adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Yaddaşımda xoş təəssüratı qalan hüquqşünas - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
380 | 2022-11-18 10:28

İnsan həyatı yaşanan illərlə deyil, həm də ictimai faydalılığı ilə, yəni cəmiyyətə, millətə, torpağa olan faydası və təması ilə həmişə diqqət mərkəzində olur. Bu mənada dünyasını dəyişən hər kəs haqqında düşünəndə məhz söylədiyim o özəl nüanslar göz önünə gəlir...

Mən onunla ilk dəfə Beyləqanda görüşmüşəm. Onda Sovet dönəmi və 1989-ci il idi. Necə deyərlər, Dağlıq Qarabağda hadisələr artıq qızışmağa başlamışdı və bu hadisələrin fonunda, həm də bütün Azərbaycanda bir gərginlik, bir rahatsızlıq yaşanırdı. Hər kəsdə nə baş verdiyini və nədən baş verdiyini təxmin etməyə, özü bildiyi səviyyədə, özü bildiyi müstəvidə  yozmağa çalışırdı. Mən də ezamiyyətə getmişdim Beyləqana. Təbii ki, həmin dövrün yazılmamış qanununa uyğun olaraq öncə Rayon Partiya Komitəsində qeydiyyatdan keçdim, gəlişimin səbəbini söylədim və sonra raykomun əməkdaşı ilə birlikdə o vaxt Jdanov adlanan Beyləqanın Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov adına olan kolxozuna getdik. Kolxoz sədri rayonun sayılıb-seçilən ağsaqqallarından idi. O həm də Sosialist Əməyi Qəhrəmanı adın, Lenin ordeni almış təsərrüfat rəhbərlərindən olduğundan həmişə adı da, işi də ön sırada, ön yerlərdə olmuşdu.

Təsərrüfatda mətbuat üçün maraqlı olan məsələlərlə bağlı faktları aldıqdan sonra kolxoz sədri Əlibala Şirinovun təkidi ilə çörək kəsdik, yəni onun qonağı oldum. Söhbət ailədən, uşaqdan, nəsildən, eldən-obadan düşdü. Təbii ki, Azərbaycan mentalitetinə uyğun olaraq və həm də yaxın rayonlar olduğumuzdan müəyyən tanışlıq, hətta uzaq qohumluq münasibətləri də ortaya çıxdı. Bu da münasibətimizə bir az da istilik qatdı. Bax, elə həmin o söhbət zamanı Əlibala Şirinov bildirdi ki, oğlu rayon prokurorudu və ilk dəfə mən onda İxtiyar Şirinovun adını eşitdim...

Beyləqana növbəti səfərim təqribən 1 il sonra oldu. Bu dəfə rayon prokuroru  İxtiyar Şirinovla bir şikayət məktubu əsasında görüşdüm. Şikayətçinin iştirakı ilə məsələ çözüldü və sonra biz Qarabağ məsələsini müzakirə etməyə başladıq. Prosesin necə baş verdiyini və bundan sonra nələr ola biləcəyini bildiyimiz bir şəkildə bölüşdük. Mən onun ziyalılığını, sadəliyini, həm də səmimiyyətini çox rahatlıqla qəbul etdim. Elə bil ki, rayon prokuroru vəzifəsində çalışan bir insanla yox, adi Azərbaycan ziyalısı ilə söhbət edirdim. Tam səmimi deyim ki, o vaxta qədər qarşılaşdığı prokurorlar içərisində belə bir sadə, səmimi insana rast gəlməmişdim. Nə onun danışığında, nə davranışında tutduğu vəzifənin zabitəsi, hökmü, ümumiyyətlə, cizgiləri görünmürdü, hiss olunmurdu...

Həyat bizi 1990-cı il hadisələrində yenidən qarşılaşdırdı. Bu mənim İxtiyar Şirinovun rayon prokuroru işlədiyi dövrdə qarşılaşdığım, həmsöhbət olduğum ikinci məqam idi. Bu dəfə artıq tanış adamlar kimi görüşdük, dərdləşdik. Sonra məlum hadisələr baş verdi və İxtiyar Şirinov müstəqil Azərbaycanın mərhum Murad Babayevdən sonra ilk baş prokuroru oldu...

Onun öz vəzifəsini necə icra etdiyi, siyasi arenada hansı nüfuz sahibi olduğu hər kəsə məlumdur. Necə deyərlər, o necə işlədi, hansı işləri gördü, bilənlər bilir. Amma mən onu bir insan kimi, Azərbaycanın bir vətəndaşı kimi, tanıdığım, həmsöhbət olduğum andan yaddaşıma köçürmüşdüm və elə yaddaşımda da o cür qalıbdır. Sadə, səmimi, təvazökar və mehriban bir insan. Həm də hüquqşünas kimi barəsində işlədiyi rayonda heç vaxt ürək bulandıran, insanı qıcıqlandıran fikirlər eşitməmişdim. Ona görə də onun dünyadan köçmə xəbərini eşidəndə xatirələr baş qaldırdı və mən də bir zəhmət adamının, bir torpaq adamının övladı olan İxtiyar Şirinovun ölümünə təəssüfləndim.

Düşünürəm ki, cəmiyyətimizdəki fikir prüalizmi imkan verir ki, kimin kim olduğunu və kimin hansı səviyyədə, hansı nöqtədə nələri özündə ehtiva etdiyini ifadə etmədən sadəcə bir insan kimi haqqa qovuşanların arxasınca bir rəhmət duasını dilə gətirmək heç də pis olmaz. Ən azından bu dünyada qalan xatirələr, izlər, bunu bizdən tələb edir. Bu haqqı bizim boynumuza qoyur. Deməli, İxtiyar Şirinovla birlikdə çalışanlar, onunla çiyindaş olanlar, istər onunla qarşı-qarşıya gələnlər, istər bütövlükdə dost, qohum, qonşu, el-oba, bir sözlə, hər bir insan bir ömrə borclu olduğunu düşünərsə, onda dilindən, qəlbindən heç vaxt duanı yəqin ki, kəm etməz. O duanın qəbul edilib-edilməməyi isə Allahın ixtiyarındadı.

Bəli, mən həyatda ikicə dəfə qarşılaşdığım və həmin dövr üçün çox önəmli olan hadisələr barəsində söhbət etdiyim İxtiyar Şirinovu bir ziyalı kimi, bir hüquqşünas kimi tanımışam, yaddaşıma köçürmüşəm və bu gün də onun haqqa qovuşmasına təəssüflənirəm. Ona görə də həmin haqq-salamın işığında ona Allahdan rəhmət, doğmalarına səbir diləyirəm.

TƏQVİM / ARXİV