adalet.az header logo
  • Bakı -°C

“Bu isə qadının fərdi azadlığının sistemli şəkildə məhdudlaşdırılması deməkdir”

67 | 2026-01-21 12:20
A- A+

“Azərbaycan reallığında zorakılıq tiplərinin təhlili bir neçə mühüm məqamı üzə çıxarır. Bir tərəfdən, impulsiv-aqressiv tip geniş yayılmışdır və xüsusilə maddi sıxıntılar, işsizlik və alkoqol istifadəsi ilə əlaqəlidir. Digər tərəfdən, sosiopatik-antisosial tip azlıq təşkil etsə də, yüksək risk daşıyır, çünki bu qrup empatiya hissindən məhrum, cinayətkar davranışa meylli və ən az reabilitasiya olunan kateqoriyadır”. 

Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

Onun sözlərinə görə, passiv-aqressiv tip açıq zorakılıq əvəzinə dolayı cəza üsullarına üstünlük verərək qadınlarda uzunmüddətli psixoloji travma yaradır:

“İkili şəxsiyyətli tip isə ictimaiyyət qarşısında müsbət imic saxlayaraq ev daxilində qəfil zorakılıq nümayiş etdirir, bu isə onun aşkarlanmasını və qadının müdafiəsini xeyli çətinləşdirir. Lakin aparılan elmi araşdırmaların və yerli müşahidələrin nəticələri göstərir ki, ən aktual və geniş yayılmış zorakılıq tipi-nəzarətçi-dominant tipdir. Bu tip zorakı kişilər qadının həyatının bütün aspektlərini-geyimindən tutmuş sosial əlaqələrinə, hərəkət azadlığından maliyyə imkanlarına qədər məhdudlaşdırmağa çalışır. Zorakılıq burada yalnız fiziki güc tətbiqi ilə məhdudlaşmır, daha çox psixoloji nəzarət, sosial izolyasiya və iqtisadi asılılıq formasına təzahür edir. Bu isə qadının fərdi azadlığının sistemli şəkildə məhdudlaşdırılması deməkdir”.

M.Zeynalova bildirib ki, nəticə etibarilə Azərbaycan reallığında zorakılıqla mübarizə strategiyaları yalnız impulsiv zorakılıq aktları deyil:

“Həm də nəzarətçi-dominant tipin strukturlaşdırılmış və mədəniyyətlə əsaslandırılmış davranış modelini hədəf almalıdır. Bu məqsədlə reabilitasiya proqramları sadəcə qəzəbin idarə etməsinə deyil, həm də patriarxal düşüncə tərzinin dəyişməsinə, gender bərabərliyi dəyərlərinin mənimsənilməsinə və empatiya bacarıqlarının inkişafına yönəlməlidir. Yalnız bu halda zorakılığın təkrar olması zəiflədilə və qadınların hüquqlarının təmin olunması istiqamətində dayanıqlı nəticələr əldə edilə bilər”. 

Vasif ƏLİHÜSEYN

  • Dekabr:
  • 26

TƏQVİM / ARXİV