"Sözün müharibə rəngi" - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
553 | 2023-02-01 11:30

Həmkarım, istedadlı yazıçı-publisist Nurəddin Ədiloğlu bugünlərdə özünün yubiley yaşını qeyd edəcək. Mən də öncədən onu bu yubiley münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm. Məlumdur ki, qələm adamı üçün ən uğurlu an onun yeni kitabının dünyaya gəlişidir. Bu mənada həmkarım, dostum Nurəddin Ədiloğlunun ötən ilin sonlarından işıq üzü görən «Sözün müharibə rəngi» kitabı təkcə onun özünün yox, həm də birmənalı şəkildə sözün özünün uğurudur. Yəni bu kitabda toplanmış bədii-publisist yazıların hamısı birmənalı şəkildə böyük Zəfərimizə, yurddaşlarımıza, sevilən şəxsiyyətlərə ünvanlanıbdır. Onların rəşadətlərindən, xidmətlərindən bəhs edir.

Dostumun mənə avtoqrafla bağışladığı bu kitabın rəyçisi, akademik Nizami Cəfərov, Ön sözünün müəllifi, Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayevadır. Kitab siyasi elmlər doktoru, «İki sahil» qəzetinin baş redaktoru Vüqar  Rəhimzadənin və əməkdar jurnalist İsmayıl Hacıyevin redaktorluğu ilə işıq üzü görübdür.

Mən böyük maraqla bu kitabı yenidən gözdən keçirtdim. Ona görə «yenidən» sözünü vurğulayıram ki, zamanında bu bədii-publisist yazıların böyük əksəriyyətini dövri mətbuatdan oxumuşdum. Burada xüsusilə olaraq vurğulamaq yerinə düşər ki, kitabdakı bədii-publisist yazıların çox böyük hissəsi məhz «İki sahil» qəzetində və «ikisahil.az» saytında oxuculara təqdim olunmuşdu.

Dəyərli dostum Nurəddin Ədiloğlu bu kitabındakı «Vətənpərvərliyin ən ali məqamı» adlı bədii-publisist yazını şəhid mayor Anar Novruzovun xatirəsinə həsr edib. Bir az da konkret desəm, bu yazı şəhid mayorumuzun adına ünvanlanmış və onu oxucuya yaxından tanıdan mükəmməl, bədii təqdimatdır. Mənim üçün bu yazı bir də ona görə önəmlidir ki, Nurəddin qələmə aldığı bu ədəbi-publisist yazıda mənim «Şəhid ruhunun pıçıltısı» şeirimdən də istifadə edib.

Bütövlüukdə isə, bu kitab müəllifin seçdiyi adın yaxşı mənada gerçək təqdimatçısıdı. Çünki bütün yazılarda müharibəmizin, Zəfərimizin rəngini, qoxusunu görmək, duymaq mümkündür. Deməli, müəllif öz istəyinə çata bilib. Yəni sözün müharibə rəngini qələmə almağı bacarıbdı. Bu münasibətlə bir daha Nurəddin Ədiloğlunu təbrik edir, ona uğurlar diləyirəm.

TƏQVİM / ARXİV