Müharibələrin taleyinə təsir edən çoxlu sayda amillər mövcuddur. Adətən insanların gözünün önünə ilk olaraq texnikalar, raketlər, tanklar, toplar, döyüş təyyarələri və gəmiləri gəlir. Şübhəsiz ki, bunlar vacib komponentlərdir, ancaq müharibələrin taleyini müəyyən edən faktorlar daha çox gözəgörünməz olur. Misal üçün logistika, ordunun mənəvi-psixoloji hazırlığı, resurslar və xalqın mövqeyi kimi amilləri bura aid etmək olar.
ABŞ və İsrail cütlüyünün texnoloji gücünü İranla müqayisə etmək gülünc olardı. Ümumiyyətlə, ABŞ-ni kağız üzərində hansısa ölkə ilə qarşılaşdıranda rəqibə şans vermək mümkün deyil. Ancaq real döyüş sahəsinə gələndə həmin o "gözəgörünməzlər" ön plana çıxır. Son illərdə baş verən müharibələr göstərdi ki, kağız üzərindəki dünyanın birinci, ikinci və ya neçənci ordusu olması elə kağız üzərindəcə güclüdür. Sahədə kağızlar yox; logistika, mənəvi-psixoloji hazırlıq, resurs, istehsal gücü və xalqın mövqeyi hər şeyi həll etməsə də, prosesin gedişatında çox şeyi müəyyən edir.
ABŞ-nin İranda keçirdiyi hərbi əməliyyatlarda ən böyük problemlərdən biri məhz logistikadır. İran faktiki olaraq ABŞ-nin hesablamadığı bir addım atdı — Körfəz ölkələrini və İraq ərazisindəki hərbi bazaları vurdu. Bu bazaların sıradan çıxması ABŞ ordusunu hədəflərə daha uzaq məsafədən gəlməyə və hücum etməyə məcbur etdi. Hərbi əməliyyatlarda isə vaxt son dərəcə önəmli faktordur.
Digər bir diqqətçəkən məsələ dünyanın ən böyük aviadaşıyıcısı olan "Gerald Ford"la bağlıdır. Qruplaşmanın komandanı Yaxın Şərqə göndərilməzdən əvvəl açıq şəkildə bəyan etdi ki, qruplaşma artıq 11 aydır sudadır, gəmilərin ciddi təmirə ehtiyacı var, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı isə son dərəcə aşağıdır. Qruplaşma regiona gəldikdə isə ard-arda iki texniki problem yaşandı. Birincisi kanalizasiya sistemi ilə bağlı idi. Bu nasazlıq hələ tam aradan qaldırılmamış, aviadaşıyıcının ütü otağında yanğın baş verdi. ABŞ-nin hərbi yönümlü mətbuat orqanları da açıq şəkildə qeyd edirlər ki, bu, gəmi daxilindəki şəxsi heyətin təxribatı, yəni sabotajıdır. Faktiki olaraq qruplaşma döyüşmək istəmir desək, yalnış olmaz.
Bundan əlavə, ABŞ-nin müharibə naziri Pit Heqset bir neçə generalın istefasını tələb etdi və nəticədə 3 general vəzifəsindən kənarlaşdırıldı. Hesab edirəm ki, bu hələ son olmayacaq. Ümumiyyətlə, müharibələr zamanı əgər ortada ciddi uğursuzluq yoxdursa və ya xüsusi problemlər yaşanmırsa, hərbi kabinetdə belə kəskin dəyişikliklərə gedilmir. Pentaqonda Pit Heqsetin etdiyi bu yerdəyişmələr uğursuzluqdan daha çox, generalların keçirilməsi planlaşdırılan bəzi əməliyyatlara etirazı və ya verdikləri çoxsaylı suallarla bağlıdır. Çünki ABŞ ordusu rus ordusu kimi "irəli, irəli" (peryod) şüarı ilə hərəkət etmir. Onlar hər bir əməliyyatı zərgər dəqiqliyi ilə planlayır, bütün detalları öncədən hesablayırlar.
ABŞ-nin İranda quru əməliyyatları keçirəcəyi iddia olunur. Məsələ ondadır ki, siyasətçilər hansısa qərarı asanlıqla verə bilər, ancaq hərbçilər bu qərarın icrası barədə dərindən düşünməlidir. Çünki əməliyyat uğurlu olacağı təqdirdə hər kəs bu zəfəri mənimsəyəcək, lakin uğursuzluq onu icra edənlərin qanı, planlayanların isə rütbəsi və azadlığı hesabına başa gələcək. Faktiki olaraq ABŞ-dəki generallar quru əməliyyatlarının çox böyük itkilər hesabına başa gələcəyini proqnozlaşdırırlar və nəticənin nə olacağı hələ də sual altındadır. Görünən odur ki, hazırda Pentaqonda sual verən yox, bütün əmrlərə "baş üstə" deyən kadrlara ehtiyac var. Yeri gəlmişkən, Pit Heqsetin bu qərarları ABŞ daxilində də birmənalı qarşılanmayıb.
