Əsrlər boyu taleyin “qız” buxovundan çıxmaq istəsək də, ancaq “Qız yükü duz yükü”, “Qızın döyməyən dizin döyər” kimi atalar sözü eşitməkdən qulaqlarımız qanadı. Doğrudanmı qız övladı evin yüküdür? Doğrudanmı qızların ata evində müəyyən bir “müddət”i var? Müsair dövrdə yaşayırıq deyib, dünyaya car çəksək də, bir çox ailələr bu səsi eşitmir və ya eşitmək istəmir. Müsairlik geyimlə, dini dəyişməklə, müxtəlif əqidələrə qulluq etməklə deyil. Müasirlik günyagörüşünü artırmaq, düşüncələrdə, elmdə, mədəniyyətdə inqilab etməkdir.
Məlum məsələdir ki, Astaranın ucqar kəndindən işləməyə gələn 17 yaşlı Əfsanə üçün bunlar yad mövzular idi. O, təhsil alıb, dünyagörüşünü artırmaq əvəzinə kəndə qayıdıb 17 yaşında ana olmağı seçmişdi. Bu onun qərarı idi, yoxsa valideynlərinin? Bax bu, hələ də sual altındadır. Yetkinlik yaşına çatmamış bir qızla münasibət quran adamın vicdanı haqqında rəy vermək isə düşünürəm ki, artıqdır. Hər kəs “ikiəlli” razılaşacaq ki, bu hadisə qızın istəyi ilə olub. 17 yaşlı qız uşaq deyil ki, deyənlər sıraya düzüləcklər. Uşaqdır, əlbəttə uşaqdır. 17 yaşlı qız 11-ci sinif şagirdidir. Yeniyetməlik dövrünün ən çılğın və coşğun dönəmlərini yaşayır. Bu dönəmlərdə onun ən böyük dəstəkçisi öz ailəsi olmalı idi. 17 yaşlı qızı ərə vermək çıxış yolu deyildi.
Lap körpəlikdən qız övladına rəngli karandaşlar, kitablar almaq əvəzinə ona cehiz yığanda, həmin qız da məktəb əvəzinə ər evini seçəcək.
Qızlarımıza təhsil veməzdən əvvəl onlara ilk növbədə özlərinə dəyər verməyi öyrətməliyik. Hislərinə, düşüncələrinə, beyinlərinə, zəhmətlərinə dəyər verməyi öyrətməliyik. Bunu bacarmaq üçün ilk olaraq özümüzü islah etməliyik. Yəni, özümüz özümüzə dəyər verməliyik. Özümüz özümüzə dəyər verərək öyrətməliyik. Ömrünün baharında həyatla vidalaşan Əfsanəyə bunları öyrədən oldumu? Əlbəttə ki, yox. Nə qədər ki, qızlarımıza öz dəyərini bilməyi öyrətmirik, oxumağın vacibliyini izah etmirik, onları ruhən azad böyütmürük hələ taleyi əfsanə çevrilən Əfsanələrin sayı çox olacaq…
17 yaşlı hamilə Əfsanəyə ucqar bir kənddə toy etdilər ki, məsələni kənd camaatından başqa heç kəs bilməsin. Amma Əfsanə gəlinliyini kəfəninə çevirib ölkəyə car çəkdi.
Buna taleyin ironiyasımı deyək, yoxsa Allahın ədalətimi…? Hər nə ad veririksə verək, bir gənc qızın geyindiyi gəlinlik onun kəfəninə çevrildi. Bir gənc ana köçdü bu dünyadan- ana olmadan ana oldu. Bir mələk dünyaya gəlmədən mələk oldu…


Bakı -°C 
























