Xalid KAZIMLI: Finalda oynamağın iki yolu

XALİD KAZIMLI
67768 | 2018-07-17 17:55

Açığı budur: futbolu şahmat kimi oynayanlardan zəhləm gedir. Futbol dediyin dinamik, atletik oyundur, hücum edəcəksən, hücuma məruz qalacaqsan, qol vuracaqsan, qol vuracaqlar və sair və ilaxır.

Yoxsa İspaniya kimi hey irəliyə, böyürə, yana, geriyə ötürmələr verə-verə topu özündə saxla, axırda da rəqib qapısına tərəf bir zərbə vurma - bu, futbol deyil.

İtaliyanın futbol qrossmeysterləri də eyzən müdafiədə otura-otura, rəqibin səhv etməsini gözləyə-gözləyə vaxt öldürür, futbolun bütün gözəlliyini, atletizmini öldürür.

Fransa millisi də onlardan öyrəndi-nədi, italyan oyunu oynaya-oynaya, qələbə üçün hər yola əl ata-ata gəlib çempion oldu - ləzzət eləmədi.

Məncə, başa çatan mundialın ən yaxşı üç komandası Xorvatiya, Belçika, Uruqvay idi. Məhz onlar futbolu futbol kimi oynayırdılar, qaçırdılar, qovurdular, qələbə üçün çalışırdılar, vaxt öldürmürdülər.

Fransa millisində "bala Pele”dən, yəni Mbappedən başqa ürəkdən tikan çıxardan futbolçu yox idi. O da bir Neymardan simulyantlıq öyrənməsə, bir də adı qulağına dəyəndə qudurmasa, yaxşıdır.

Bütün bunlar uzun söhbətdir. Qısa desək, yaxşı, yaddaqalan çempionat oldu. Amma biz bu dəfə də mundiala televizordan baxdıq, gendən-genə və ona-buna azarkeşlik elədik.

Əgər bu mundialda bizim milli komandamız da iştirak etsəydi və yarımfinalda, finalda oynasaydı, yəqin ki, 50 min azarkeşimiz varıb, türkün sözü, Moskvaya gedərdi, oyuna canlı-canlı baxardı.

"Millimizin yarımfinalda oynaması...”. Fantastik göründümü? Əlbəttə. İndilikdə gerçəkdən də bu, fantastik nailiyyətdir. Amma xorvatlar oynadı axı. Yarımfinalda da oynadılar, finalda da. Bir az fəndgirlik, kəmfürsətlik etsəydilər, bir az da şansları gətirsəydi, çempion olacaqdılar.

Biz isə sayca bizdən iki dəfə az olan xorvatlara həsəd apara-apara qaldıq. Onlar dünya üçüncüsü də olublar, dünya ikincisi də. Gün gələcək, dünya birincisi də olacaqlar. Biz isə hələ seçmə oyunların qrupunda axırdan birinci olmayanda sevinirik.

Söz yox, xorvatlar qoçaq millətdir, əzmkar, döyüşkən, qətiyyətlidirlər. Ona qalsa, heç biz də əfəl-zad deyilik. Təkbətək idman növlərində (boks, güləş, taekvondo, dzü-do və s.) xorvatlar atletlərimizin əlində çox tab gətirmirlər.

Di gəl, adamlar komanda olmağı, bütünləşməyi, 22 ayaqlı canlıya, vahid orqanizmə çevrilməyi bacarırlar.

Bizim xorvatlar (islandlar) kimi olmağımız üçün iki yolumuz var. Bunun ikincisi döl siyasətinə baş vurmaqdır.

Bu, çətin yol deyil. 200 gözəgəlimli, idmançı cüssəli, sağlam cavan oğlan seçirsən, hərəsinə bir atletik, sağlam və gözəl xorvat qızı alırsan. Bir ildən sonra 200 övlad doğulur, 100-ü sarışın, göygözlü, qarasaçlı türk-xorvat metisi olur. Bunlardan 50-si əmisinə, 50-si dayısına çəkir. Başlayırlar böyüməyə. 15-17 ildən sonra əmisinə çəkən metislər gedir orda-burda alverə, çayxanada oturub laqqırtı vurmağa, ciddi-ciddi dərs-filan oxumağa. Dayısına çəkənlərin 25-i başqa idman növlərinə meyllənir, 25-i isə futbola könül verir. Al, sənə 17 yaşlılardan ibarət milli komanda. Sonra bir az da böyüyülər, 3-4-ü də çıxdaş olur, axırda "ilk 11" deyilən heyətin nüvəsi qədər qalırlar. Cumurlar meydanlara, gedib xorvatları da udurlar.

Bu layihəyə bu gün başlasaq, 20 ildən sonra bəlkə də qrupdan çıxa, yarımfinalda-zadda oynaya bilərik.

Birinci yol isə uşaq futboluna ciddi önəm vermək, 10-12 yaşlı say-seçmə uşaqları bir məktəbə toplayıb standartlara uyğun təlim keçməkdir. Özü də onlara təkcə topla davranmağı, oyun taktikası, strategiyası öyrətmək azdır, seçilmiş uşaqlara ciddi tərbiyə vermək, onları çirkab dolu ətraf mühitin təsirindən qorumaq lazımdır. Uşaqlar bilməlidirlər ki, 5 manat pul qazananda qudurmaq, "bərkgedən” maşın alıb küçələrdə şütümək, barbarlıq etmək, bar-bar gəzmək, qəlyana, içkiyə qurşanmaq, "özümü niyə öldürüm ki, evim, maşınım, hər şeyim var” deyə düşünmək, hər saat komandadakı yoldaşlarla öcəşməq, dalaşmaq olmaz, ən əsası adam olmaq gərək - savadlı, ağıllı, dürüst, bacarıqlı.

O gün göstərirdilər, 19 yaşlı Mbappe mətbuat konfransı keçirir, suallara cavab verirdi. Bu onu göstərir ki, "bala Pele” həm də savadlı oğlandır, ailə tərbiyəsi, məktəb təlimi görüb.

TƏQVİM / ARXİV