İsrailə gəldikdə isə, bu əməliyyatlara başlamazdan əvvəl rəsmi şəxslər bəyan edirdilər ki, Yaxın Şərqdə hər şey dəyişəcək və hər şey onların xeyrinə olacaq. Ancaq reallıq ondan ibarətdir ki, İsrail əgər bu müharibədən əvvəl Colan təpələri ilə bağlı məsələni öz xeyrinə həll etmiş sayılırdısa, artıq Suriyanın da bu prosesə fəal şəkildə qoşulacağı aydın görünür. Bundan əlavə, region ölkələri və xalqları tamamilə fərqli bir siyasət həyata keçirməyə başlayırlar. Eyni zamanda İsrail ərazisi çox ağır raket zərbələrinə məruz qalır. Yəni, müharibənin gətirdiyi fəsadları qısa zamanda aradan qaldırmaq o qədər də asan olmayacaq. Düzdür, Yaxın Şərqdə hər şey dəyişdi, ancaq hazırda İsrailin istədiyi kimi dəyişdi demək, reallığı əks etdirmir.
İran müqavimət göstərməklə yanaşı, Körfəz ölkələrini daim təhdid altında saxlayır. Eyni zamanda İrana bağlı qruplar İraqda nəinki hərbi bazaları, hətta xarici şirkətlərin neft yataqlarını da hədəf alırlar ki, bu da Tehranın əlini bir qədər də gücləndirir. Bundan əlavə, İran hava hücumundan müdafiə sahəsində çox güclü sayılmasa da, müəyyən formalarda ABŞ-nin döyüş təyyarələrini vura bilirlər. Şübhəsiz ki, bu məsələdə Rusiya amili də mühüm rol oynayır.
Qərb mediasının yazdığına görə, ABŞ 48 saatlıq atəşkəs istəyib, İran isə buna etiraz edib. Bunun çox sadə bir səbəbi var: İran yaxşı bilir ki, atəşkəs müharibənin davam etdirilməsi üçün sadəcə bir hazırlıq mərhələsidir. Ona görə də, İranın belə bir atəşkəsə gedəcəyi inandırıcı deyil. Ümumiyyətlə, düşünürəm ki, hazırkı şəraitdə sülh danışıqları və ya atəşkəs əldə etmək asan deyil. ABŞ də artıq fərqindədir ki, "daş qayaya rast gəlib".
İranın atdığı bəzi addımlar isə Avropa ölkələri ilə ABŞ arasındakı siyasi gərginliyi daha da dərinləşdirir. İspaniyadan sonra Fransa da müharibəyə qoşulmayacağını bəyan etdi və dərhal Hörmüz boğazından keçid imkanı əldə etdi. Faktiki olaraq Avropa ölkələri görürlər ki, İranla razılığa gələrək strateji keçidləri təmin edə bilərlər. Fransadan sonra bir neçə digər ölkənin də bu prosesə qoşulacağı çox inandırıcıdır.
İranın Dieqo Qarsiya adası istiqamətinə raketlər göndərməsini İsrail tərəfi dərhal siyasiləşdirdi. Yəni, İranın əlində olan raketlərlə Avropa ölkələrinin vurula biləcəyi təhlükəsini ön plana çıxardılar ki, Qərbdən daha çox dəstək alsınlar. Ancaq Avropa dövlətləri bu siyasi oyuna gəlmədi. Əksinə, İrana qarşı aparılan əməliyyatların beynəlxalq hüquqa zidd olduğu fikrini daha ucadan səsləndirməyə başladılar. Dieqo Qarsiya adasına doğru göndərilən raketlər onu deməyə əsas verir ki, İran artıq 2 min kilometrlik ballistik raket layihələrini yekunlaşdırıb və 4 min kilometrlik yeni layihələrə start verib.
ABŞ və İsrailin İrana qarşı apardığı bu müharibənin yekun nəticəsinin nə olacağını zaman göstərəcək. Ancaq bir reallıq var ki, tərəflər müdafiə sənayesi sahəsində imzaladıqları müqavilələrlə bağlı öhdəlikləri yerinə yetirə bilmirlər. Bəzi ölkələr hətta imzalanmış müqavilələrin pozulması yollarını araşdırırlar. Hesab edirəm ki, bu müharibə qlobal silah bazarında Çin və Rusiyanın çəkisini daha da artıracaqdır.


Bakı -°C
