adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MƏMMƏD ARAZ: “ƏRİM GƏLDİ” QAYASI

MƏMMƏD ARAZ
2393 | 2023-09-26 15:06

Bu torpağı gəzməmişəm

hələ daş-daş,

dərələri kaha-kaha,

qayaları hələ qaş-qaş.

Şair, dəcəl körpəliklə

yenə daşlaş...

Yapış onun yalıntaraq ayağından,

Dağa dırman, dağa dırman!

Bu qayanı niyə gördüm?

Gördüm nələr yada düşdü:

Yazıq nənəm eh, nə qədər,

Gözü yolda oda düşdü.

Oda düşdü gəlinlərə təsəllidən,

Ömrü-günü cəhrə nənəm,

Ömrü-günü bükük nənəm.

Kirpikləri ələk nənəm,

Barmaqları üskük nənəm.

Gəlinləri ər gözləyir – yola baxır.

Gəlin dağı! Yaddan çıxır oğul dağı!

Görən neçə elə gəlin, elə qarı

Burda elə daşa dönüb, elə qalır...

“Ərim gəldi” qayasının dövrəsi daş,

Daş gəlinlər bir anlığa dillənə kaş,

Bircəsinin nidasına qoşqu olam,

Ünvanına yetirməyə borclu olam.

Yağış döyən, külək yonan

daşlar çopur,

qəzəbimdən daşlar qopur,

daşlar qopur.

Bir əlləmə tulazlamaq istəyirəm

qədim daşlar aləminə,

Bəlkə bu daş sualımdan daşlar dinə:

- Ərin hara gedib, bacı?

- Ərin niyə gedib, bacı?

- Daşlar dinir; acı-acı...

Həyatımda mən ilk dəfə

daş xoruna qulaq asdım.

Daş xorunun naləsini lentə yazdım:

-Ərim gedib: ehtiyac bir yola gələ!

-Ərim gedib: Qanlı köynək ola, gələ!

-Ərim gedib:

Xan qızına lələk üçün!

-Ərim gedib: Kəbəyə bir dilək üçün!

-Ərim gedib: Qəsri-Qacar küncü qıza,

-Ərim əppək gedibdi bir küncüt qıza...

-Ərim gedib: qonşu kənddə qan batıra,

-Ərim güllə çataqladı bir qatıra,

Həcər bacı o üzdədir.

Toyuna sovqat istədi.

“Ərim gedib, ərim gedib...”

Bu xor yenə qatılaşdı,

Xəyalım çox dağdan aşdı.

Uçrumlara tökülən o

nəm saçlara çox dolaşdı.

Daş nənələr, daş xalalar, daş bacılar

Bilmədilər: gün doğular, gün açılar,

Dərələrlə başaşağı, başyuxarı

Gələr xoş xəbərlər axarı

Onlar Sevil harayını eşitmədi,

“Ərin gəldi, sevin, sevin!”

Harayını eşitmədi,

Yazıq Azərbaycan qızı...

Min illərlə yana-yana,

Tikə-tikə,

Xana-xana,

Bu torpaqda arzu əkib, ələm dərdi.

Gərdəyindən döyüşlərə ər göndərdi.

Ər sözünü, yar sözünü

qaçıb daşa deyə bildi.

Daşlar ona:

Daşcanlı ol, dözüb yaşa! –

deyə bildi.

Bayaqdandı qulaq verib daş xoruna

daş səsinə,

utanıram, utanıram

mən tarixin əvəzinə...

 

Şuşa – Bakı avqust 1970

Məmməd Araz

TƏQVİM / ARXİV