adalet.az header logo
  • Bakı 13°C

Şarl Mişel çox nikbin görünür, amma…

MEHMAN CAVADOĞLU
860 | 2022-05-23 17:39

Dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa Birliyinin vasitəçiliyi ilə növbəti, üçüncü görüş keçirildi. Görüş başa çatdıqdan sonra baş tutmuş mətbuat konfransında çıxış edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel onun nəticələrini yüksək qiymətləndirmiş və tərəflər arasında mühüm razılaşmaların əldə olunduğunu bildirmişdi. O konkret hansı razılaşmayarın əldə olunduğundan da bəhs etmiş və məlum olmuşdu ki, bu elə 44 günlük müharibədən sonra istər Kremlin, istərsə də Brüsselin çətiri altında keçirilən yüksək səviyyəli bütün ikitərəfli görüşlərin gündəliyini təşkil eləyən ənənəvi məsələlərdir və hər dəfə yaxın günlərdə onların gerçəkləşməsi yönündə çox ciddi addımların atılacağı haqqında verilən çoxsaylı anonslara rəğmən proses hələ də ölü nöqtədən tərpənmək bilmir.

Şarl Mişel konkret olaraq bildirib ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyasının ilk iclası keçirilicək və burada delimitasiyanı necə aparılacağı, eləcə də sabitliyin necə təmin olunacağıyla bağlı bütün məsələlər həll olunacaq. “Yaxın günlərdə” kəlməsi kifayət qədər mücərrəd zaman vahidi olduğuna görə bunun nəinki konkret, hətta təxmini olaraq haçan gerçəkləşəcəyini söyləmək xeyli müşküldür. Üstəlik, bu delimitasiya söhbəti həm Brüsseldə, həm də Soçidə keçirilən əvvəlki görüşlərdə gündəmə gəlsə də, Ermənistan hələki bu komissiyanın tərkibini müəyyənləşdirməyib. Azərbaycanda isə həmin komissiya, eləcə də sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupu çoxdan formalaşıb. Bunu Şarl Mişellə görüşündə prezident Əliyev də bəyan elədi.

Brüssel görüşünün arbitri daha sonra kommunikasiyalar məsələsindən danışır və bildirir ki, nəqliyyat əlaqələrinin blokdan çıxarılması barədə razılığa gəliblər. Azərbaycanın qərbiylə Naxçıvan arasında, eləcə də Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə hər iki ölkənin kommunikasiya strukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsipləri razılaşdırıblar. Xüsusilə, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə razılığa gəliblər.

Kiminsə xətrinə dəyməmək naminə xeyli siyasi-diplomatik epitet və terminlərlə zənginləşdirilməsinə baxmayaraq burda söhbət heç şübhəsiz ki, Zəngəzur dəhlizindən gedir və burda bəyan olunan niyyətlər həm əvvəlki Brüssel görüşündə, həm də ötən il 11 yanvar 2021-ci ildə Moskvada keçirilən ilk üzbəüz görüşdə də razılaşdırılsa da üstündən il yarım keçməsinə baxmayaraq, demək olar ki, heç bir iş görülməyib. Həmin məqsədlə yaradılmış komissiyanın bir, ya iki iclası keçirildikdən sonra Ermənistan kommunikasiya xətləri kimi danışıqları da bloklayıb, nəzərdə tutulan işçi qruplarının heç birini formalaşdırmayıb.

AB-nin prezidenti daha sonra Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsi barədə razılığa gəlindiyini bildirərək yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandaların bu prosesi irəli aparacaqlarını bildirib. Təbii ki, yuxarıda deyilən məsələlər özlüyündə elə sülh prosesinin tərkib hissəsi, bir az da konkretləşdirsək, onun ilkin vacib şərtləri olduğu üçün onları gerçəkləşdirmədən sülh prosesini irəli aparmaq mümkün olmayacaq. Arbitr istər idmanda, istər siyasi və digər konfliktlərdə qarşı-qarşıya duran tərəflər arasında süni paritet yaratmaq üçün yox, prosesi düzgün və ədalətli idarə etmək üçün lazımdır. Süni bərabərik işarəsiylə real nəticələrə nail olmağa ümid bəsləmək sadəlövhlükdən başqa bir şey deyil.

