XİFFƏTİNİ ÇƏKDİYİM İLAXIR ÇƏRŞƏNBƏSİ - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2620 | 2022-03-15 17:18

And içərəm ki, kəndimiz erməni quldurları tərəfindən işğal olunandan sonra Novruz bayramını ürəklə qeyd etməmişəm. Könülsüz-könülsüz bir qazan plov dəmləmək, ərinə-ərinə, ”qonşudan qalma dala” prinsipi ilə bir sini şirniyyat bişirmək, iki üç şax-şəvəli üst-üstə qoyub, yüngülvari bir ocaq qalayıb, adını “tonqal” qoymağı bayram hesab edirsinizsə , edin. Bu proses mənim üçün bayram deyil, sadəcə candərdi milli ənənəni yerinə yetirmək kimi vacib bir əməldi, vəssalam! Elə illər olub ki, hətta bayram keçirmək kimi bir marağım da olmadı. Şablonlaşmış adət-ənənə isə istəsən belə, əsl bayram ola bilmir.

İnanıram ki, hazırda yazdığımı oxuya-oxuya dodaq büzən, fikrimi qəbul etməyənlər var. Olsun! Qınamıram sizi! Axı sizin bir çoxunuz mən gördüyüm bayramları görməmisiniz. Görsəydiniz mənimlə razılaşardınız. İndi mən sizə sözün qüdrətindən istifadə edərək kəndimizdə keçirdiyimiz bayramları təsvir edim, sizdə baxın-görün bayram necə olur.

 

Kəndimizin Novruzu

Bizim kənddə Novruz bayramına hələ payızdan hazırlıq görülürdü. Bayram şirniyyatlarının, süfrənin bəzəyi qoz-fındıq torbalanıb taxçalara yığılardı. Albuxara gavalının, zoğal axtasının, ərik qurusunun (qaysı) torbalarının yanına. Böyük bir bağımız vardı, elə bir meyvə yox idi ki, o bağda əkilməmiş olsun, nənələr demiş “löyünbəlöyün”! Payız meyvələri: üzüm, armud, alma, heyva, nar, yeşiklərdə samanın içində taxtapuşa yığılardı. (Taxtapuş-şifer, dəmir vurmaq üçün evin damında  qurulan çardaq) Belə işlərə kişilər baxardı.

Hə yadıma düşmüşkən deyim, pırnıxlar hamının evində olan tərəcənin (qamış, qarğı və s.-dən hörülmüş “polka”) həsirin üstünə düzülür, bayrama qədər qalması təmin edilirdi. Yəni, uşaq-böyük “kökünə daş atmasa”. Bayramda samanın içərisindən çıxarılan həmin meyvələrin qoxusu adama ləzzət edirdi. (O gündən bu günə qədər o qoxuları heç bir meyvədən almamışam). Qışın son günləri , təxminən fevralın sonları martın əvvəli kənddə hər həyətdən mütləq burula-burula tüstü çıxardı. Ağacların dibinə tökülmüş yarpaqlar, dırmıqla yığılıb, komalanır, yandırılırdı. Dırmıq işi bitən kimi yerdə qalan dırmığa gəlməyən yarpaqlara isə süpürgə ilə həşir gəlirdik. Bağçadan son yarpaq bitənə qədər süpürərdük. Bu zaman bağımızda azacıq-azacıq göyərən zərif otlar və bənövşələr apaydın görünərdi. Məsələ keçirdi ağacların əhənglə dibindən ilk qol-budağına qədər olan məsafənin ağardılmasına.

Daha sonra bağ- bağat suvarılardı, daha gözəlləşərdi. Bu iş əsasən su çərşənbəsi ərəfəsində baş tuturdu. Kəndin kişiləri bağ-bağatla əlləşdiyi zamanda demək olar ki, bütün evlərdə evin qadınları “evi tökürdülər”. Yəni, evin içərisində nə varsa bayıra tökülər, evin qışdan qalan “qurum”u alınar, ehtiyac duyularsa divarlar yenidən rənglənər. Mebel və əşyalar asta-asta yuyulub qurulanar, yorğan döşək, yastıqlar çırpılar, mələfələr, yastıq və yorğan üzləri yuyulub təmizlənərdi. Biz də analarımıza qoşulub. əlimizdən gələn köməyi əsirgəməzdik. Balacalar hec nə bacarmasalarda əllərinə keşən yun çubuğu ilə yastıqları döşəkləri döyəcləyərdilər. Hamı da bayrama məxsusi bir hazırlıq , bir həvəs vardı.

