Həkimi nəbatat Madam İdalqonun “humanist”liyi -Eminquey yazır

EMİNQUEY AKİF
1749 | 2023-08-30 15:41

Həkimi-nəbatat Müsyö Jordan yadınıza düşür də. Guya səbəbi ziyarəti bu idi ki, bizdən bir növcavanı aparıb təhsil-zad versin, yetişdirib 1 il içində yollasın təzədən Qarabağa. Bəylərin də övrəti bir Dərvişin sehri ilə Parisi darmadağın eləmişdi və Müsyö Əli aşından da olmuşdu, Vəli aşından da.

Mirzə Fətəli kişi elə-belə yazmamışdı ki bu əsəri.

İndi o Müsyö Jordan qiyafəsini, ismini, cinsini dəyişib Madam Ann İdalqo adı ilə gəlib çıxıb düz sərhəddimizin dibinə.

Özünə humanist bir nitq də seçib. Parisin meri olan bu Madam İdalqo 9 ay ərzində “təcrid olunan” 120 min “artsax ermənisi”, 30 min uşağın ac qalmasına, hər şeydən məhrum olunmasına humanitar fəlakət adı qoyub və gəlib ki, öz tumanitar “həmvətən”lərinin yaralarına təbiblik eləsin.

Öz Parisində həftə səkkiz, mən doqquz mitinqdi, gül bülbülə bağırır, bülbül polisə, gəlib ki mən Xankəndidəki erməni soydaşlarımın yaralarını aqunust, serastrum otları ilə sağaldacam.

Sənə Xankəndinə gəlmək üçün vizanı kim verib, ay Madam İdalqo? Yaxşı, indi özündə cəsarət tapmısan, gəlib çıxmısan sərhəddə. Nə olar, eybi yox, səni oradan dala qaytarmaq müşkül iş deyil. Bəs Gəncəyə, Tərtərə raket atılanda, insanlar vəhşicəsinə öldürüləndə harda idin, ay humanitar fəlakət mələyi? Siz avropalılar axı insanlıq üçün yaşayıb yaradırdınız?

Nə oldu, insanlıq ideyalarınız, humanitar yardımlarınızı ancaq erməniyə rezerv etmisiniz?

Əgər belədirsə, mən də sabah Parisdə etiraz edən yüzlərlə fransalıya, daha doğrusu, əzilən, döyülən yüzlərlə fransalıya yardım tırlarını da salım dalımca, gəlim Fransa sərhəddinə. Humanitar fəlakətin buynuzu olur?!

Bu necə humanitar yardımdı ki, biz göndərəndə ermənilər pıx deyir, siz göndərəndə əla?! Biz də şəhərimizin Merini göndərək?

Bu xəmir çox su aparacaq. Və bu xəmirin unu da, suyu da bizlikdir. “Erməniyə dayı de, çörəyinin xətrinə” dövrü keçib. İndi guya çörək qıtlığl yaşayan erməniyə lazımdırsa, çörəyi də biz veririk, dayı da bizik, əmi də.

Get, şəhərinin ununa, əppəyinə qol çırmala. Elə eləmə ki, Dərvişi işə salaq, “Pağis dağıldi” deyib minməyə at axtarasan…

TƏQVİM / ARXİV