Parlamentin son iclaslarında millət vəkili Musa Urud belə bir məsələyə toxundu ki, pensiya yaşı 70-ə qaldırılsın. İndi baxıram, müzakirələr gedir, yəni gündəmə təzə bir mövzu düşüb, mənə də çox zənglər edirlər.
Mənfur Sovet hökuməti vaxtı universitetdə oxuyanda bizə bir mənasız «Siyasi iqtisad» dərsi keçirdilər. Orda yazmışdılar ki, dünyada ilk pensya İngiltərədə tətbiq olunub, yaş həddi də 65 nəzərdə tutulub. Sovet alimləri İngiltərənin çıxartdığı qanunu qəbul etmir, söyürdülər və onun adını da «ölü təqaüdü» qoymuşdular. Mənfur sovetlərdə pensiya yaşı 60 idi.
İndi bizdə 65-ə qaldırılıb. Musa müəllim də deyir ki, 70-ə qaldırılsın.
Azərbaycan uzunömürlülər ölkəsidir. Şirəli Müslümov 167 il yaşadı, Mahmud Eyvazov 156 il. Ona görə də mən də təklif edirəm ki, 70 azdı, bəlkə 80-ə qaldıraq?
Amma dünən «Report»un əməkdaşı Səbuhi Məmmədov 23 yaşında gözlərini əbədi yumdu.