adalet.az header logo
  • Bakı -°C

Məşhur şəxslərin bu hərəkəti digər insanlar üçün pis örnəkdir – Ekspert 

155 | 2026-04-14 11:06
A- A+

Bu ilin ilk 3 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 33,6 faizi, yaralananların isə 29,1 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub. Bu barədə Baş DYP İdarəsinin yaydığı məlumatda bildirilib.

Mövzuyla bağlı Adalet.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, təcrübəli sürücülər təhlükəsizlik kəmərinin əhəmiyyətini çox yaxşı bilirlər. 

Onun sözlərinə görə, belə sürücülər avtomobilə əyləşən kimi təhlükəsizlik kəmərini bağlayırlar və bunu sərnişinə də təklif edilər:
“Əslində sərnişinlərin də təhlükəsizlik kəmərini bağlaması birbaşa olaraq sürücünün vəzifələrindən biridir. Yəni sürücü mütləq qaydada avtomobilə əyləşən bütün sərnişinlərə təhlükəsizlik kəmərinin bağlanması ilə bağlı məlumat verməlidir. Onun bağlanmasının vacibliyini deməlidir”. 

Ekspert bildirib ki, təhlükəsizlik kəmərinin bağlanmamasına görə sürücüyə inzibati qaydada  cərimənin yazılması məlumdur:

“Amma ilk öncə bu bizim öz təhlükəsizliyimiz üçün çox vacibdir. Statistik rəqəmlərə baxanda biz görürük ki, baş verən qəzaların bir çoxunda əgər sürücü təhlükəsizlik kəmərini taxmayıbsa, onun nəticəsi çox ağır olur. Ya ağır xəsarət alır, ya da ölümlə nəticələnir. Ölümlə nəticələnən belə hadisələr də çox olub”. 

E.Cəfərovun sözlərinə görə, onu da qeyd etmək lazımdır ki, əvvəlki illərə nisbətən son illər ərzində Azərbaycanda avtomobil sürən insanların böyük əksəriyyəti təhlükəsizlik kəmərinə üstünlük verir:

“Bu maariflənmənin nəticəsi ola bilər, həmçinin də cərimələr də burda tənbeh kimi öz rolunu oynayır. Amma təhlükəsizlik kəməri taxan sürücülərimizin sayı çoxdur. Xüsusən də Bakı şəhərində təhlükəsizlik kəməri daha çox taxılır. Digər şəhərlər və bölgələrdə təhlükəsizlik kəmərinin əhəmiyyətinə o qədər də fikir verməyən sürücülər ola bilər. Bunun da göstəricisi statistik göstəricilərdə əks olunub”. 

Əkspert təəssüflə qeyd edib ki, bəzi sosial şəbəkə fenomenləri, geniş auditoriyası olan şou-biznes simaları, müğənnilər zaman-zaman avtomobil idarə edərək çəkilişlər edirlər:

“Bu çəkilişlərdə də görünür ki, onlar təhlükəsizlilk kəməri taxmayıblar. Bu isə digər insanlar üçün çox pis örnəkdir. Yəni bu məşhur insanlar öz məsuliyyətlərini dərk etməlidirlər. Məlumdur ki, bu məşhur şəxslər qayda pozduqlarına görə Dövlət Yol Polisinə dəvət olunub və onlarla da maarifləndirici söhbətlər aparılıb”. 

Vasif ƏLİHÜSEYN

TƏQVİM / ARXİV