adalet.az header logo
  • Bakı -°C

“Daşaltı əməliyyatı” niyə uğursuz oldu? – Hərbi ekspert səbəbləri açıqladı

187 | 2026-01-26 11:58
A- A+

Xəbər verdiyimiz kimi, Daşaltı əməliyyatından 34 il ötür. Mövzuyla bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, 34 il bundan əvvəl keçirilən Daşaltı əməliyyatı təəsüflər olsun ki, bir çox səbəblərə görə uğursuzluqla nəticələndi.

Onun sözlərinə görə, döyüş əməliyyatının uğursuzluqla nəticələnməsinin bir çox səbəbləri var idi:

“İlk növbədə ondan başlamaq lazım idi ki, əməliyyat planı kökündən yanlış bir plan idi. Çünki Şuşa şəhəri Azərbaycanın nəzarətində olduğu halda Daşaltıya iki istiqamətdən qüvvələr yeritmək, bir-biri ilə qarşılıqlı əlaqəsi olmayan, rabitə vasitələri ilə tam təchiz edilməyən bölmələrin bir-birinə əks istiqamətdən yeridilməsi tamamilə yanlış addım idi. Əgər Azərbaycana Daşaltı kəndinin azad edilməsi lazım idisə, ora birbaşa motoatıcı və piyada bölmələrini yeritmək əvəzinə, Daşaltının başı üzərindəki qayalardan yəni Şuşa istiqamətindən kəndə artilleriya və iri çaplı silahlardan atəş açmaq yetərli idi”. 

Hərbi ekspert deyib ki, bir çox mənbələr Daşaltıya hücum edən tağımın ermənilər tərəfindən pusquya düşməsinə dair məlumatlar versə də, Daşaltıda öz bölmələrimizin qarşılıqlı əlaqəsi olmaması səbəbindən bir-birinə qarşı atəş açmışdılar, reallıq bundan ibarətdir:

“Azərbaycan Ordusunun Şuşa ətrafındakı qayalarda yerləşdiyi bir halda ayağımızın altında olan kəndin azad olunması məqsədi ilə keçirilən əməliyyatda 100 nəfərə yaxın itki verdik və daha pisi də odur ki, kəndi düşməndən azad edə bilmədik. Bu uğursuz əməliyyat Azərbaycan Ordusunun döyüşən bölmələrinin mənəvi psixoloji vəziyyətinə də kifayət qədər mənfi təsir göstərdi. 29 il düşmən işğalında qalan Daşaltı kəndi Vətən müharibəsinin son günlərində erməni işğalçılarından tamamilə təmizləndi və birinci Qarabağ müharibəsində səriştəsiz komandirlərimizin şəxsi ambisiyalarının qurbanı olan 100 nəfərə qədər şəhidimizin də qisası alındı”.

Ə.Verdiyev deyib ki, bu dəfəki əməliyyatda isə düşmən həm Şuşada, həm Daşaltıda idi, həm də Laçın yolu düşmənin nəzarətindəykən qoşunlarımız çox qısa bir müddətdə Daşaltıda olan erməni işğalçılarına ağır zərbələr endirdilər. Onların bütün döyüş mövqelərini darmadağın edib, noyabrın 9-da kəndi düşməndən azad etdilər”. 

Vasif ƏLİHÜSEYN

TƏQVİM / ARXİV