adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Üçtərəfli bəyanatın bir ili

MEHMAN CAVADOĞLU
2517 | 2021-10-25 16:11

Zəngəzur yolu açılacaqmı

Təxminən iki həftədən sonra Atəşkəs haqqında Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın bir ili tamam olur. Bu bəyanatla ordumuzun 44 gün sərasər davam eləyən zəfər yürüşü finiş xəttinin az qala bir addımlığında dayandırıldı. Son anda əzəli və əbədi satellitinin dadına yetişən Kreml onu tam məğlubiyyətdən qorumaqla Azərbaycanın 30 ilə yaxın idi ki, işğal altında olan ərazilərinin hamısı üzərində öz suveren hüquqlarını bərpa eləmək haqqına girdi.

Həmin vaxt videoformatda tələm-tələsik imzalanmış doqquz bəndlik Atəşkəs sazişində əksini tapan müddəaların əksəriyyəti ötən dövr ərzində gerçəkləşsə də, bir neçə vacib məsələ, xüsusilə kommunikasiya xətlərinin açılması hələ də öz həllini tapmayıb. Rəsmi Yerevan hər vasitəylə buna əngəl törədir, problemin həllini əsassız bəhanələrlə yubadaraq onu birdəfəlik gündəlikdən çıxarmağa çalışır. Baxmayaraq ki, kommunikasiyaların açılması bölgənin “blokada”dan əziyyət çəkən yeganə ölkəsi kimi ilk növbədə məhz Ermənistanın maraqlarına uyğundu, müharibədən sonra dağılıb pərən-pərən olmuş hazırkı erməni cəmiyyətində həmin məsələ ətrafında qəribə bir həmrəyliyin hökm sürməsi, yumşaq desək, təəccüb doğurur və yüz illərdi ki, beyinlərində qartmaq bağlamış, bütün varlıqlarına hakim kəsilmiş nifrət və kin-küdurət ucbatından ən sadə həqiqətləri belə anlamaqda çətinlik çəkən bir toplumun dəyişməz xislətindən xəbər verir. 

Rusiya prezidenti V. Putin də “Valday” beynəlxalq diskussiya klubunun bu günlərdə Soçidə keçirilmiş növbəti illik toplantısındakı çıxışında kommunikasiyaların açılmasının vacibliyi üzərində geniş dayandı və bunun bütün region ölkələrinin, ilk növbədəsə Ermənistanın maraqlarına uyğun olduğunu vurğuladı: “...Azərbaycan Naxçıvanla əlarələrin yaranmasında maraqlıdı. Effektli siyasi düzən yaratmaq, region ölkələri, o cümlədən Azərbaycanla sərfəli əlaqələr qurmaq, Türkiyə ilə münasibətlər yaratmaq da Ermənistanın maraqları daxilindədi. Bu bütün hallarda əsas məqsədə - iki dövlətin təhlükəsiz halda dinc yanaşı yaşamasına və iqtisadi inkişafına gətirib çıxardacaq”.

Bu çıxışdan sonra ekspert cameələrində qəsdən düyünə salınmış “kommunikasiylar problemi”nin cözüləcəyinə dair fikirlər səslənməyə başlandı, Ermənistan, Azərbaycan və rus mətbuatında “fors-major” vəziyyət yaranmasa, Zəngəzur yolunun noyabrın 9-a kimi açılacağı barədə çoxsaylı xəbərlər dərc edildi. Kremlin sözçüsü Peskov isə Rusiyanın “RİA Novosti” agentliyinin sualına cavabında yaxın günlərdə Moskvada Putin-Əliyev-Paşinyan üçtərəfli görüşünün keçiriləcəyini təkzib etmədi, belə bir görüş olarsa jurnalistlərə vaxtında məlumat veriləcəyini bildirdi.

