adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Hər yerə apardığımız köhnəlməyən xatirələrimiz - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
500 | 2022-04-05 17:57

Şairə Sona xanım Vəliyevanın bir şeirinin işığında

Yəqin ki, hər birimiz bu məqamla, bu durumla, bu ifadə ilə az ya çox rastlaşmışıq, qarşılaşmışıq. Hətta gündəlik məişətimizdə də bu söz normal bir şəkildə işlədilir. Sizi çox yormadan, başınızı ağrıtmadan birbaşa deyim ki, söhbət «köhnə» sözündən, köhnə terminindən, eləcə də «xatirə»dən gedir. Adətən geyindiyimiz paltarı da köhnəyə, təzəyə ayırırıq. İstifadə etdiyimiz əşyaları da... Maraqlıdır ki, bəzən fikirləri də  köhnə , hətta müəyyən məqamlarda bəzilərimizi  də, o cümlədən elə mənim özümə də köhnə fikirli sayırlar...

Bax, bütün bunları  ona görə giriş kimi dilə gətirirəm ki, nə qədər köhnə olsa da, nə qədər xatirə adlandırılsa da, dəxli yoxdu, o köhnə də, o xatirə də nəyinsə, kiminsə bünövrəsidi. Çünki hər şey köhnənin üzərindən başlayır. Təhqiqatlar da, araşdırmalar da, calağ etmək də, yeniləşmə də. Bu proses bütün sahələrdə, o cümlədən ədəbiyyatda da gedir.

Bu gün mənim üz tutduğum, həmsöhbət olduğum  yenə bir «köhnə» şeirdir. Yaxşı bir deyim var, oxunulmamış mətn həmişə təzədi. Deməli, bu prizmadan baxsaq, bu bucaq altında qiymət versək, onda bu şeiri kim oxumayıbsa, onun üçün təzədi, tərdi. Oxuyanlar da təkrar oxusa bir daha təzələnərlər. Ruhən təravətlənərlər. Odur ki, qayıdıram həmin o «köhnə» şeirə.  O şeirdə yazılıb ki:

 

Sökmək, vurub dağıtmaq asan –

Toz dumana qarışıb,

bir azdan sakitləşəcək,

 xatirələrin avazımış rəngi kimi.

 

Yəqin ki, oxudunuz bu bəndi və dərhal da ağlınıza gəldi ki, həqiqətən dünyada ən asan iş söküb-dağıtmaq, vurub-uçurtmaq, yerlə-yeksan etməkdir. Həmin o dağıtmağın, o uçurmağın ağrısını isə dağıdılan, uçurulan ünvanla , məkanla, cismi ilə, ruhu ilə, varlığı ilə  bağlılığı, təması olan çəkir. O bilir ki, nə dağılır... nə uçulur... nə talan olur... o yaşayır bu sızıltıları, o keçirir bu təlaşı, bu həyəcanı və bir də o təzədən bütün prosesləri, bütün olmuşları təkcə yaddaşının yox, həm də ruhunun köynəyindən keçirir və beləcə bir ömrün köhnə və təzə həyatı əlbəyaxa olur...

Mən yaşadığım həyatımın demək olar ki, ən ağır dönəmini söküntülərlə, dağıntılarla, talanla, viranla bir cərgədə, bir müstəvidə görmüşəm. Yəni yaşadığım vətəndə vətənsizlik, evimin, yurdumun talanı, düşmən tapdağı altında qalması məhz həmin dediyim duyğuların varlığımı  necə üyütdüyünü mən özüm hamıdan yaxşı bilirəm. Amma burda bir nüans da var, o da özümüzün bilərəkdən, məqsədli şəkildə dağıtdığımız, sahiblənmək üçün viran qoyduğumuz tikililərdi, abidələrdi. Daha doğrusu, həmin abidənin olduğu ərazidi. Elə özü ilə birlikdə nə qədər xatirəni, nə qədər izi silib aparan Bakı söküntüləri buna bir canlı nümunədi. Həmin məqamla bağlı yazmışam ki:

 

Sökdülər –

məncə bu söz

hürkək oldu...

çünki, sökmədilər,

vurub, uçurub

tökdülər!

 

Bəli, bu heç də etiraz, narazılıq və yaxud da qəzəb hissini ifadə  etmək deyil, bu, sadəcə bir gerçəyin qarşısında susmamaqdı. Çünki sökmək onların yanaşması ilə, təbirincə desək, «köhnə»dən xilas olmaq hər zaman doğru seçim olmur. Çünki sənə, mənə görə köhnə olan ona, başqasına görə yenidi, danışandı, təqdim edəndi və bu yerdə yenə əvvəlki şeirə qayıdıram.

 

sökülən evlərin yerinlə

daş-kəsək, solğun divar kağızları

görünəcək.

Min-min, dipdiri xatirələr qalacaq

uçqun altında.

Kiminin uşaqlığı, kiminin gəncliyi,

kiminin tənhalığı, kimsəsizliyi,

yazıq-yazıq inləyəcək, boylanacaq.

