adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

TƏRLAN ƏHMƏDOVA İT DƏYİB?! - Aqil ABBAS yazır

AQİL ABBAS
714 | 2024-03-04 18:20

Əvvəla, bu ifadə üçün Tərlan bəydən  üzr istəyirəm. Və əslində  üzr istəməli ifadə də deyil. Azərbaycanda ən çox işlənən ifadədir. 

Məsələ nədir?

Tərlan Əhmədovu az qala  30 ildi tanıyıram. Bir vaxtlar «Qarabağ»ın şərəfini qoruyub, özü də şərəflə qoruyub. O vaxtlarkı «Qarabağ»ın ən  ağır vaxtları idi, futbolçular heç maaş da ala bilmirdilər. Düşəndən düşənə, ona da maaş demək olmazdı. Tərlanın da cəngavər  vaxtları idi, çox yerdən  elçi  düşdülər, amma  Tərlan  «Qarabağ»ı atıb getmədi. Ona görə də qarabağlıların  ürəyində Tərlanın  ayrı bir yeri var. Sonra  məşqçiliyə başladı və təcrübəli, peşəkar  məşqçi kimi də özünü  göstərdi. 

Beş oyundan bircə xal toplayan və axırıncı yerdə sürünən «Neftçi»yə baş  məşqçi  gətirdilər. Tərlan qısa bir müddətdə komandanı  toparladı və ona  3-cü yer qazandırıb bürünc medallı etdi. Nəticəsi nə oldu? Komandanın rəhbərliyi Tərlana dedi ki, yaxşı yol. 
Əslində eyni hadisə Samir Abasovun da başına gəldi. «Neftçi»ni çempion elədi, ona da dedilər yaxşı yol.  Yəni qədir və qiymətlərini bilmədilər.

Yesenin yazır:
Atıb abrı, həyanı mən yaxına gələrək,
Qucdum ağcaqayını özgənin arvadı tək.

Nədənsə, Yesenin demiş, özgə həmişə  şirin olur.  Axtardılar, tapdılar bir özgə, yəni əcnəbi  məşqçi gətirdilər, o da  bir qələt edə bilmədi.

Onu da bir təhər yola salıb yenə əcnəbi bir məşqçi  gətirdilər Adrian Mutu, o da bizi mutlu edə bilmədi. İndi birini də tapıb gətiriblər, deyəsən,  familiyası  Bojoviçdi. İki aydı gəldiyi o da  bir qələt edə bilməyib. Belə getsə, heç edə də bilməyəcək. 

On klubun  üçünün baş məşqçisi əcnəbidi. Halbuki  Tərlan Əhmədov kimi məşqçilər küçədə it döyür. 

İndi «Qəbələ» də gürcü Kxaberi gətirib, familiyası çətindi, yaza bilmədim, birdən səhv edərəm. Kxaber vaxtilə bir  müddət  «İnter»in baş məşqçisi  olub, onda da  «İnter»in tərkibində 25-26 əcnəbi  futbolçu oynayırdı. Mən ironiya ilə yazmışdım ki, Kxaber özü ilə Gürcüstandan bir KAMAZ  futbolçu gətirib. İndi hələ ki, özüylə bir məşqçi gətirib, yəqin ilin sonunda yenə Gürcüstandan bir KAMAZ oyunçu gətirəcək. 

Onu da deyim ki,  «Qəbələ»ni bu vəziyyətə Elman Baxşıyev salmayıb, Azərbaycanın  pullu komandaları salıb.  Nə qədər  ulduz futbolçuları vardı «Qəbələ»nin kasıblığından  istifadə edib satın alıblar. 

İndi də «Sabah»a əcnəbi məşqçi  axtarırlar, deyəsən  tapıblar da. Deyəsən,  İqor Ponomaryova da it dəyib. Təki axırı  yaxşı olsun. Amma inanmıram. 

Yeri gəlmişkən, milli komandamıza da əcnəbi məşqçi axtarırlar. Guya bundan  əvvəlki  əcnəbilər böyük qələt eləmişdilər, indi gələcək əcnəbi  məşqçi də o qələtləri  düzəldəcək. İndi ac toyuqlar yuxuda  darı görmürlər, pul görürlər. 

AFFA-nın  prezidentliyi yeri boşdur, yaxşı olar ki, ora da bir əcnəbi prezident  gətirsinlər.

Nə isə... 

Dünya düzəlmir ki, düzəlmir, baba…

TƏQVİM / ARXİV