Azərbaycan çox çətin və ağır günlər yaşayıb. Həmin ağır günlərdən də biri ərazilərimizin 20 faizdən çoxunun erməni faşistləri tərəfindən işğal edilməsi olub. Yəni ermənilər 1992-93-cü illərdə Azərbaycanın gözəl məkanlarından olan Kəlbəcəri, Şuşanı, Laçını, Ağdamı, Füzulini, Zəngilanı, Qubadlını və digər yaşayış məntəqələrimizi havadarlarının köməyi ilə ələ keçirtdilər. Təbii ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında olması ilə razılaşa bilməzdi. Düzdür, bu işğal 30 ilə yaxın davam elədi, amma Azərbaycan bütün qüvvəsi və gücü ilə 2020-ci il sentyabrın 27-də ayağa qalxdı, 44 günlük İkinci Qarabağ savaşında işğal altında olan torpaqlarını azad elədi.
Təbii ki, 2020-ci ilin noyabrın 10-da üçtərəfli bağlanmış müqaviləyə əsasən Ağdam, Laçın və Kəlbəcər müəyyən müddətdən sonra Azərbaycana təhvil verilməli idi. Və həmin müddət bitəndə işğal altında olan bu ərazilərimizi ermənilər tərk etdilər. Amma tərk edəndə də yenə erməniliklərini və iç üzlərini göstərdilər. Onlar yaşadıqları evləri, sosial obyektləri yandırıb çıxdılar. Lakin bununla da kifayətlənmədilər, meşələrimizə od vurdular və qədim mədəniyyət abidələrimizi dağıtdılar. Bütün bunlar bayaq dediyimiz kimi, bir daha erməni faşistlərinin simasını göstərdi.
Heç şübhəsiz, Azərbaycan prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin yenidən tikilməsi, inşa edilməsi və qurulması üçün çox böyük qüvvə sərf etdi. Təbii ki, qalib dövlətin Ali Baş Komandanı, prezident İlham Əliyev böyük quruculuq işlərini gerçəkləşdirmək üçün çox ağır bir yükün altına çiyin verdi. Torpaqlarımızı işğaldan azad etmək necə çətin idisə, yandırılmış, daşı daş üstə qalmamış yaşayış məntəqələrini də yenidən tikmək, bərpa etmək bir o qədər çətin iş idi.
Əlbəttə, bu çətinliyə baxmayaraq, öz daxili imkanları hesabına Azərbaycan çıxış yolu tapdı və işğaldan azad olunmuş rayonlarımızda böyük abadlıq və quruculuq işlərinə başlanıldı. Üstəlik də bütün yaşayış məntəqələrində ermənilər minalar basdırmışdılar və onları da zərərsizləşdirmək elə də asan iş deyildi. Ona görə də həmin sahələr minalardan təmizləndikcə böyük quruculuq işlərinə start verildi. Füzulidə, Ağdamda, Qubadlıda, Zəngilanda, Laçında böyük tikinti işlərinə başlanıldı. Özü də heç bir xarici dövlətin və beynəlxalq təşkilatın gücü olmadan. Ağır müharibədən çıxmış ölkəmiz tək başına, qısa zaman kəsiyində adını çəkdiyimiz rayonlarda çox möhtəşəm işlər gördü.
Bax, belə möhtəşəm işlərdən biri də Kəlbəcərdə gerçəkləşdi. Kəlbəcər bəlkə də dünyanın ən gözəl təbiəti olan məkanlarından biridir. Buranın buz bulaqları, yaşıl meşələri, güllü-çiçəkli ormanları və bir də «İsti su»yu dünyanın heç harasında yoxdur. Dünyanın heç harasında olmayan bu gözəllikləri görmək, bu güllərdən, bu çiçəklərdən zövq almaq, ətrini duymaq yenidən kəlbəcərlilərə qismət oldu. Və Kəlbəcər şəhərində onlarla yeni binalar, sosial obyektlər, məktəb, uşaq bağçası, tibb məntəqəsi, digər tikililər inşa edildi. Rayon mərkəzində müasir standartlara cavab verən asfalt yol çəkildi. İşıq, qaz, su xətti istismara verildi. Bu gün Kəlbəcərdə yüzlərlə insan və ailə məskunlaşıb. Biz onların bir neçəsi ilə söhbət etdik və qonaqları olduq.
