adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Canını Vətənin üstünə sərdi...

FAİQ QİSMƏTOĞLU
629 | 2022-10-03 12:02

Şəhid Elçin Tehran oğlu Süleymanov füzulilər tərəfindən anıldı

...44 günlük İkinci Qarabağ savaşında Azərbaycan Ordusu, Azərbaycan əsgəri aslan kimi vuruşdu! 30 il işğal altında qalan torpaqlarımız bu 44 gündə azad edildi və 44 gündə dünya Azərbaycanın bir daha hansı hərbi qüdrətə və gücə malik olduğunu gördü. Onu da gördü ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin və ordunun ətrafında bir yumruq kimi birləşdi. Bu yumruq elə güclü oldu ki, yağı düşmən başını itirdi, ölən oldu, yaralanan yaralandı, bir çoxları da canını qurtarmaq üçün qaçıb aradan çıxdı. Bəli, 44 günlük müharibə ermənilərə böyük dərs oldu. Amma onlar bu gün də bu dərsdən nəticə çıxarmırlar, tez-tez iğtişaşlar yaradır, atəşkəsi pozur və hətta Azərbaycan əsgərinə güllə də atırlar və hər dəfə də onların ağızları ovulur, qan içində qalırlar...

Böyük Qarabağ savaşında üç min şəhid verdik. Üç min şəhidin qanı hesabına biz Hadrutu, Cəbrayılı, Füzulini, Qubadlını, Zəngilanı, Şuşanı, Ağdamı, Kəlbəcəri işğaldan azad elədik. İşğaldan azad olunmuş torpaqlarımızda və yüksəklikdə Azərbaycan bayrağı sancıldı. O bayraq ki, şəhidlər onu bağırlarına basmışdı, öpmüşdü və qanları ilə bələmişdi. Şəhid qanı ilə bələnmiş Azərbaycan bayrağı indi azad olunmuş bütün rayonlarımızda dalğalanır... 

İkinci Qarabağ savaşında Füzulidən də çoxlu şəhidlərimiz, qazilərimiz oldu. Onlar 2020-cil sentyabrın 27-dən başlayan böyük Qarabağ savaşında qəhrəmancasına döyüşdülər və işğal altında olan torpaqlarımızın azad olunmasında kişi kimi öz sözlərini dedilər. Onlar ya şəhid oldular, ya qazi oldular, ya da qalib oldular! Bu qalibiyyətlə, bu şəhidliklə möhtəşəm bir 44 günlük Qələbə tarixi yazdılar və bu Qələbə tarixi bayaq dediyimiz kimi, şəhidlərin qanı ilə tarixə həkk olundu. Döyüşün ilk günlərindən Füzuli rayonunun Böyük Bəhmənli kəndindən olan və müddətdən artıq xidmət edən Elçin Tehran oğlu Süleymanov idarə etdiyi tankla bir neçə kəndin azad olunmasında qəhrəmanlıq göstərdi. Onlar qələbənin ilk sevincini, ilk dadını yaşadılar və bir neçə kəndin azad olunmasında canlarından belə keçdilər. Yəni canlarını Vətənin üstünə sərdilər, erməniləri bir neçə günün içində iti qovan kimi ordan uzaqlaşdırdılar. Elçin Süleymanov və onun silahdaşları Cəbrayıl uğrunda gedən döyüşlərdə əsl tarix yazdılar. Burda da bir neçə kəndin azad olunmasında çox böyük igidlik göstərdilər. Sentyabrın 30-da isə ağır döyüşlərdə Cəbrayılın bir neçə kəndi azad olundu. Və Elçin də idarə etdiyi tankla həmin kəndlərdə ağır döyüşlərdə idi. Yağı düşmənin qarşısını kəsmək üçün canlarını qurban verirdilər bu oğlanlar. Elçin də bu ağır döyüşdə qəhrəmancasına şəhid oldu. Elçin şəhid oldu, amma özü kimi yüzlərlə elçinləri yaşatdı və onlara örnək oldu... 

Elçin Süleymanov heç kimə bənzəməyən, heç kimə oxşamayan bir igid idi. Həm səmimiyyəti, həm də böyük ürəyi ilə seçilirdi. Gənc olmasına baxmayaraq, çox ağayana və yaşından daha müdrik görünürdü. Elə kəndin ağsaqqalları da həmişə deyirdi ki, Tehranın bu oğlu çox mərifətli, qanacaqlı uşaqdı. Elçinin dəfnində bütün Bəhmənli iştirak edirdi. Evlərinin həyətlərindən qəbiristanlığa qədər camaat onu çiynində son mənzilə yola saldı. Hətta xəstə adamlar belə əlini tabuta vururdular ki, bunla təsəlli tapsınlar, şəhidin ruhuna  sığal çəksinlər. 

