Beynəlxalq bazar araşdırmaları sahəsində aparıcı qurumlardan biri olan Euromonitor International hər il böyük maraqla gözlənilən “2025-ci il üçün Dünyanın ən yaxşı 10 Turizm şəhəri” (Top 10 Cities for Tourism Performance in 2025 Index) siyahısını açıqlayıb.
Adalet.az xəbər verir ki, ilk dəfə olaraq bu siyahıya Türkiyənin Antalya şəhəri daxil edilib.
Paris, Dubay və Nyu-York kimi dünya miqyasında tanınmış şəhərlərlə eyni siyahıda yer alan Antalyanın bu siyahıya daxil edilməsi, turistlərin axtarış sistemlərində ən çox axtarılan şəhərlərdən biri olması, həmçinin şəhərə marağın artması ilə bağlıdır.
Euromonitor International siyahını tərtib edərkən yalnız turist sayı ilə kifayətlənməyib. Araşdırma zamanı turizm infrastrukturu, təhlükəsizlik, səhiyyə, iqtisadi göstəricilər, rəqəmsallaşma səviyyəsi və davamlılıq kimi 55-dən çox göstərici nəzərə alınıb. Antalyanın ilk onluğa daxil olması bu sahələrdə göstərdiyi yüksək performansın göstəricisi sayılır.
Euromonitor International-in müəyyən etdiyi 2025-ci ilin ən güclü turizm performansına malik şəhərləri bunlardır:
Orlando – ABŞ (Florida)
Nyu-York – ABŞ
Məkkə – Səudiyyə Ərəbistanı
Paris – Fransa
Antalya – Türkiyə
Mədinə – Səudiyyə Ərəbistanı
Los-Anceles – ABŞ
Dubay – Birləşmiş Ərəb Əmirlikləri
Kankun – Meksika
Kioto – Yaponiya


Bakı -°C