Qonağı olduğumuz mənzillərdən birinin sahibi Fikrət Əhmədovdur. Fikrət qardaşımız deyir ki, Kəlbəcərin bütün fəsilləri gözəldir. Amma Kəlbəcərin yazı qədər gözəl yaz mən görməmişəm. Düzdür, o biri rayonlarımız da füsunkardır, qəşəngdir, əgər dağlara, ormanlara, çöllərə baxsan görərsən ki, nə qədər və neçə cür çiçək var. Burda bənövşənin, lalənin öz şirinliyi, öz əsrarəngizliyi var. Biz onlara baxıb yenidən rahat nəfəs alırıq. Çünki Kəlbəcərsiz keçirdiyimiz günlərdən bizə dərd-kədər, travma qalıb. Ən azından ona görə ki, biz burdan çıxanda güllənin, topun yağış kimi yağdığı vaxtlar çıxmışıq. Neçə əzizimizi itirdik və bir neçəsi də əsir düşdü. Heç onlardan da bir xəbər olmadı. Burdan gedəndə ağlaya-ağlaya getdik, amma Kəlbəcərə qayıdanda yenə ağladıq, amma bu ağlamaq o ağlamaqdan deyildi – sevinc göz yaşları idi. İndi bizə üçotaqlı, hər cür şəraiti olan mənzil veriblər. Burda işə də düzəlmişəm, uşaqlarım da iş tapıb işləyirlər, əsas məsələ odur ki, 30 ildən sonra öz dədə-baba yurduma, cənnət Kəlbəcərə qayıtmışam. Bundan gözəl nə ola bilər?
Onun digər qonşusu Məhərrəm Əliyevlə də söhbət edirik. Deyir ki, məcburi köçkünlük və qaçqınlıq vaxtı Kəlbəcəri yuxumda görürdüm. Yuxudan qalxanda uşaq kimi ağlayırdım. Evdə məni güclə kiridirdilər. Çünki yuxuda görürdüm ki, evimiz yandırılıb, meşələrimizə od vurulub, şəhərin daşı daş üstə qalmayıb. Elə Kəlbəcər alınandan sonra da ermənilərin bu namərdliyini gördük. Amma ölkə prezidenti, Ali Baş Komandan, bizim üçün həmişə güvənc və arxa yeri olan İlham Əliyev qısa zaman kəsiyində digər rayonlar kimi Kəlbəcərdə də evlər tikdirib, bizi ora köçürtdü. İnanın, ömrümdə heç vaxt belə sevinməmişəm. Çünki ağır günlər yenə mənim yadımdadır. Biz Kəlbəcəri tərk edəndə qardaşımı və atamı ermənilər əsir götürmüşdülər. Qardaşımı öldürdülər, sonra atamı əsir götürüləndən bir müddət sonra Qızıl Xaç Cəmiyyəti qeydə almışdı, ona görə də bir müddətdən sonra onu geri qaytardılar. Bütün bu ağrılarımız-acılarımız ürəyimizə çəkilmiş bir dağdır. Və bu dərd heç vaxt yadımızdan çıxmayacaq. Bizi sakitləşdirən yenidən Kəlbəcərə qayıtmağımız, yeni tikilmiş müasir evlərdə məskunlaşmağımız, evimizin işığının yanması, ocağımızın yenidən alovlanmasıdır. Yəni bizim ikinci bir xoşbəxt günümüz başlayıb.
Bütün kəlbəcərlilər Vətənə, bu cənnət məkana qayıtdıqlarına görə Ulu Öndər Heydər Əliyevə minnətdarlıq edirlər. Onlar deyirlər ki, hələ 1994-cü ildə bizimlə görüşdə Heydər Əliyev deyirdi ki, vaxt gələcək hamınız öz yurdunuza qayıdacaqsınız. O vaxt gəldi, biz Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun 44 günlük möhtəşəm zəfəri ilə öz yurdumuza geri döndük. Bax, bu kəlbəcərlilər üçün ən böyük sevinc və ən böyük mükafatdır!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Bakı -°C
