adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TURAF ƏMİ BUNA NEYNƏSİN?! - Aqil ABBAS yazır

AQİL ABBAS
647 | 2022-10-30 09:10

Ağdamda Qaradağlı kəndində məşhur bir kolxoz sədri vardı, Sosialist Əməyi Qəhrəmanı idi -Turab Məmmədov. Çox gözəl insan idi. Camaatını çox sevirdi, camaat da onu sevirdi. Saytal kişi idi, Qarabağın ağsaqqallarından idi. Ən çətin anlarda kolxozçuların köməyinə çatardı. Kim səhv edərdisə Turab əmi o səhvi boynuna götürər və düzəldərdi.

Kolxoz iclaslarının birində zalda oturanlardan biri özündən asılı olmayaraq yazmağı mümkün olmayan çox biədəb hərəkət edir (yəqin başa düşdünüz). Hamı çevrilib ona baxır. O isə yazıq-yazıq Turab əmiyə baxır, gözləri ilə yalvarır ki, məni bu vəziyyətdən çıxart.

Turab əmi başını yırğalayıb deyir:

- Ay oğul, Turaf əmi buna neynəsin?!

Mən həmişə Şahruddini müdafiə etmişəm və edəcəyəm də. Dünənki oyunda buraxdığı kobud səhvdən sonra bütün dostlar mənə zəng edirdi ki, bu nə idi?

Yadıma Turab əminin sözləri düşdü, xeyli güldüm:

- Ay Şahruddin, Aqil əmi buna neynəsin?

Və yenə Şahruddini müdafiə edirəm. Bu, futboldu, səhv ola bilər. Amma oyunda nə qədər ağır topları çıxara bildi, linç etməyin. Çünki sabah da oynayacaq, ruhdan salmaq lazım deyil.

«Qarabağ» komandası çox gözəl oynadı. Fransızlara göstərdi ki, biz də futbol oynaya bilirik, özü də o boyda azarkeş basqısının altında. Düzdür, «Qarabağ» qol vuranda necə bağırdımsa qonşular gəldi ki, sizdə nə olub? Xanımım dedi ki, heç, futbola baxır.

Yeri gəlmişkən, «Qarabağ»ın oyununa adətən xanımımla baxıram, o da naxoşlayıb. O da mənim kimi bəzən yerində otura bilmir, durub ayaq üstə baxır.

Televizoru açmışam «Barcelona» ilə «Real» Madrid oynayır. Gəldi gördü futbola baxıram, soruşdu ki, kim oynayır? Dedim, «Barcelona» ilə «Real» Madrid.

Əlini yelləyib:

- Eh, mən də elə bildim «Qarabağ» oynayır - dedi və çıxdı getdi.

«Qarabağ»ı gözəl oyuna görə təbrik edirəm. Futboldu, udmaq da var, uduzmaq da. Kişi kimi oynadınız, kişi kimi də uduzdunuz.

Qurban Qurbanova və onun köhlən atlarına inanıram və uğurlar arzulayıram. Və inanıram ki, nemeslərə burda ot yolduracaqlar.

«Qarabağ» Azərbaycandır!

TƏQVİM / ARXİV