adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Məmləkət xatirələri - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
4615 | 2021-09-28 10:54

“Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır”
 

Əbu Turxan

 

İkinci yazı

 

Hasarlar 

“... Bərabər həyətə baxmağa gedirik, anam qabaqda, mən arxada. Həyata baxmağı da belə öyrənmişdim, valideynlər qabaqda mən arxada” birinci yazıdan (yazının linki: https://adalet.az/w225091

... Həyətin arxasında qızğın iş gedirdi, hasarı sökürdülər (kaş hasarlar hər yerdən, heç deyilsə  çox yerdən söküləydi – bu bardə bir qədər sonra). Ustanın, söküntüyə də, bundan sonra olacaq tikintiyə də rəhbərlik edəcək ustanın adı  Zaur idi, sinif yoldaşım, orta məktəbdə bir yerdə oxumuşduq.  Yaxşı ustadır, əl işinə söz ola bilməz. Odur ki, onunla anlaşmıdım. Mən hələ məmləkətə gəlməmişdən bir ay öncədən razılaşmışdıq ki, filan gün, yəni mənim gələcəyim gün işə başlasınlar. O da danışdığımız vaxtda orada idi. Səmimiyyətlə görüşdük və nə xoş bizə ki, ayrılanda da eyni, bəlkə daha artıq səmimiyyətlə sağollaşdıq. Adətən ustalarla ilk günlər xoş keçsə də sonrakı günlərdə  mütləq bir anlaşılmamazlıq olur, belə deyirlər. 

Zaurla bir sinifdə oxumuşuq. Artıq neçə saatdır ki, həyətdə işləyirmiş. Səsimi eşitsə də həyətin qabaq tərəfinə keçib mənimlə görüşməyib, gözləyib ki, mən nə vaxt arxa tərəfə keçəcəm. Əsl köhnə Bakı kəndlərinin adəti. Nə yaxşı ki, belə abırlı adətləri hələ də qoruyub saxlayanlar var. 

... Həyətin arxa tərəfindən də yol keçir, balaca, ensiz bir yol. Vaxtilə qonşular hərəsi öz qapısının ağzına kimi qum, kimisi daş-kəsək tökə-tökə yolu hündürləşdirdilər və bir neçə il öncə də asfalt çəkilincə bizim hasar balacalaşmışdı. Odur ki, hasarı söküb yenidən, daha hündürünü tikməyə qərar vermişdik. Kaş bu hasarları birəfəlik sökə biləydik, yenisini tikməmək şərti ilə. Hər yeri hasarlamışıq, qonşularla aramızı, yol qıraqlarını və.s. Hava limanına gedən yol boyu hündür və gözəl hasar çəkilib, o hasarın böyük bir hissəsinin arxasında isə kasıb, miskin görkəmli evləri gizlətmişik. Hər zamankı kimi, əskiyimizi, eybimizi düzəltmir, gizlətməklə yox hesab etməyə çalışımışıq. Ən asan yolu seçirik. Bu hasarı da çəkiblər ki, kimsə hasarın arxasını görməsin, oradakı köhnə evlərdən, hasarlardan və.s. xəbərdar olmasın. Sizi bilmirəm, mən görməyə bilmədim.  M.Ə.Sabir demişkən:

Neyləməli, göz görür, əqlim kəsir, 
Mən günəşi göydə dana bilmirəm!..
(Oxu: hasarın arxasını dana bilmirəm).

Xəzər

Hasardan söz düşəndə az qala başdan-başa hasarlanmış Xəzəri xatırlamamq olmur. Xəzəri, az qala, başdan ayağa hasarlayıblar. Sanki  xəzərlər bunların ulu babalarıdır və Xəzər də bunlara babalarından qalıb. Əlbətdə ki, Xəzərin ölkəmizdə olan sahillərindən bəhs edirik, yəqin ki, Xəzərin digər sahilindəki ölkələr Xəzərə “hava almağa qapı” qoyublar. Qarabağdan düşməni çıxardıb torpaqlarımızı azad edə bildik, bircə Xəzəri də onu zəbt edənlərin əlindən azad edə bilsə idik... Bu yerdə yenə də R. Rövşənin misraları yada düşür:


... Xəzər dənizi də olmur, olmasın. 
Dənizə dəyməyim, yox, dəniz olsun. 
Amma bundan bir az qoy təmiz olsun. 
Onun balıqları zəhərlənməsin,
Onun qıraqları çəpərlənməsin.

Məmləkətdə olduğum günlərin çoxusunda səhər saat 6 -da durub Xəzərin sahilinə gedirdim. Sevirəm sahilə sübh tezdən getməyi. Bu dəfəki səfərimin ilk günlərində “pullu sahilə”, yəni restoran, yaxud da istirahət mərkəzlərinin birinin sahilinə getməyi düşündüm,sahili təmiz olar deyə. İstirahər mərkəzlərinin birindən dedilər ki, ancaq saat 8:00 – dan sonra içəri daxil ola bilərəm, sanki Xəzər “Saat 8:00 – dan öncə kimsəni sahilimə buraxma” deyib.  Gözətçini qınamadım, bunlara göstriş belə verilib. Necə deyərlər, eşşəyə gücüm çatmır deyə palanı döyəsi deyildim ki. Oradan uzaqlaşıb  bir qədər aralıdakı  başqa bir istirahət mərkəzinin həyətinə daxil oluram, təbii ki, pulunu ödəyərək. 