4 dəfə tonqal qalanardı. Payızda budanmış ağac budaqları tonqallar üçün bölünərdi. Biz də boyananın qurumuş çubuqlarını və bir də balaca şifer qırıqlarını xəlvətcə tonqala atardıq. Onların ocaqda çartırtı ilə yanması sevincimizi birə min edirdi. Hər çərşənbə axşamı əski patçalarından düzəltdiyimiz, məftillə bərk-bərk bağladığımız “yumrular”ı –“ şarlar”ı yandırıb göyə atmaqdan xüsusi zövq alardıq. Sanki yarışırdıq görək kimin atdığı alovlu şar daha yüksəkliyə qalxacaq. Neçə adamın çəpərinə də od düşmüş, camaat yığışıb söndürmüş, amma buna görə kimsə kimsənin xətrinə dəyməmişdi.

Uşaqlarda ilaxır çərşənbəyə qədər , torba tikdirmək, “şar” düzəltmək, tonqal üçün “çartıldayan” ağac- odun, çırpı yığmaq əyləncə halını alırdı. Hələ martın ilk günündən başlayan “yumurta döyüşləri”nə böyüklərində qarışması bir ayrı aləm olardı.

İlaxır çərşənbəyə 3-4 qalmış şirniyyatlar bişirilir, pay-pürüşlər bölünür, qonaq gedilir. Xüsusən, evində dilxorçuluq olan, itkisi, ölüsü düşmüş evlərə qonaq getmək sanki hər ailənin boynunun borcu idi. Hamı bayram etməyən o ailəyə baş çəkər, bişirdiyi şirniyyatlardan sovqat aparardı. Bayram günü isə “xuşgəvər”li şah plovdan da o evə pay gedərdi.

Nəhayət gözlənilən gün gəlib çatır. Mən hələ də anlamıram ki, analar bir o qədər işin öhdəsindən necə gəlirdilər? Plov , kabab, yarpaq dolması hazır, meyvələr, ləbləbilər, şirniyyatlar: şəkərbura, paxlava, şəkərçörək... Bir sözlə, süfrə dolur nemətlərlə, barmağını qoymağa yer yox!

Kəndin gənc , subay oğlanlarının vəzifəsini yazmağı unutdum. Bayram günü kəndin mərkəzində “Mal meydanı” deyilən yerdə böyük bir toy mağarı qurardılar. Yerə palazlar, gəbələr döşəyərdilər, “divarlara”da, Hələ dövrələnib oturmaq üçün “ocaqqırağı” deyilən nazik uzun döşəklər mağarın içi ilə düzülərdi . Təkcə qarmonçalan Seymur, nağaraçalan Vüqar məclisin ən hörmətli yerində stolda oturardılar.

İndi də kəndin gənc, subay qızları neyniyirlər, ondan danışaq. Bayram süfrəsində yemək yeyiləndən sonra uşaqlar” papaq atmağ” , təzə gəlinlər, gənc qızlar bir birinə qoşulub “qapıpusmağa” gedirlər, “pusduqları” evdən eşitdikləri sözü öz niyyətlərinə uyğun yozardılar.