Bütün bu gəlişmələri kommunikasiya xətlərinin yaxın günlərdə açılacağının anonsu kimi də qəbul eləmək mümkündü. Hərçənd, Zəngəzur yolunun açılışı heç Rusiyaya da sərf eləmir, daha dəqiqi, onun geopolitik maraqlarına, imperiya ambisiyalarına ağır zərbədi. Çünki bu 41 km-lik yol mahiyyətcə “Böyük Turan yolu”du və istənilən halda aktivlər Ərdoğanın adına yazılacaq. Ancaq buna baxmayaraq Putin bu yolu açmağa məcburdu. Təkcə üçtərəfli bəyanatdakı imzasının nüfuzunu qorumaq naminə yox, həm də Rusiyanın Cənubi Qafqazda getdikcə zəifləyən mövqelərini möhkəmlətmək üçün məcburdu. Artıq Kremldə yaxşı başa düşürlər ki, bu gün öz gücünə və potensialına görə regionun ən aparıcı oyunçusu Azərbaycandı və onun maraqlarınıa etinasızlıq göstərməklə bölgədə nəyəsə nail olmaq mümkün deyil.

 Putin “Valday” forumundakı çıxışında kommunikasiyaların açılmasıyla yanaşı sərhədlərin delimitasiya və demarkasiyasına da toxunub və birmənalı şəkildə bəyan edib ki, bu məsələ yalnız Rusiyanın iştirakıyla həll oluna bilər. Xatırlayırsınızsa, Azərbaycanla Ermənistan arasındakı sərhəd məsələsi üçtərəfli sazişin predmeti olmadığına görə sərhədlərdə ilk toqquşmalar başladığı günlərdə Paşinyan problemi Fransanın əliylə həll etmək üçün çox vurnuxurdu. Ancaq rəsmi Parisin bölgəyə qoşun göndərmək həvəsində və imkanında olmadığını görəndən sonra bu prosesə Minsk qrupunu qoşmağa çalışır. Odur ki, Putinin aşağıdakı sözlərini təkcə Ermənistana yox, çox güman ki, bütövlükdə Minsk qrupunun digər iki üzvünə ünvanlanmış xəbərdarlıq kimi qəbul eləmək lazımdı: “İndi başlıca məsələ sərhəddəki vəziyyəti tənzimləməkdi. Əlbəttə, burda Rusiyasız bir şey etmək mümkün olmayacaq. Bu məsələdə Rusiya və hər iki münaqişə tərəfindən başqa heç kim lazım deyil(!).Niyə? Çox sadə praqmatik məsələlər var. Ona görə ki, xəritələr rus ordusunun baş qərargahındadı. Sovet dövründə sovet respublikaları arasında sərhədlərin hardan keçdiyini göstərən xəritələr. Orda elə şeylər var ki, qarşılıqlı kompromislər tələb edir. Hardasa nəyisə tənzimləmək, hardasa nəyisə dəyişmək, hər iki tərəfə xeyirli olan variantları tapmaq ehtiyacı hiss olunur ki, qəbul olunsun. Bunu etmək mümkündümü? Mümkündü.”

Hərçənd, Putinin məntiqilə bu problem Rusiyasız da həll oluna bilər, çünki həmin xəritələr təkcə rus ordusunun qərargahında yox, həm də keçmiş SSRİ Geodoziya və Xəritəşünaslıq idarəsində, surətlərisə müttəfiq respublikaların müvafiq qurumlarında saxlanıldığına görə hər iki münaqişə tərəfində var. İntəhası, həmin tərəflərin hazırkı dövrdə hər hansı bir məsələni sakit məcrada nəinki həll, hətta müzakirə eləmək imkanları olmadığı üçün Putin xeyli haqlı görünür. Yəni, indiki məqamda  bu məsələdə Rusiyanın vasitəçiliyi olmadan keçinmək mümkün deyil. Minsk qrupuna gəlincə, onu  delimitasiya və demarkasiya kimi məsul bir işdə vasitəçilik eləməyə yaxın buraxmaq olmaz. Ümumiyyətlə, bu qurumu buraxmağın vaxtı çoxdan çatıb. Ən azından, nə qədər ki, Fransa həmsədrlikdən qovulmayıb, Azərbaycan həmin qurumla əməkdaşlığı dayandırmalıdı.

Noyabrın 10-da Moskvanın Ermənistanla-Azərbaycan arasındakı  təkbaşına vasitəçilik missiyasının bir ili tamam olur. Güman edək ki, Kremlin başçısı həmin vaxta kimi üçtərəfli bəyanatın bütün müddəalarının tam olaraq yerinə yetirilməsinin hər şeydən əvvəl özü üçün bir şərəf və nüfuz məsələsi olduğunun fərqindədi.

M. Cavadoğlu  

 

TƏQVİM / ARXİV