adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Marka… - Eminquey yazır

EMİNQUEY AKİF
1267 | 2022-04-14 14:37

Adətən demək istədiklərimizi Cem Yılmazın sözü olmasın, “bir dostum”uzun diliylə deyirik. Amma indi yazacaqlarım uydurma dostumun dilindən eşitdiklərim deyil.

Danimarkada pulsuz təhsil qazanmış bir qızdır.

Danimarka onun iki illik təhsil haqqını (100 min manat civarındadır) ödəyir.

Danimarka ona 6500 kron (1850 manat) təqaüd verir.

Danimarka ona öz dilini öyrədir və xərclərini qarşılayır.

Danimarka ona ev yardımı göstərir.

Üstəgəl, “benefits”, yəni güzəştlər də var.

Amma...

Danimarka bunları etməklə yanaşı nəzarəti buraxmır. Məsələn, əgər dil kursuna bir gün getməsən o dəqiqə zəng vurub xəbərdarlıq edirlər ki, əgər getməyəcəksənsə, ödədiyimiz pulu dayandıraq.

Praktikan olmasa, diplom verilmir. Praktikanı isə işdə yığmalısan.

Digər ölkədən olan tələbələr öz səfirliklərində işlərini həll edə bilsələr də, bir Azərbaycan vətəndaşının Danimarkada işi biraz müşküldür. Ət və çörək xəstəsi olan azərbaycanlı çörəyi 8 manata, 800 qram mal ətini 27 manata alır. Danimarka nəinki Avropanın, dünyanın da ən bahalı ölkələrindən biridir. Dünyada insan hüquqlarının tanınmasına görə ilk yerlərdədir.

“Digər uşaqlar mənə nisbətən daha çox təqaüd alırlar. Bir gün vergi agentliyindən məktub gəldi ki, səndən 1300 kron tutulacaq. Vergini tutdular. “Okay” dedim, nə də olsa Azərbaycan “okay” deməyə öyrəşmişəm. Universitetdə dedilər ki, “Not okay!”. Kommunaya sorğu göndər, araşdırılsın. Yazdım. Bir həftəyə cavab gəldi ki, sən Azərbaycan vətəndaşısan, ona görə səndən vergini çox tuturuq. Çünki Azərbaycanla Danimarka arasında təhsil müqaviləsi yoxdur. Bu səbəbdən də azərbaycanlı tələbələr vergidən güzəşt əldə edə bilməzlər. Hər iki dövlət 1992-ci ildə təsbit edilmiş şəkildə diplomatik səviyyədə tanıyıblar, vəssalam. Türk tələbə yoldaşım məndən 450 kron çox təqaüd alır. çünki Türkiyə ilə Danimarka arasında çoxlu təhsil anlaşmaları var. Sonra təklif etdilər ki, ev yardımı edək. Üç aydan sonra ev üçün 447 kron verməyə başladılar”.

Danimarka Vergi Agentliyi hər il mart ayında hər kəsin verdiyi vergini yoxlayır. Onlar buna “SKAT” (xəzinə) deyirlər. Əgər kim artıq vergi veribsə, o məbləğ vətəndaşa geri qaytarılır. Kim az veribsə, hesabından çıxılır. Özbaşına yox, xəbərdarlıq edilərək.

Danimarkada mal ətinin 800 qramı 27 manat olsa da, ətləri çox dadlıdır. Digər ölkələr inək ətini Danimarkadan idxal edir. Təkcə Kopenhagendə 4 inək heykəli var. Simvoldur.

Dostum deyir ki, Azərbaycanın Danimarkada səfirliyi, konsolluğu olmadığına görə Azərbaycan vətəndaşları burada çox problemlərlə rastlaşırlar. Digər vətəndaşlar öz səfirliklərinə üz tutduğu halda azərbaycanlılar ortada qalırlar.

Bir sözlə, Danimarka vətəndaşını qoruyan, ona kifayət qədər dəstək verə ölkədir. O, bunları təmənnasız etmir. Bilir ki, vətəndaş ona vergi verəcək. Bilir ki, tələbəsi gələcəyin peşəkar həkimi, İT mütəxəssisi, müəllimi, mühəndisi olub ölkəsinə xeyir verəcək. Kobud da çıxsa, inək bəsləyir ki, südünü, pendirini, ətini yesin. Və Danimarka insanı yüksəyə qaldırmaq üçün sözün yaxşı mənasında yaxşıca “döyür”.

Bunları niyə yazıram?

Bizim kimi hətərəm-pətərəm yaşayan adamlara Danimarka ağır gələr, ağır. Asan deyil oralarda yaşamaq, asan deyil.

Danimarka “marka”dır, əlin çatmaq üçün əziyyət çəkməlisən...

 

TƏQVİM / ARXİV