O vaxt – bayram günü insanlar bir-birinə sanki doğmalaşırdılar bir ev, bir ailə olurdular. Kəndin aralıqlarında, yollarında, məhlələlərində qadınların-qızların gülüşümdən , qəhqəhəsindən, uşaqların hay- küyündə ailə başçılarının birləşib hansısa xəstəyə,kimsəsizə pay apararkən qarşılarına çıxan həmkəndliləri ilə ayaqüstü bayramlaşmasından, şən səslərindən qulaq tutulurdu . Saat 10 tamama qədər kənd arı pətəyinə dönürdü. O vaxtdan sonra kəndin qız-gəlini yığışardı gənclərin gündüz saatlarından qurub yaratdıqları “bayram çadırı”na. Qızlar özləri ilə hərəsi bir xonçalıq şirniyyat, meyvə, qoz-fındıqda gətirərdilər. Əvvəlcə oğlanlar öz aralarında seçdikləri “fərraş”ın ( tədbirin aparıcısı) əmri ilə “aşıqlar”ımıza öz fəaliyyətinə başlamağı əmr edərdi. Sonra ortaya bir kasa qoyulardı. “Fərraş” o kasanın içərisinə 10 qızın adını yazıb atardı. Kasa sıra il oğlanların qarşısına qoyular, ordan bir qızın adı çıxarılardı.

Həmin oğlan mütləq o qızla rəqs etməliydi. “Fərraş”ın sözündən çıxmaq olardımı? Rəqsə gecikən nar çubuğundan nəsibi alırdı. Kasadan qızların adı bitəndən sonra bu dəfə ora oğlanların adı yazılıb qoyulur, kasa növbə ilə qızların qarşısına qoyulardı. Ordan mütləq bir oğlan adı yazılmış kağızı çıxarmalıydın! Kim rəqsə dəvət edirdisə, dəvət etdiyi qızın və yaxud oğlanın hansı rəqsi oynamaq istədiyini soruşmalı və özü də həmin havaya oynamalıydı. Bu ona görə idi ki, küsülülər varsa mütləq barışsın. Arada yorulanda hərə bir lətifə danışardı. Lətifə bilməyənlər isə başına gələn gülməli bir hadisəni nəql etməliydi. Bu arada məclisə gətirilən xonçalar da unudulmurdu. Məclisin ən maraqlı yeri gizlədilmiş qoz və konfeti tapmayanın “cəzalandırılması” məsələsiydi. Gizlədiləni tapmayan “cəzalı” səsvermə vasitəsilə məclisdəkilərin seçimi ilə ya oxumalıydı, ya oynamalıydı.

Ya da 4-5 paxlavanı birdən yeməliydi. (paxlavalıq yermi qalmışdı?) “Oynaya bilmirəm deyib “nəm-nüm”eliyən “cəzalı”ya bir nar çubuğu dəyəndən sonra siz onun oynamağına baxaydınız. Mağardakı qəhqəhə kəndi başına götürərdi. Bu minvalla səhər saat 6-ya qədər məclis davam edirdi. Saat 6-da hamılıqla təbii ki aşıqlarımızın müşayətilə, gedirdik kəhrizin üstündən tullanmağa! (“hoppanmaq”da deyirdik) Tonqalın üstündən atlananda, “ağırlığım, uğursuzluğm burda qalsın” deyirdiksə, suyun üstündən atlnanda da “ağırlığımı-uğursuzluğumu su yusun aparsın” deyib bir-birimizə də qəflətən su çiləyirdik. Səs- küy göyə qalxardı. Sonra hər kəs əlindəki qab-qacağı kəhrizdən doldurub evinin həndəvərinə, həyət bacasına səpələyirdi, yeni ildə aydınlığa, paklığa, bərəkətə qovuşsunlar. Hamı şad, hamı xöşbəxt evinə-eşiyinə dağılışardı. Elə bayram məclislərindən sonra neçə qıza elçi gedilirdi, neçə gəncin bəxti açılırdı.

Artıq 1992-ci ildən üzü bəri o bahar bayramları üçün burnumun ucu yox, ürəyimin başı göynəyir. Yenə yaz gəlir, yenə Bahar- Novruz bayramı yaxınlaşır...Hələ də bizim kəndimizin bayram hazırlığını, bayram həvəsini, bayram şənliyininin həsrətindəyəm...

Torpaqlarımız işğaldan azad olunub. Kəndimizə dönmək ümidimiz böyükdür. Amma içimdə bir narahatçılıq var. Görəsən, o bayramları bir də elə yaşaya biləcəyikmi?

Bayram kimi keçirəcəyiniz bayramınız mübarək!

 

TƏQVİM / ARXİV