Sentyabrın 30-da Bəhmənlidə Elçin Tehran oğlu Süleymanovun anım günü keçirildi. Yenə camaat sel kimi onun dəfn olunduğu qəbiristanlığa üz tutdu. İnsan seli kəsilmək bilmirdi. Bunların arasında qocalar da vardı, yaşlılar da, məktəbli şagirdlər də. Onlar əllərində gül dəstəsi Elçinin məzarını ziyarət eləyirdilər. Bir səhnə isə heç vaxt mənim yadımdan çıxmayacaq. Elçinin 5 yaşlı qızı Xalidə əlində gül dəstəsi atasının məzarına yaxınlaşdı və o gül dəstəsini məzarın üstünə qoyub əlləri ilə Elçinin qəbir daşının üstündəki şəklinə sığal çəkdi. Əlləri qəbrin üstündə gəzdikcə sanki balaca Xalidə atası ilə görüşürdü. Və sonra da dizini qəbir daşının üstünə qoyub atasının şəklini öpdü. Sinə daşından öpdü, baş daşından öpdü və axırda yenə bir sığal çəkdi... 

Elçinin adına Allahyar Əliyev adına Böyük Bəhmənli kənd orta məktəbində bir sinif otağı da verilib. O şagirdlər, o müəllimlər hər gün, hər dəqiqə onu anırlar, xatırlayırlar, yada salırlar. Çünki şəhidləri təkcə anım günündə yox, hər gün xatırlamaq lazımdır ki, gənclər də onları tanısın və sevsin. Anım günündə Füzuli rayonundakı Horadiz şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri də Elçinin məzarını ziyarət elədilər. Onun məzarı üstünə gül dəstələri düzdülər. Məktəbin direktoru təcrübəli pedaqoq Lalə Hacıyeva öz nümayəndələrini şəhidin ziyarətinə göndərmişdi, özü isə başqa bir şəhidin məzarını ziyarət eləməyə getmişdi. Məktəbin direktor müavini Sevinc Quliyeva və 9-cu sinfinin sinif rəhbəri Nurlanə Abbasova və ingilis dili müəlliməsi Telli İsmayılzadə  çıxış etdi. Şəhid Elçin Süleymanovun Vətən və millət yolunda göstərdiyi qəhrəmanlıqdan danışdılar. 9-cu sinif şagidləri isə şəhidin məzarı üstünə gül dəstəsi düzdülər və ona həsr olunmuş şeirlər səsləndirdilər. 9-cu sinif şagirdlərindən biri şəhid anası Xalidə Süleymanovaya üz tutaraq Elçinlə bağlı gözəl bir şeir səsləndirdi. Şəhid anasının ürəyi yaralı, gözləri yaşlı olsa da, bu şeiri dinləyəndə gördü ki, onun oğlu heç də sıradan bir adam deyil, xalqın sevimlisidir. Sevinc Quliyeva çıxışında dedi ki, ana, əvvəllər sizin bir oğlunuz var idi, bax, indi görürsünüz, bu şagirdlərin hamısı elçinlərdi, onlar Elçinin yolunu davam elətdirir və bizim məktəbimizdə də dərs otaqlarının birinə Elçin Süleymanovun adı verilib. Düşünürəm ki, Elçin Süleymanovlar minlərlədir! Şəhid olanları o minlərlə elçinlər yaşadır və yaşadacaq! Mən dünyada şəhiddən böyük şərəfli ad tanımıram. Çünki onlar günəşə bənzəyir, özləri olmasa da işıqları, nurları bu xalqın, bu Vətənin, bu millətin üstünə düşəcək və siz xoşbəxtsiniz ki, Elçin Süleymanov kimi bir şəhidin anasısınız. 

Anım mərasimində Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayonu üzrə şöbə müdiri Ehtiram Nəzərov,  Füzuli rayonu İcra Hakimiyyətinin Böyük Bəhmənli kəndi üzrə icra nümayəndəsi Asəf Hüseynov da iştirak edirdi. Onlar şəhid Elçin Süleymanovun məzarını ziyarət edərək gül dəstəsi qoydular, onun ruhuna dualar etdilər.

Şəhidlər öz canlarını bu Vətənin, bu torpağın üstünə sərdilər. Üstünə sərdilər ki, mərmilər, toplar, raketlər torpağa yox, onlara dəysin. Qanları ilə yeni bir tarix yazdılar, qızıl anlara şahidlik elədilər və möhtəşəm bir qələbəni bizə yaşatdılar. Həm də şəhidlər bizim çiynimizdən ağır bir yükü götürdülər. O yükü ki, 30 il idi çiynimizdə idi, çəkə bilmirdik. O yük tarixə qovuşdu və şəhidlər bir günəş kimi dünyamıza, Azərbaycanımıza işıq saçdılar. O günəşdən biri də Elçin Tehran oğlu Süleymanovdu. Yeri cənnət olsun!  


 

TƏQVİM / ARXİV