Şarl Mişel son olaraq AB-nin hər iki ölkədə İqtisadi Məsləhət Qrupunun işini təşviq etməyə çalışacağını, eləcə də əhalinin davamlı sülhə hazırlamağın vacibliyindən danışıb və son olaraq bildirib ki, bundan sonra tərəflərlə təmasları davam etdirəcək, iyul və ya avqust ayında eyni formatda növbəti görüş keçiriləcək.

44 günlük müharibədəki ağır məğlubiyyətdən bu günə kimi Ermənistanın küçə və meydanlarında Paşinyanın istefası tələbilə daimi etiraz aksiyaları keçirilir. Birləşmiş müxalifət məğlubiyyətin isti izləriylə hər gün davam eləyən fasiləsiz mitinqlərlə nəinki məğlub baş naziri devirə bilmədi, hətta növbədənkənar seçkiləri belə biabırcasına uduzdu. Paşinyanın mövqeyi daha da möhkəmləndi, əl-qolu açıldı və əsasən Yaxın tarixin bu məlum hadisələrini xatırlatmaqda məqsəd odur ki, yenidən Yerevanın küçələrini yağır etmiş müxalifət onu devirmək gücündə deyil, hazırda başı öz hayında olan Putininsə bu soxasoxda hətta öz forpostunda belə kimisə hakimiyyətə gətirmək eşqinə düşməsi inandırıcı görünmür. Üstəlik, onun güvəndiyi və ona güvənən erməni müxalifətinin – Qarabağ klanınını təmsil eləyən bu mariginal dəstənin real gücünə də bələd olduğu üçün onu hakimiyyətə gətirdikdən sonra hakimiyyətdə saxlamaq probleminin də olduğunu yaxşı bilir.

Yaxın tarixin bu məlum faktlarını bir daha xatırlatmaqda məqsədimiz bir həqiqəti vurğulamaqdır. Paşinyan nə qədər özünü praqmatik siyasətçi kimi göstərməyə çalışsa da sülh prosesinin permanent olaraq əngəllənməsinin əsas günahı onun özündədir. Baş nazir hər fürsətdə müxalifət amilini qabartmaqla sadəcə blef edir. Çünki bir çox kritik məqamlarda onun öz komandasının ən yaxın üzvlərinin davranışları və açıqlamaları sülh prosesinin gedişinə müxalifətin qıy-qışqırığından daha çox zərər vurur.

Son hadisələrdə bunun bir daha şahidi olduq. Brüssel görüşündən bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan başqa bir Avropa platformasında – AŞPA-nın Turində keçirilən nazirlər toplantısında Azərbaycanın ünvanına əsassız böhtanlar yağdırdı. Ölkəmizə qarşı güc tətbiqi prinsiplərini pozmaq kimi absurd, məktəbləri gülləbaran eləmək, qaz xəttinin partlatmaq kimi əsassız ittihamlar irəli sürdü. Həm 44 günlük müharibə vaxtı, həm də ondan əvvəl və sonrakı dövrlərdə ermənilərin yol verdikləri bir çox vəhşilkləri Azərbaycanın adına çıxdı ki, bu da Brüsseldəki yüksək səviyyəli görüş ərəfəsində qəsddən törədilmiş təxribatdan başqa bir şey deyildi.

Bir sözlə, Paşinyan aradabir müsbət yönlü açıqlamalar versə də bütövlükdə sülh prosesinin uğurlu sonluğunda sanki maraqlı deyil. Sanki hazırda növbəti fasiləsiz etiraz aksiyaları keçirən müxalifət ya bilə-bilə, ya da bilmədən baş nazirin əlinə oynayır. Onun bu cür ikili taktika yeritməsi isə heç cür anlaşılmır. Əgər tarixə məğlub bir hökumət başçısı kimi düşmək istəmirsə, gecdir, çünki bu artıq baş vermiş faktdır. Kaputulyant yarlığı çoxdan üstündədir. Bu yarlıqdan qurtarmağın yeganə yolusa öz ölkəsinə daimi sülh gətirməkdir. Sülh müqaviləsi onu diasporun və siyasi rəqiblərinin düşməninə çevirəcəksə, öz komandasının bir çox üzvünün qəzəbinə tuş gətirəcəksə, bununla erməni xalqının şəksiz rəğbətini qazanacaq. Çünki sülh istəməyən xalq heç vaxt məğlub birisinə səs verməzdi.

M. Cavadoğlu

TƏQVİM / ARXİV