Haşiyə: Bir neçə gün sonra, həftənin şənbə günü, yaxın bir dostla burada şam yeməyi yeməyə, birazca da dincəlməyə getmişdik. Boş bir masa üçün bizdən  15 manat istədilər, həftə sonu belə olurmuş. “Yaxşı, biz masa istəmirik. Bizə yemək gətir, ancaq harda yeyəcəyimizi də göstər” deyincə, “Müəllim, bizlik deyil”- deyə cavab verdilər. Yenə də “eşşək və palan” məsəlini xatırlayıb susdum. Deyəsən dostum da eyni məsələni xatırlamışdı, başqa vaxt haqsızlığa dözməyən dostum bu dəfə bir söz demədi.  Yeməkdən sonra sahil boyu, hasrın içərisində bir qədər gəzişmək istədik, hiss etdik ki, hardansa üfunət iyi vurur. Yaxınlaşıb gördük ki, istirahət mərkəzi kanalizasiyanı, kimsədən çəkinmədən, dənizə axıdırlar, iy də onun iyi imiş. Kimdən çəkinəsidilər? Çəkinməli olanlar da ya özləridirlər, ya da özləri kimi olanlar.  Xəzəri hər yerindən duran hasarlaya bilməz ki.  

... Baxdım ki, oranın sahili də fərqli deyil. Sonrakı günlərdə yolumun üstündə olan bir ictimai çimərliyə (adını unutduğum bir ictimai birlik tərəfindən yaradıblar) getdim. Ora da hasara alınmış  (“setka” ilə - dilimizdə necə deyilir, bilmirəm) olsa da giriş pulsuz idi. İnsafnan desək, lazım olan şəraiti, paltar dəyişmə yeri, ayaqyolusu, oturmaq üçün yerləri, günəşdən daldalanmaq üçün daldalanacaqları və.s. var idi və kimsə də bunlara görə səndən pul istəmirdi. Sahil də təmiz idi...  Ölkədə hər hansı bir çatışmamazlığı görəndə adamın içi nə qədər sızıldayırsa, belə halları görəndə bir o qədər sevinirsən. Nədir bu hisslərin səbəbi? Sevgi demək olarmı? Bilmirəm.

... Demək ki, biz bacararıq, istəsək bacararıq. Yaşlı bir kişi ara-sıra sahil boyunca gəzişir, yerə atılmış zir-zibilləri yığırdı.  Yaxınlaşıb söhbət etdim. Yerə zibil atanların arxasınca bir-iki “yaxşı” ifadə işlətdi (həmən vaxt ürəyimdən “Axı, ay insanlar,  niyə yerə zibil atırsınız? Axı sizə görə günhasız yaxınlarınız, valideynləriniz da söyülür. Günahsız? Bəlkə də günah həm də  onlardadır, düzgün tərbiyə verməyiblər”). “Əsəbləşmə, ağsaqqal.  Yerdəki zibilləri də əlinizə əlcək geyinərək götürsəniz yaxşı olar. Xüsusən virusun bu qədər yayıldığı vaxtda”- deyirəm.  Yaşlı kişi üzümə diqqətlə baxaraq “Məni bu virus deyil, zibili yerə atan viruslar (adamları nəzərdə tutur)  birtəhər edəcək” – deyir. Gedəndə ağsaqqalın cibinə azacıq pul basıram. Götürmək istəmir, israrla verirəm. Sonra da yolboyu öz-özümə “Doğrumu etdim? Axı adam məndən pul istəmədi, bəlkə beləliklə insanlarımızı pis öyrədirik” deyə sual etdim və sonra da özümə “Bunun ki, səlahiyyəti yoxdur. Pul verib işini aşırtmağa çalışmadın ki, sadəcə kömək etdin”- deyə haqq qazandırmağa çalışdım.  

... Çox vaxt belə olur, özümüz özümüzə haqq qazandırmağa çalışırıq, ən haqsız vaxtlarımızda belə. Görəsən, Xəzərin sahili də daxil, mümkün olan hər yeri hasarladığımıza, təbiətə vurduğumuz zərərlərə və sonrakı yazılarımda yazacağım eybəcərliklərə, haqsızlıqlara və bütün bunlara hamımızın göz yummasına görə nə vaxtsa özümüzə haqq qazandırmağa çalışacağıq? Çalışsaq da, bunu bacaracağıq?

Ardı var. 
 

Vüqar Abbasov.
Niderland-Azərbaycan-Niderland.
[email protected]

 

TƏQVİM / ARXİV