adalet.az header logo
  • Bakı -°C

ƏBÜLFƏT MƏDƏTOĞLU YARADICILIĞINDA QARABAĞ HƏSRƏTİ...

76 | 2026-06-29 14:00
A- A+

Qarabağ... Azərbaycanın qəlbi, ruhu, mənəviyyatı və yaddaşı. Uca dağları göylərə baş çəkən, sıldırım qayaları əfsanələr danışan, sərin bulaqları nəğmələr pıçıldayan, yaşıl meşələri əsrlərin sirrini qoruyan bu müqəddəs diyar əsrlər boyu sənətkarların ilham mənbəyi olmuşdur. Qarabağın hər qarışı tarixdir, hər çiçəyi xatirədir, hər daşı vətən sevgisinin rəmzidir. Bu füsunkar yurdun qədim yaşayış məskənlərindən biri olan Xocavənd rayonunun Tuğ kəndi də Azərbaycan mədəniyyətinə və ədəbiyyatına dəyərli simalar bəxş etmişdir. Həmin simalardan biri də Əməkdar jurnalist, tanınmış şair və publisist Əbülfət Mədətoğludur.

Əbülfət Mədətoğlunun "Dan üzünün pıçıltısı" şeiri sevginin insan ruhunda yaratdığı mənəvi yüksəlişi və təbiətlə insan hisslərinin vəhdətini poetik dillə ifadə edən lirik nümunələrdəndir. Şair dan yerinin açılması, göy üzü, Günəş və Ay kimi təbiət obrazlarından istifadə edərək sevginin sirli, cazibədar və fəlsəfi mahiyyətini oxucuya çatdırır. Şeirdə sevgi təkcə duyğu kimi deyil, insanı dəyişdirən, onu mənən ucaldan qüdrətli bir qüvvə kimi təqdim olunur.

"Qanadlanan ruhumun

İzi hopur səmaya...

Gözündən atəş damır,

Həm Günəşə, həm Aya!.."

Şeirin bu bəndində lirik qəhrəmanın sevgi qarşısında yaşadığı mənəvi yüksəliş təsvir edilir. "Qanadlanan ruhumun izi hopur səmaya" misrası metaforik məna daşıyır və sevginin insan ruhunu yüksəldərək onu sonsuzluğa, ilahi bir aləmə qovuşdurduğunu ifadə edir. "Gözündən atəş damır" misrasında isə atəş obrazı ehtirası, hərarəti və güclü hissləri simvolizə edir. Günəş və Ay obrazlarının birlikdə işlənməsi sevilənin baxışlarının bütün kainatı əhatə edən qüdrətini göstərir. Bu bənddə şair sevginin insanın ruhuna qanad verən, onu mənəvi cəhətdən zənginləşdirən və bütün varlığını öz təsiri altına alan sehrli gücünü yüksək poetik ifadələrlə təqdim etmişdir.

Mədətoğlu (Əliyev Əbülfət Mədət oğlu) 1 yanvar 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Qarabağın saf təbiəti, dağların əzəməti, bulaqların zümzüməsi və kənd həyatının mənəvi zənginliyi içərisində keçmişdir. Sonralar doğma yurddan ayrılıq, Qarabağ dərdi və yurd həsrəti onun taleyində olduğu kimi, yaradıcılığında da dərin izlər buraxmışdır. Buna görə də onun şeirlərində Qarabağ nisgili, vətən sevgisi, sevgi duyğuları və insanın mənəvi iztirabları başlıca mövzu kimi çıxış edir.

Əbülfət Mədətoğlunun yaradıcılığı səmimiyyət, sadəlik və yüksək mənəvi dəyərlər üzərində qurulmuşdur. O, yaşadıqlarını yazan, duyduqlarını sözə çevirən şairdir. Onun misralarında süni pafosdan əsər-əlamət yoxdur. Şair insan qəlbinin ən kövrək məqamlarını poetik dillə ifadə etməyi bacarır:

"Bu səhər yenə də mənsiz açıldı,

Sən öz tellərini say ki, gün keçsin..."

Bu misralar ayrılığın, tənhalığın və bitməyən həsrətin poetik ifadəsidir. Şair zamanın keçməsini saç tellərini saymaq qədər uzun və çətin bir proses kimi təqdim edir. Burada sadə bir bənzətmə insan ruhunun dərin ağrılarını ifadə edən güclü poetik obraza çevrilmişdir.

Əbülfət Mədətoğlunun şeirlərində sevgi bəzən ilahi bir məna daşıyır:

"Mən duaçı, sən isə

Duaların ünvanı..."

Bu misralarda sevilən insan müqəddəs bir varlıq səviyyəsinə yüksəldilir. Sevgi adi hiss olmaqdan çıxaraq mənəvi kamilləşmə və daxili saflaşma vasitəsinə çevrilir. Şairin sevgi lirikasının əsas üstünlüyü də məhz hisslərin səmimiliyi və mənəvi dərinliyidir.

