tbilisi, Razqrad, Almatı, Aşqabad, Mahaç-Qala və dünyanın bir sıra teatrlarının səhnəsindən səslənmiş və səslənməkdədir.
Sənətkarın qələm dostu Mehdi Hüseynlə birlikdə yazdığı ilk səhnə əsəri - "İntizar" pyesi 1944-cü ildə tamaşaya qoyulmuşdur. İlyas Əfəndiyev o vaxtdan ömrünün son günlərinədək teatrla nəfəs almış, onun cazibəsində olmuşdur.
Müəllifin "Bahar suları", "Atayevlər ailəsində", "Sən həmişə mənimləsən", "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm" və bir sıra başqa pyesləri Azərbaycan dramaturgiyasının inciləri sırasındadır.
Yazıçının "Apardı sellər Saranı", "Yarımçıq qalmış portret haqqında mahnı", "Şəhərdən gələn ovçu", "Qırçı və qızıl çiçək" hekayələri, "Aydınlıq gecələr", "Qaçaq Süleymanın ölümü", "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestləri, "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca" və "Üçatılan" romanları müxtəlif nəsilləri təmsil edən oxucular tərəfindən sönməz bir həvəslə və məhəbbətlə oxunur.
Bu sevginin, məhəbbətin əsas sirri odur ki, İlyas Əfəndiyev böyük humanistdir, bəşəri yazıçıdır, yaradıcılığı başdan-başa işıqla doludur. O, bir sənətkar olaraq ən dəruni hisslərin, duyğuların tərcümanı kimi geniş şöhrət qazanıb.
Onun əsərlərində insanları sevən, onların sevincləri, dərdləri, iztirabları ilə yaşayan zərif duyğulu bir ürək çırpınır. Yaşlı və orta nəsil İlyas Əfəndiyevi qədərincə oxuyub, oxuyur və oxuyacaq da! Və buna da qəlbən inanırıq ki, onun yaradıcılığına olan sevgi heç vaxt sönüb-səngiməyəcək.
Ölməz ədibin "Seçilmiş əsərləri"nin yeni nəşri oxucuların ürəyindən xəbər verən çox sevindirici bir hadisədir! Deməli, yeni nəsil bu qüdrətli sənətkarın əsərlərini bir küll halında oxumaq imkanı qazandı.
Oxucular sevindiyi kimi yazıçının da ruhu sevindi!
İlyas Əfəndiyev. "Seçilmiş əsərləri". Yeddi cilddə... Yeddi dağ silsiləsinə bənzəyir bu cildlər. Onların hər birində sənətkar ömrünün illəri və ədəbiyyatımızın klassik nümunələrinə - incilərinə çevrilmiş izləri yaşayır. Bu yeddi dağ silsiləsi XX əsrdən yeni əsrə - XXI əsrə üz tutub...
...Hər dəfə kağız-qələm məni çəkəndə, özümü kökləmək üçün İlyas Əfəndiyevin kitablarından birini götürüb, xeyli müddət onunla baş-başa qalıram. Qulaqlarımda ustadın müdrik sözləri cingildəyir: "Yazıçıya yazmaq qalacaq".
İlyas Əfəndiyevin həyat sevinci yazmaq olub, bütün ömrü yazmaqda keçib: hekayələr, povestlər, pyeslər, romanlar... Ədəbiyyatımızın incilərinə çevrilmiş, Azərbaycanın hüdudlarını çoxdan aşmış bu əsərlərlə o, gələcək əsrlərə, gələcək nəsillərə üz tutub...

Nahid Hacızadə

TƏQVİM / ARXİV