adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

NƏ ÖZÜ YAŞAYIR, NƏ DƏ BAŞQALARINI YAŞAMAĞA QOYUR - Aqil ABBAS yazır

AQİL ABBAS
468 | 2022-11-12 09:00

Dünyadakı dövlətlər 3 yerə bölünür: birincilər o dövlətlərdir ki, özləri yaşayır, amma başqalarını yaşamağa qoymur. Məsələn, ABŞ, Fransa, İngiltərə və sairə, at gəldi örkən apardı.

Bir də dövlətlər var, nə özü yaşayır, nə də başqalarını yaşamağa qoyur. Məsələn, Rusiya, İran, Ermənistan və sairə, it gəldi çarıq apardı.

Bir də dövlətlər var özləri özlərini yaşamağa qoymur. Məsələn, Somali, Nigeriya, Əfqanıstan və sair və ilaxır, nə at gəldi örkən apardı, nə də it gəldi çarıq.

Keçmiş böyük qardaşımız Rusiya – sənin bu boyda ərazin ola, yeraltı və yerüstü sərvətlərini yığıb-yığışdıra bilməyəsən, dünyanın ən böyük meşələri sənin ola, ən sulu çayları sənin ola, almaz mədənləri, qızıl mədənləri , uran mədənləri sənin ola, qüdrətli alimlərin ola, şairlərin, yazıçıların ola, mədəniyyət xadimlərin ola, amma yaşaya bilməyəsən, özgələrini də yaşamağa qoymayasan? Dünyanın ən böyük ərazisi sənin ola, başqa dövlətlərin, başqa xalqların ərazisinə göz dikəsən. 150 milyon əhalin ola, 18 milyon kvadrat kilometr torpağın ola, 340 min kvadrat kilometr ərazisi, 120 milyon əhalisi olan və heç bir təbii sərvəti olmayan Yaponiya səndən yaxşı yaşayır.

Ən müasir raketləri, tankları, hərbi gəmiləri yarada biləsən, Allahın bir normal minik avtomobilini qayıra bilməyəsən. Sənin bir Stavropol boyda, hələ ondan da az ərazisi olan Cənubi Koreya dünyaya avtomobil ixrac edə, sən ondan avtomobil alasan. Dünyanın ən zəngin meşələri sənin ola, bir normal mebel düzəldə bilməyəsən, 70 il əsarətində qalmış Allahın Rumıniyasından mebel alasan.

İki okeana çıxışın ola, onlarla dənizin ola balıq tapa bilməyəsən.

O qədər səfeh siyasət yürüdəsən ki, can bir, qan bir qardaşın Ukrayna ilə müharibə eləyəsən həm özün qırılasan, həm də ukraynalıları qırasan, şəhərlərini dağıdasan.

O qədər səfeh siyasət yürüdəsən ki, Azərbaycan kimi qüdrətli, varlı bir dövləti qoyub Ermənistan kimi cındır bir dövləti tutasan.

Bu boyda dünyada dostun olmaya, səni sevən olmaya, ermənilərin ümidinə qalasan və sonda o da sənə dalını çevirə.

Və bir gün ayılıb görəcəksən ki, ermənilər bütün Rusiyanı işğal edib. Mədəniyyətini, kinosunu, televiziya kanallarını hamısını ermənilər zəbt edib. Ümidini Simonyanlara, Tiqranlara (it oğlunun familiyası yadımdan çıxdı), Şahnazarovlara və adı yadımdan çıxmış yanlara bağlayasan, bütün günü efirlərdən düşməyələr və səni altdan-altdan bütün dünya ilə düşmən edələr. Ölkənin nazirlərini yığıb tapşırasan erməni kökənli Mişustinə, xarici siyasətini də tapşırasan erməni kökənli Lavrova.

Azərbaycanda belə bir məsəl var, dostunu göstər sənin kim olduğunu deyim. İndi yuxarıda sənin dostlarını saydım.

Əjdər İbrahimovun çəkdiyi şedevr film olan «26-lar»da belə bir yer. Qartımış rus generalı deyir:

- Rusiya dağılır, cənablar, Rusiya dağılır!

- Hə, hə, get ağla!

İndi özün-özünü ağlamalı günə salmısan.

Srağagün də Xersondan qoşunlarını çıxartdı.

- Rusiya batır, cənablar, Rusiya batır!

 

TƏQVİM / ARXİV