Şairin poeziyasında təbiət obrazları da xüsusi yer tutur:

"Bir yarpaq qopub düşdü

Dodaqdan söz qopan tək..."

Burada yarpağın qopması ayrılığı, itgini və zamanın keçiciliyini simvolizə edir. Şair təbiət hadisələrini insanın daxili aləmi ilə vəhdətdə təqdim edir. Təbiət onun yaradıcılığında sadəcə fon deyil, hisslərin və duyğuların poetik ifadə vasitəsidir.

Əbülfət Mədətoğlunun yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutur. Onun şeirlərində Qarabağ təkcə coğrafi məkan deyil, uşaqlığın, xatirələrin, mənəvi köklərin və insanın özünüdərk hissinin rəmzidir. O, doğma yurdun ağrısını şəxsi ağrı kimi yaşayır və misralarında həmin ağrını böyük sənətkarlıqla ifadə edir. Təsadüfi deyildir ki, Xalq şairi Bəxtiyar Vahabzadə onun yaradıcılığını yüksək qiymətləndirərək yazırdı ki, Əbülfət Mədətoğlunun misralarından "Qarabağ fəryadı hıçqırır".

Şairin "Ürəyim" şeirində üçüncu bənddin son misralarından ürəyin artıq sadəcə hiss edən bir varlıq olmadığını, sevdiyinin baxışları və nazı ilə yenidən biçimlənən, yenidən yaranan bir mənəvi aləmə çevrildiyini göstərir. Xüsusilə son iki misra bu duyğunun poetik kulminasiyası təsirini yaradır:

"Gecə-gündüz baxışınla, ədanla,

Şumlanıbdır, əkilibdir ürəyim..."

Burada "şumlanmaq" və "əkilmək" sözləri kənd həyatından götürülmüş bədii təşbehlərdir. Necə ki, torpaq məhsul vermək üçün əvvəlcə şumlanır, sonra ona toxum səpilir, eləcə də lirik qəhrəmanın ürəyi sevgilinin baxışları və davranışları ilə alt-üst edilmiş, duyğularla yenidən becərilmişdir. Bu misralar sevginin insanın daxili dünyasını dəyişdirən, onu yenidən yaradan qüvvə olduğunu göstərir. Şair ürəyi münbit torpağa bənzədərək sevginin həm yaralayan, həm də yeni ümidlər cücərdən ilahi bir güc olduğunu yüksək poetik ifadə ilə canlandırmışdır.

Əbülfət Mədətoğlu yalnız şair deyil, həm də peşəkar jurnalist və publisistdir. O, uzun illər Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərmiş, "Ədalət" qəzetinin baş redaktor müavini kimi milli mətbuatın inkişafına mühüm töhfələr vermişdir. Onun jurnalistikası da poeziyası kimi vətəndaş mövqeyi, milli dəyərlərə bağlılığı və sözə məsuliyyət hissi ilə seçilir. "Əməkdar jurnalist", "Qızıl qələm", "Məmməd Araz", "Qızıl Kəlmə" və digər nüfuzlu mükafatlara layiq görülməsi onun çoxillik fəaliyyətinə verilən yüksək qiymətdir.

Əbülfət Mədətoğlunun nəşr olunmuş kitabları da onun zəngin yaradıcılıq dünyasını əks etdirir. Onun "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", Döymək istədiyim qapılar", "Sevgi pıçıltıları", "Ürəyim sənlə danışır", "Sözə ünvanlanmış on beş məktub" və digər kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır. Bu kitabların hər birində insanın mənəvi dünyası, yurd sevgisi, sevgi duyğuları və həyatın fəlsəfəsi öz poetik ifadəsini tapmışdır.

Əbülfət Mədətoğlunun yaradıcılığı bütövlükdə Qarabağın poetik salnaməsi, insan qəlbinin duyğu xəritəsi və milli-mənəvi dəyərlərin bədii təcəssümüdür. Onun misralarında vətən sevgisi, yurd nisgili, sevginin saflığı və insanın mənəvi əzabı bir-birinə qovuşur. O, sözün qüdrətinə inanaraq doğulduğu torpağın ağrısını, insan ruhunun kövrəkliyini və milli yaddaşımızın dəyərini poeziya vasitəsilə gələcək nəsillərə çatdırmışdır. Buna görə də Əbülfət Mədətoğlu müasir Azərbaycan ədəbiyyatında Qarabağın yaddaşını, insanın mənəvi aləmini və vətən sevgisini yüksək sənətkarlıqla yaşadan dəyərli qələm sahiblərindən biri kimi daim hörmət və ehtiramla xatırlanacaqdır.

Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram!

 Sevil Azadqızı

Azərbaycan dili və ədəbiyyatı müəllimi.

Filoloq. AYB, AJB, TYB-nin üzvü.

Ədəbi təhlil-tənqidçi. Yazar-publisist

29.06.2026

TƏQVİM / ARXİV