Qarabağın bəzəyi olan Şuşada müəllimə işləyəndə ağlına da gəlməzdi ki, bir gün bu doğma torpağı ilə ayrılığından şeirlər yazacaq. Şuşa işğal olunanda İlduzə Əliyeva təkcə vətənindən deyil, öz fidanlarından da ayrı düşdü. O, təkcə yurd həsrəti çəkmirdi, həm də hər gün bağrına basdığı şagirdləri üçün darıxırdı.
Bu ömür yolunda həyatı eniş-yoxuşlarla dolu olan İlduzə müəllimə ilə Şuşalı günlərindən danışdıq…
-Təxminən ömrünüzün 40 ildən çoxunu Şuşada yaşamısınız. Doğma yurdunuzda müəllimə işləmisiniz. Pedaqoji fəaliyyətiniz dövründə hansı hadisəni heç unutmamısınız?
-Hələ ondan Şuşalı günlərimiz idi. Daha doğrusu Şuşanın mənfur ermənilər tərəfindən yaralanmadığı günlər idi. Bakıda əməliyyat olunmuşdum. Şuşaya qayıdandan 2-3 gün sonra gördüm ki, şagirdlərim hamısı əlində bir dəstə çiçək qapımda dayanmışdılar. Məni görən kimi hamısı üstümə yüyürdülər. O günü heç unuda bilmirəm. Həmin balalarımdan ayrı düşdüm. Bu mənim üçün ən böyük dərd oldu. Axı onlar mənə öz övladlarım qədər doğma idilər…
-Şuşadan çıxdığınız günü necə xatırlayırsınız?
-Həmin günü bu gün kimi xatırlayıram. Hər kəs bir şey götürürdü. Şuşanın işğalının son günləri idi. İnsanlar bilmirdi özlərin qorusunlar, yoxsa mülklərinə sahib çıxsınlar. Çətin zaman idi. Kimin gücü nəyə çatırdısa, onu da götürürdü. Amma mən oğlumun tarını bağrıma basdım. Elə bildim ki, tar erməniyə qalsa, mən böyük bir günaha bataram. Gözlərimdən yaş axa- axa Şuşadan çıxırdım. Daha doğrusu çıxmağa məcbur idim. Mənfur ermənilər cənnət Şuşanı talan etmişdilər.
-Şeirlər yazırsınız. Daha çox vətəni vəsf edirsiniz. Şuşa işğal altında olanda ondan yazmaq çətin deyildi?
- Həmin günlərin öz ağrıları var idi. Məni bu barədə ancaq o torpaqda doğulub- böyüyən insanlar anlaya bilərdilər. Yazdığım şeirlər yalnız Şuşaya- doğma yurudma həsrətimin sözlə ifadəsi idi.
-Şanlı zəfərimizdən sonra doğma yurdunuza getdiniz. Hansı hisləri keçirdiniz?
- Şuşa iğaldan azad olunandan sonra doğma yurduma getdim , o zaman ürəyimdən bir hiss keçdi. Şuşa ilə bağlı ən gözəl şeirlərimi oxudum. Torpağı qucaqladım.
Elə bilirdim ki, dünya-aləm mənimdir. Sanki həyata yenicə gəlmişdim. İnsan öz yurdunda ancaq uşaqlaşa bilir… Körpə uşaq kimi idim, kövrək, səssiz….
-Deyirsiniz ki, “Fələk, evin yıxılsın, Belə çəkmə sınağa.”
Deyəsən bu 28 il sizin üçün heç də asan keçməyib...
- Bəli, fələyin sınağı çox ağır oldu. Deyərdim ki, qəriblik ağır sınaqdır, taleyin ən ağır dərdidir. Arzulayıram ki, o dəhşət dolu illəri heç kəs yaşamasın.
- Dərdi nədir buludun? Yağış olub ağlayır. Sizcə insanlar da bulud kimdir? Hər dərdə ağlamaq olur?
- Bəli, insanlar da bulud kimi ağlaya bilir. Buludlara baxırdım, elə bilirdim mənəm ağlayan. Təsəvvür edin, insan doğulduğu, böyüdüyü, ömrünün bir hissəsini yaşadığı yurdundan məcbur çıxarılır. Bundan böyük dərd ola bilərmi? Əlbəttə, yox. Bu gün çox şükür olsun ki, Qarabağ işğaldan azaddır. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz Qarabağlı- Şuşalı günlərimizi şəhidlərimizə, qazilərimizə borcluyuq.
-Ömrünüzün 44 ilini müəllimlik peşəsinə həsr etmisiniz. Bu peşədən mənəvi qazancınız nə olub?
-Müəllimlik peşəsindən ən böyük qazancım, indi həkim, hüquqşünas, müəllim, ifaçı olan şagirdlərimdir. . Küçədə, yolda məni görüb qarşıma gələn şagirdlərimi o qədər çox istəyirəm ki, onlar mənim bəhrələrimdir. Onlarla fəxr edirəm. Bir müəllim üçün bundan böyük qazanc ola bilərmi? Əlbəttə, yox.
Əntiqə Kərimzadə


Bakı -°C