 

Budur həqiqət, budur «köhnə» qəzəbinə gələn, «köhnə» qurbanı olan, qərar verən isə həmin o «köhnə»ni görmək istəməyənlərdi. O «köhnə»dən qazanc güdənlərdi. Demək burda bir məntiq də var. Əgər bir köhnəni qorumaq mümkündürsə, onun mahiyyəti önəmlidirsə, ona fərdi yanaşmaq, fərdi dəyər vermək məncə çox da çətin olan iş deyil. Yalnız bu məsələdə ürəklə, ağılla bir təmas qurmaq lazımdı. Şeirdə deyildiyi kimi, uçqun altında qalan xatirələri, izləri, ləpirləri göz önünə gətirmək, onların sızıltısını dinləmək lazımdı, hiss etmək lazımdı. Bax, onda...

Bəli, mən də elə bu fikirdəyəm:

 

Özü də,

bir günün içində yox! –

zaman-zaman

bina-bina,

ev-ev...

otaq-otaq,

daş-daş –

açıq-aşkar...

Həm sürətli,

həm də

yavaş-yavaş...

 

Deməli, sökən və bu sökməyə qərar verən, imza atan mənim dediyim, ifadə etdiyim, kağıza köçürtdüyüm hissləri ya ümumiyyətlə özünə yaxın buraxmır, ya da onun üçün bu hisslər heç  mövcud  da  deyil. Çünki insan öz əli ilə sevə-sevə, oxşaya-oxşaya, alın tərini, nəfəsini hopdurub yaratdığını elə-belə, söküb dağıda bilməz. Burda ya son dərəcə zəruri, hava, su qədər önəmli nüans olmalıdı, ya da dəlilik...

Bilmirəm, sökməyə meyilli olanlarda  bu  hisslərdən  hansıdır? Amma bildiyim odur ki:

 

Daş-kəsək altından

adamlar gələcəyi köhnəlmiş ümidləri ilə

qərib-qərib süzəcəklər.

Əllərində satılan, sökülən illərin qiyməti,

saya-saya xəyala dalacaqlar.

Unudacaqlar nə satdıqlarını:

bir, iki, bizimki

və ya bu dərd kiminki?

Üç, dörd, qapını ört.

Qapısız xarabalıq önündə ağlaya-ağlaya

heyrətlənəcəklər.

 

Gətirdiniz gözünüzün qarşısına bu mənzərəni? Bir anlığa da olsa, ruhən qoşula bildinizmi həmin o ovqata, həmin o yaşama. Qulaqlarınıza gəlib çatdımı həmin o sızıltılar, pıçıltılar, ağrılar. Silkələnib oyandımı xatirələriniz?

 Deyəsən suallarım çox oldu. Amma yox! Bu sualları mən vermirəm ki! Bu həmin o  «köhnə» donu biçdiyiniz, «köhnə» damğası vurduğunuz, sökülənlərin saysız-hesabsız suallarından yalnız biri ya da iksidi. Mən isə:

 

Söküldükcə

göz yaşları axdı –

gilə-gilə,

için-için

hıçqırtı ilə –

bina-bina

ev-ev,

otaq-otaq,

daş-daş...

 

Hə, bax mənim suallarım isə elə bu qırıq-qırıq sözlərdi, misralardı. Çünki onların da bir-birindən pərən düşməsinə səbəbkar məhz elə həmin o sizin «köhnə» deyib sökdükləriniz, dağıtdıqlarınızdı. Amma bilmirsiniz ki:

 

Açılacaq xatirələrin qapısı,

olanlar, keçənlər milyonlara dəyişilməyəcək,

yanacaqlar içlərində,

utanacaqlar,

susacaqlar.

Peşman-peşman sayacaqlar aldıqları pulları.

Bir, iki, üç, dörd,

bu pul deyil, dərddir, dərd!

Hamı sayır,

saya-saya ağlayır.

 Sən say, qardaş, görək

Fələk nə sayır!

 

Hə, bildinizmi? O söküntülərin hansı ittihamlarla çıxış edəcəklərini. Anladınızmı sizin hansı maddələrlə məhkəmə önünə çıxaracaqlarını. Hələ bunlar bir yana. Çatdımı donmuş ruhunuza, ağlınıza, ürəyinizə nələr etdiyiniz? .. nələrlə günün birində vuruşacağınızı və həmin köhnələrin qisasından qurtula bilməyəcəyinizi ?.. Ağlınıza gətirdinizmi, yoxsa mən də deyim sözlərimin ardını:

 

xatirə-xatirə

Sızıldadı

təzə,

köhnə

və nimdaş

ruhlar...

Selləndi –

küçə boyu,

yol uzunu

qanayan,

ağlayan

xatirələr...

Və yığa bilmədi

ayaqlar altından

özünü –

ruhlar,

nə də xatirələr –

Köhnə Bakıda...

 

Bəli, bir şeirin əlindən tutub söküntülərin, dağıntıların, bütövlükdə isə köhnənin içindən ayaq barmaqlarımın ucunda keçməklə həmin mənzərəni yazıya köçürtdüm. Çalışdım ki, öz sözümü də həmin o bir şeirə qoşmaqla reallığı olduğu kimi göstərə bilim. Axı bu reallıq bizim yaşamımız, yaşadığımız və ruhumuzla, qəlbimizlə hər yerə daşıdığımızdı. Onun adı xatirə olsa da, o, həm də bugünümüzdü!..

Və  nəhayət, əlindən tutduğum  bu KÖHNƏ ŞEİR isə  dəyərli şairəmiz,hörmətli Sona xanım  Vəliyevadır. Ürəyinə sağlıq, Sona xanım!

TƏQVİM / ARXİV